Qarabağda yeni iri aqropark yaradılır İlkin 500 min manat ayrıldı

05.11.2026

Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkının yaradılması haqqında fərman imzalayıb. Yeni aqropark ümumilikdə 1588,7 hektar ərazini əhatə edəcək və burada kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması və satışı üçün infrastruktur yaradılacaq.

Marja.az xəbər verir ki, dövlət başçısının 5 noyabr 2026-cı il tarixli fərmanına əsasən, aqroparkın yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından səmərəli istifadə, aqrar-sənaye sahəsində sahibkarlığın inkişafı, yerli istehsalın və məşğulluğun artırılmasıdır.

Yeni aqropark üçün 1588,7 hektar torpaq ayrılacaq

Fərmana əsasən, Zəngilan Aqroparkı iki rayonun ərazisində yerləşəcək.

Bunun üçün Zəngilan şəhərinin yaxınlığında 1424,55 hektar, Qubadlı rayonunun Tatar kəndi yaxınlığında isə 164,15 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ayrılması nəzərdə tutulur.

Nazirlər Kabinetinə həmin torpaq sahələrinin icarəyə vermək hüququ ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin etmək tapşırılıb.

Prezidentin ehtiyat fondundan ilkin 500 min manat ayrıldı

Zəngilan Aqroparkının fəaliyyətinin təşkili və infrastrukturunun layihələndirilməsi üçün Prezidentin 2026-cı il üzrə ehtiyat fondundan İqtisadi Zonaların İnkişafı Agentliyinə ilkin olaraq 500 min manat ayrılıb.

Vəsait aqroparkın ərazisinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, eləcə də elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, yol-nəqliyyat, yanğından mühafizə, istehsal, emal, inzibati və sosial infrastrukturun yaradılması üzrə layihələndirmə işlərinə yönəldiləcək.

Maliyyə Nazirliyinə ayrılmış vəsaitin maliyyələşdirilməsini təmin etmək tapşırılıb.

Aqroparkda istehsal, emal və qablaşdırma müəssisələri fəaliyyət göstərəcək

Fərmana əsasən, Zəngilan Aqroparkında müasir texnologiyalardan istifadə etməklə rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün şərait yaradılacaq.

Aqropark məhsulların qablaşdırılması, saxlanılması, çeşidlənməsi və satışı ilə bağlı fəaliyyətləri də əhatə edəcək.

İqtisadi Zonaların İnkişafı Agentliyi aqroparkın fəaliyyətinin təşkili, idarə olunması və inkişafı, həmçinin dövlət dəstəyi tədbirlərində iştirakın təmin edilməsi üzrə məsul qurum olacaq.

İqtisadiyyat Nazirliyinə isə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin təkliflərini nəzərə almaqla aqroparkda istehsal və emal ediləcək aqrar-sənaye məhsulları üzrə prioritet istiqamətləri iki ay ərzində müəyyən etmək tapşırılıb.

Yeni aqroparkın yaradılması azad edilmiş ərazilərdə aqrar istehsalın bərpasına, müasir emal infrastrukturunun formalaşdırılmasına və sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə yönəlib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью