Qarabağda dalğalanan üçrəngli bayraq suverenliyimizin təntənəsi ŞƏRH

06.11.2026

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Dövlət bayrağı xalqın tarixini, milli kimliyini və müstəqillik iradəsini özündə yaşadan ən mühüm rəmzlərdən biridir. Azərbaycan xalqı üçün üçrəngli bayrağımızın mənəvi dəyəri onun hər dalğalanışında azadlıq arzularımızın, dövlətçilik ənənələrimizin və milli qürurumuzun təcəssüm olunması ilə ölçülür. Xüsusilə uzun illər işğal altında qalmış torpaqlarımızda Dövlət Bayrağımızın yenidən ucaldılması bu rəmzin tariximizdəki yerini daha da möhkəmləndirdi. Qarabağda dalğalanan üçrəngli bayraq xalqımızın mübarizəsinin, əzminin və suveren dövlətçilik iradəsinin ifadəsinə çevrildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpası xalqımızın qarşısında dayanan ən mühüm milli vəzifələrdən biri idi. Uzun illər ərzində işğal altında qalan torpaqlarımızda dövlət bayrağımızın dalğalanması hər bir azərbaycanlının arzusuna, ümummilli məqsədinə çevrilmişdi. Bu məqsədə çatmaq üçün ölkəmiz siyasi, iqtisadi və hərbi potensialını gücləndirir, beynəlxalq müstəvidə milli maraqlarını müdafiə edir, ordunun döyüş qabiliyyətini artırırdı. 2020-ci ildə başlanan Vətən müharibəsi həmin uzunmüddətli hazırlığın və milli iradənin tarixi nəticəsi oldu.
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi Qələbə ilə ərazilərimizin böyük hissəsi işğaldan azad edildi. Şuşanın azad olunması müharibənin taleyini müəyyənləşdirən həlledici hadisələrdən biri oldu. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi. Beləliklə, uzun illər davam edən işğalın aradan qaldırılması istiqamətində tarixi mərhələ başlandı. Azad edilən şəhər və kəndlərimizdə üçrəngli bayrağımızın ucaldılması isə Qələbənin ən təsirli mənəvi mənzərələrindən birinə çevrildi.
Lakin Azərbaycanın qarşısında hələ də mühüm vəzifə – bütün ərazilərində dövlət suverenliyinin tam təmin edilməsi dayanırdı. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində konstitusiya quruluşu və dövlət suverenliyi bərpa edildi. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və suveren hüquqlarını tam təmin etdi.
2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması bu tarixi prosesin rəmzi hadisələrindən biri oldu. Həmin gün üçrəngli bayrağımız Xankəndinin mərkəzi meydanında dalğalandı. Eyni zamanda, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində də dövlət bayrağımız ucaldıldı. Uzun illər xalqımızın həsrətlə gözlədiyi bu mənzərə milli yaddaşımıza həkk olundu. Bayrağın Xankəndidə ucaldılması təkcə əlamətdar mərasim deyil, Azərbaycanın suverenliyinin bütün ərazisində bərqərar olmasının aydın ifadəsi idi.
Bu hadisənin mənəvi əhəmiyyəti onun tarixi konteksti ilə daha da dərinləşir. Vaxtilə işğal altında olan torpaqlarımızda Azərbaycan bayrağının dalğalanması uğrunda minlərlə Vətən övladı canından keçib, minlərlə hərbçimiz sağlamlığını itirib. Şəhidlərimizin fədakarlığı, qazilərimizin qəhrəmanlığı və əsgər-zabitlərimizin şücaəti bu gün azad edilmiş torpaqlarımızda ucalan hər bir bayrağın arxasında dayanan böyük tarixi həqiqətdir. Ona görə də həmin ərazilərdə dalğalanan üçrəngli bayraq yalnız dövlət rəmzi deyil, həm də Vətən uğrunda canından keçənlərin xatirəsinə ehtiramın, xalqımızın mübarizə əzminin və milli birliyinin təcəssümüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Meydanının açılışında səsləndirdiyi “Bizim bayrağımız qürur mənbəyimizdir” fikri üçrəngli bayrağımızın xalqımız üçün daşıdığı mənəvi dəyəri ifadə edir. Həmin çıxışında Prezident bayrağımızın işğal altında olan ərazilərdə dalğalanacağı günün yaxınlaşdırılmasının vacibliyini vurğulamışdı. Bu gün həmin tarixi məqsəd reallaşıb. Dövlət Bayrağımız Qarabağın şəhər və kəndlərində, Azərbaycanın bütün suveren ərazisində dalğalanır.
Qarabağda bayrağımızın ucalması ilə tarixi vəzifə başa çatmayıb. Əksinə, yeni mərhələnin – azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və doğma sakinlərin qayıdışının təmin edilməsi mərhələsinin əsası qoyulub. Bu gün Qarabağ və Şərqi Zəngəzurda yollar, körpülər, tunellər, enerji və kommunikasiya xətləri inşa edilir, yaşayış məntəqələri yenidən qurulur, məktəblər, səhiyyə müəssisələri və digər sosial obyektlər istifadəyə verilir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı təmin olunur.
Bu prosesin əsas məqsədi yalnız dağıdılmış şəhər və kəndləri bərpa etmək deyil, həmin ərazilərdə insanların təhlükəsiz, rahat və firavan yaşayışını təmin etməkdir. Azad edilmiş torpaqlarımızda iqtisadi fəaliyyətin genişləndirilməsi, yeni iş yerlərinin yaradılması, təhsil və səhiyyə imkanlarının inkişaf etdirilməsi Qarabağın ölkəmizin sosial-iqtisadi həyatına daha fəal inteqrasiyasına xidmət edir. Bir vaxtlar işğalın ağır nəticələri ilə üzləşmiş bu torpaqlarda indi quruculuq, inkişaf və həyatın yenidən canlanması prosesi gedir.
Qarabağda dalğalanan üçrəngli bayraq həm də gələcək nəsillərə ünvanlanan mühüm mesajdır. O, müstəqilliyin və suverenliyin böyük məsuliyyət tələb etdiyini, dövlətçilik ənənələrinin qorunmasının hər bir vətəndaşın borcu olduğunu xatırladır. Gənc nəsil bayrağımızın tarixini, onun hansı mübarizənin və fədakarlığın nəticəsində bu gün bütün ölkə ərazisində dalğalandığını bilməli, bu rəmzin mənəvi dəyərini dərindən dərk etməlidir.
Bu gün Azərbaycan bayrağı yalnız azad edilmiş torpaqlarımızda deyil, beynəlxalq aləmdə də müstəqil dövlətimizin nüfuzunu və suverenliyini təmsil edir. Onun Qarabağda ucalması xalqımızın tarixi yaddaşında yeni səhifə açdı. Bu səhifə şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi ilə yazıldı.
Qarabağda dalğalanan üçrəngli bayrağımız Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin rəmzi olmaqla yanaşı, xalqımızın azadlıq iradəsinin, milli qürurunun və gələcəyə inamının ifadəsidir. Bu bayraq altında qurulan yeni həyat, bərpa olunan şəhər və kəndlər, doğma yurdlarına qayıdan insanlar Zəfərin davamlı nəticələrini nümayiş etdirir. Üçrəngli bayrağımızın ucalığı isə müstəqil Azərbaycanın dövlətçilik əzminin və milli birliyinin ucalığıdır.

Arif Bağırov,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
“Neftechala Operating Company LTD” şirkətinin təhlükəsizlik məsələləri üzrə menecer müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью