“QARABAĞDA TƏKCƏ EVLƏR TİKİLMİR, HƏM DƏ...” Bu modeİ Azərbaycanda da tətbiq oluna bilər

03.11.2026

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

31 oktyabr – Ümumdünya Şəhərlər Günü münasibətilə və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən miqyaslı bərpa-quruculuq işləri fonunda müasir şəhərsalma, ekoloji tarazlıq və "yaşıl enerji" konsepsiyaları aktuallığını qoruyur. Bu mövzuda Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov geniş müsahibə verib. 

Müsahibəni təqdim edirik:

- Sadiq müəllim, müasir şəhərsalma zamanı ekoloji tarazlığın qorunması üçün hansı prinsiplər əsas götürülməlidir?

- Müasir şəhərsalma siyasətinin əsas məqsədi insan, təbiət və iqtisadi inkişaf arasında harmoniyanın yaradılması olmalıdır. Çünki şəhər insanların yaşadığı, işlədiyi və sosial münasibətlər qurduğu məkan olmaqla yanaşı, həm də mürəkkəb ekoloji sistemdir. Bu sistemin dayanıqlılığı təbii ehtiyatlardan istifadənin səmərəliliyindən, ekoloji tarazlığın qorunmasından və şəhər mühitinin düzgün planlaşdırılmasından birbaşa asılıdır. Mən hesab edirəm ki, müasir şəhərsalmanın təməlində ilk növbədə ekosistem yanaşması dayanmalıdır. Mövcud təbii landşaft, torpaq örtüyü, su ehtiyatları və biomüxtəliflik qorunmalı, yaşıllıq əraziləri şəhər infrastrukturunun ayrılmaz hissəsi kimi planlaşdırılmalıdır. Digər mühüm prinsip enerji və resurs səmərəliliyidir. Binaların layihələndirilməsində enerjiyə qənaət edən texnologiyaların, bərpaolunan enerji mənbələrinin, müasir su təchizatı və tullantıların idarə olunması sistemlərinin tətbiqi xüsusi əhəmiyyət daşıyır. İctimai nəqliyyatın inkişafı, piyada və velosiped yollarının genişləndirilməsi də şəhərlərin ekoloji yükünü azaldan əsas amillərdəndir. Şəhərsalmanın sosial tərəfi də xüsusi diqqət tələb edir. İnsanların təmiz havaya, keyfiyyətli içməli suya, yaşıllıq sahələrinə, təhsil və səhiyyə xidmətlərinə əlçatanlığı əsas göstəricilərdəndir. Qənaətimə görə, şəhərlərin inkişaf səviyyəsini təkcə müasir binalar, geniş yollar və investisiya həcmi ilə deyil, həm də insan sağlamlığının, təbiətin və gələcək nəsillərin maraqlarının eyni dərəcədə qorunduğu mühitin yaradılması ilə ölçmək lazımdır.

- Böyük şəhərlərdə yaşıllıq sahələrinin azalması və hava çirklənməsi ciddi problemlərdir. Azərbaycanda bu istiqamətdə hansı addımların atılmasına ehtiyac var?

- Azərbaycanda şəhər ekologiyasının yaxşılaşdırılması məsələsinə kompleks yanaşmaq lazımdır. Xüsusilə Bakı və Abşeron yarımadasında urbanizasiya proseslərinin sürətlənməsi, nəqliyyat vasitələrinin sayının artması, tikinti sıxlığı və sənaye fəaliyyətinin yaratdığı ekoloji yük bu istiqamətdə daha ardıcıl tədbirləri zəruri edir. İlk növbədə, şəhərlərdə yaşıllıq sahələrinin qorunması və genişləndirilməsi prioritet olmalıdır. Yeni parkların salınması ilə məhdudlaşmaq kifayət deyil, həmçinin mövcud ağac fondunun qorunması, yaşıl dəhlizlərin yaradılması və yaşayış məhəllələrinin yaşıllıq infrastrukturu ilə təmin edilməsi istiqamətində sistemli iş aparılmalıdır. İqlim şəraitimizə uyğun, suya qənaət edən bitki növlərinə üstünlük verilməlidir. İkinci mühüm istiqamət atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılmasıdır. Bunun üçün ictimai nəqliyyatın elektrikləşdirilməsi, avtomobil emissiyalarına nəzarətin gücləndirilməsi, nəqliyyat axınlarının optimallaşdırılması və sənaye müəssisələrində müasir ekoloji standartların tətbiqi vacibdir. Şəhərin müxtəlif ərazilərində hava keyfiyyətini real vaxt rejimində ölçən monitorinq sistemlərinin genişləndirilməsi də bu gün böyük aktuallıq kəsb edir. Təhlükəsiz tullantıların idarə olunması və dairəvi iqtisadiyyat prinsiplərinə keçid günümüzün tələblərinə uyğun sürətləndirilməlidir. Dünya təcrübəsində olduğu kimi, tullantıların mənbədə çeşidlənməsi, təkrar emal müəssisələrinin inkişafı, üzvi tullantılardan kompost və bioenerji istehsalı həm ekoloji, həm də iqtisadi baxımdan səmərəli nəticələr verə bilər. Unutmayaq ki, ekoloji mədəniyyətin formalaşdırılması, təbiətə məsuliyyətli münasibətin gündəlik həyat normasına çevrilməsi dayanıqlı şəhər mühitinin əsas şərtlərindəndir.

- Qarabağ və Şərqi Zəngəzurda yenidən qurulan şəhər və kəndlərdə “ağıllı şəhər” və “ağıllı kənd” yanaşmaları tətbiq olunur. Bu ərazilərdə müasir texnologiyaların və ekoloji standartların tətbiqi gələcək şəhərsalma üçün hansı nümunəni yarada bilər?

- Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işlərini Azərbaycanın şəhərsalma tarixində yeni mərhələ hesab edirəm. Burada müasir texnologiyalara, rəqəmsal idarəetməyə, enerji səmərəliliyinə və ekoloji təhlükəsizliyə əsaslanan yeni yaşayış modelinin təməli qoyulur.

“Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının əsas üstünlüyü müxtəlif infrastruktur sistemlərinin vahid idarəetmə mexanizmində birləşdirilməsidir. Elektron xidmətlər, ağıllı enerji şəbəkələri, rəqəmsal su idarəetməsi, müasir nəqliyyat sistemləri və tullantıların avtomatlaşdırılmış idarə olunması insanların gündəlik həyatını asanlaşdırmaqla yanaşı, resurslardan istifadənin səmərəliliyini də artırır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurun Yaşıl Enerji Zonası kimi inkişaf etdirilməsi strateji əhəmiyyət daşıyır. Günəş, su və külək enerjisi potensialının iqtisadi dövriyyəyə cəlb olunması, enerji səmərəli binaların inşası və müasir elektrik şəbəkələrinin yaradılması regionun gələcək inkişafına mühüm töhfə verəcək. Burada Laçın şəhərinin Baş Planında tətbiq olunan “15 dəqiqəlik şəhər prinsipi”ni də xüsusi qeyd etmək istərdim. Bu model gündəlik sosial və ictimai xidmətlərin yaşayış məhəllələrinə yaxın yerləşdirilməsini, piyada mobilliyinin və rahat şəhər mühitinin inkişafını nəzərdə tutur. Bu təcrübə gələcəkdə Azərbaycanın digər şəhərlərində də tətbiq oluna biləcək yeni şəhərsalma standartlarının formalaşmasına xidmət edəcək.

- İşğaldan azad edilmiş ərazilərdə torpaqların ekoloji vəziyyətinin bərpası, meşələrin və su ehtiyatlarının qorunması xüsusi əhəmiyyət daşıyır. Bu prosesdə hansı ekoloji prioritetlər ön plana çəkilməlidir?

- İşğaldan azad edilmiş ərazilərdə ekoloji bərpa məsələsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir. İlk növbədə, torpaqların ekoloji vəziyyətinin hərtərəfli qiymətləndirilməsi və sağlamlaşdırılması vacibdir. Torpaqların münbitlik səviyyəsi, kimyəvi tərkibi, eroziya prosesləri və çirklənmə dərəcəsi elmi tədqiqatlar əsasında müəyyənləşdirilməlidir. Mina və partlamamış hərbi sursat təhlükəsinin aradan qaldırılması da torpaqların təhlükəsiz istifadəyə qaytarılmasının əsas şərtidir.

Digər prioritet meşə ekosistemlərinin bərpasıdır. Meşələr atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması, su balansının tənzimlənməsi, torpaqların eroziyadan qorunması və biomüxtəlifliyin saxlanılması baxımından əvəzsiz təbii sərvətdir. Buna görə də meşəbərpa işlərində yerli bitki növlərinə və ekoloji davamlılığa üstünlük verilməlidir. Su ehtiyatlarının mühafizəsi də xüsusi diqqət tələb edir. Çayların, göllərin, bulaqların və yeraltı suların keyfiyyətinə müntəzəm nəzarət edilməli, müasir su təmizləmə və təkrar istifadə texnologiyaları tətbiq olunmalıdır. Suvarma sistemlərinin yenilənməsi və su itkilərinin azaldılması kənd təsərrüfatının gələcək inkişafı üçün də mühüm əhəmiyyət daşıyır. Bütün bu tədbirlər peyk müşahidələri, coğrafi informasiya sistemləri və rəqəmsal ekoloji xəritələşdirmə kimi müasir elmi monitorinq sistemləri ilə müşayiət olunmalıdır.

- Sadiq müəllim, Böyük Qayıdış çərçivəsində Qarabağda məskunlaşma genişləndikcə torpaqlardan istifadə, kənd təsərrüfatının inkişafı və yaşayış məntəqələrinin böyüməsi arasında tarazlığın qorunması necə təmin olunmalıdır?

- Böyük Qayıdış Azərbaycanın müasir tarixində xüsusi yer tutan fundamental dövlət proqramıdır. Məskunlaşmanın genişlənməsi ilə torpaq ehtiyatlarından istifadə, kənd təsərrüfatının inkişafı və yaşayış məntəqələrinin böyüməsi arasında düzgün tarazlığın yaradılması strateji əhəmiyyət daşıyır. Bunun üçün ilk növbədə ərazilərin elmi əsaslandırılmış funksional zonalaşdırılması aparılmalıdır. Yaşayış, kənd təsərrüfatı, sənaye, meşə və xüsusi mühafizə olunan təbiət ərazilərinin sərhədləri dəqiq müəyyənləşdirilməlidir. Qarabağın kənd təsərrüfatı potensialı regionun iqtisadi dirçəlişində mühüm rol oynayır. Burada müasir aqrotexnologiyaların, dəqiq əkinçilik sistemlərinin, damcı suvarmanın və rəqəmsal torpaq monitorinqinin tətbiqi məhsuldarlığı artırmaqla yanaşı, təbii ehtiyatlardan istifadənin səmərəliliyini yüksəldəcək. Digər tərəfdən, yaşayış məntəqələrinin genişləndirilməsi zamanı kənd təsərrüfatı üçün yararlı torpaqların qorunması xüsusi diqqətdə saxlanılmalıdır. Böyük Qayıdışın uğuru insanların doğma yurdlarına qayıtması ilə yanaşı, həmin ərazilərdə dayanıqlı məşğulluğun yaradılması, müasir aqrar iqtisadiyyatın formalaşdırılması və sağlam ekoloji mühitin təmin edilməsi ilə ölçülməlidir.

- Qarabağda salınan yeni şəhərlərin gələcək nəsillər üçün sağlam və təhlükəsiz yaşayış məkanına çevrilməsi baxımından hansı meyarlar vacibdir? Azərbaycanın bu təcrübəsi beynəlxalq səviyyədə hansı mesajı verə bilər?

- Qarabağda salınan yeni şəhərlərin gələcəyini müəyyən edən əsas amil onların uzunmüddətli inkişaf potensialı və insanlara yaradacağı imkanlardır. Bu şəhərlərin planlaşdırılmasında memarlıq həlləri ilə yanaşı, yerli həyat tərzi, milli-mədəni dəyərlər və insanların sosial ehtiyacları da nəzərə alınmalıdır. Şəhərlərin təbii landşaftla uyğunluğu, iqlim risklərinə davamlılığı və infrastrukturun uzunömürlülüyü mühüm meyarlardır. Bu təcrübənin beynəlxalq əhəmiyyəti ondadır ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuğu yeni regional inkişaf modelinin formalaşdırılması ilə əlaqələndirir. Bu gün Qarabağımız həm müasir şəhərsalmanın, həm də ərazi inkişafının kompleks yanaşma əsasında həyata keçirilməsinin nümunəsinə çevrilir.

İnanıram ki, gələcəkdə Qarabağın şəhərləri yalnız müasir memarlığı ilə deyil, həm də insanların həyat keyfiyyəti, təbiətlə harmoniyası və özünəməxsus milli siması ilə tanınacaq. Eyni zamanda, bütün bunlar gələcək nəsillərə qoyacağımız ən qiymətli miraslardan biri olacaq.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью