Qarabağda idman bayramı

21.11.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli futbol da Xankəndiyə qayıtdı

Xankəndi neçə gün idi ki, bu tarixi idman bayramına hazırlaşırdı. Cavanlı-qocalı, ki­şili-qadınlı hamı oyunun keçirilmə vaxtı ilə, biletləri necə əldə etməklə maraqlanırdılar. Söhbətlər haradan başlayır-başlasın, mövzu axırda futbola gəlirdi. Azarkeş olmayanlar belə sevinclə, qürurla bütün dünyada milyon­ların ürəklərini fəth etmiş bu “sehrli” oyunun Xankəndiyə qayıdış anını səbirsizliklə gözləyir­dilər. Noyabrın 19-da saatlar 16:00-a yaxınlaş­dıqca isə, sanki, şəhərin bütün yolları bir ün­vana – Xankəndi şəhər stadionuna uzanırdı...

Topa vurulan xeyir-dua zərbəsi 

Axın-axın gələn azarkeşlər arasında gənclər, əsasən də Qarabağ Universitetinin tələbələri çoxluq təşkil edirdi. Şəhərin küçələri boyu sevimli komandalarının şəninə şüarlar səsləndirərək stadiona daxil olan çıl­ğın yeniyetmələri, uşaqları isə həyəcansız seyr etmək mümkün deyildi. Tarixi an yetişdi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 7 noyabr 2026-cı il tarixdə əsaslı yenidənqurmadan sonra açılışını etdiyi Xankəndi stadionunda ilk dəfə ev oyununu keçirən ey­niadlı komandanın yenicə ərsəyə gəlmiş himni təqdim olundu: 

Meydan coşar qol vuranda, 

“Dəmir yumruq” dayağındır. 

Zirvələri fəth eyləyən 

şanlı bayraq çırağındır! 

Ardınca azarkeşlərin, qonaqların, jurnalistlərin ha­mısı bir nəfər kimi ayağa qalxaraq meydançada üzü üçrəngli bayrağımızın dalğalandığı ekrana doğru da­yanmış futbolçularla birlikdə Dövlət Himnimizi oxudu­lar. Yəqin bu möhtəşəm anda qürurdan gözləri yaşaran təkcə biz deyildik... 

Gözlərimiz bir də topa ilk simvolik zərbə vurulan­da yaşardı. Çünki azad Xankəndidə bu zərbəni məhz Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidimiz Fikrət Məmmə­dovun bizlərə əmanəti olan balaca İbrahim endirmişdi. Ona belə bir fürsət yaradıldığı üçün təşəkkür edən, fut­bolu sevdiyini, bundan sonra bu stadionda keçiriləcək bütün oyunlara baxmağa gələcəyini deyən İbrahimin topa vurduğu zərbə Qarabağa həm də böyük idmanın qayıdışının simvolu idi. 

“Xankəndi” tarix qazandı! 

Bir az da oyun haqqında. Azərbaycan I Liqasının 8-ci turu çərçivəsində “Xankəndi” futbol klubu öz mey­dançasında ilk dəfə olaraq Yevlaxın “Karvan” koman­dasını qəbul edirdi. Sözsüz, bu tarixi qarşılaşma həm futbolçular, həm də azarkeşlər üçün unudulmaz anlarla yadda qalacaq. Qonaqlar üçün ayrılmış tribunada əyləş­miş gənclər və idman naziri Fərid Qayıbov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi Nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Telman Kərimli, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, eləcə də digər rəsmi şəxslər də oyunu maraqla izləyirdilər.

Gərgin idman mübarizəsi şəraitində keçən qarşı­laşmanın ikinci hissəsində yevlaxlılar daha üstün oyun göstərdilər və final fiti səslənəndə tabloda “Karvan”ın 2:0 hesablı qələbəsi əks olundu. Doğma şəhərimizin komadasının məğlubiyyətinə üzülsək də, “Xankəndi” qarabağlılara məxsus qonaqpərvərlik nümayiş etdirdi” zarafatı ilə özümüzü ovundurduq. Bir də stadionda bu tarixi anlara şahidlik edənlər yaxşı bilirdilər ki, nəticə əslində belədir: “Xankəndi” uduzdu, Xankəndi qazan­dı! 

Mahir RƏSULOĞLU, 

XQ-nin Qarabağ müxbiri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью