Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri davam etdirilir. Bölgədə yaşayış binaları, məktəblər, xəstəxanalar və digər sosial infrastruktur obyektləri inşa olunur.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Ceyhun Məmmədov bildirib.
Deputat qeyd edib ki, qısa müddətdə işğaldan azad olunmuş ərazilərdə mühüm layihələrin həyata keçirilməsi Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsidir.
“Azad edilmiş bütün şəhərlərdə hərtərəfli iş görülür. İnfrastruktur qurulur, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri tikilir, məscidlər bərpa edilir, muzeylər yaradılır. Hava limanları, dəmir yolları və tunellər inşa olunur. Azərbaycanın quruculuq missiyası davam edir”, – deyə o vurğulayıb.
Ceyhun Məmmədov bildirib ki, ölkənin qarşısında hələ bir sıra mühüm vəzifələr dayanır və bu prosesdə hər kəsin üzərinə məsuliyyət düşür.
Deputat Azərbaycanın 2020-ci ildə əldə etdiyi Qələbənin tarixi əhəmiyyətindən də danışıb. Onun sözlərinə görə, 30 ilə yaxın davam edən işğala son qoyulması Azərbaycan xalqının tarixində mühüm dönüş nöqtəsi olub.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı qarşıda duran bütün mühüm məsələlərin öhdəsindən gəlməyi bacaracaq. Bu işdə hər birimizin üzərinə böyük vəzifə və məsuliyyət düşür”, – deyə deputat əlavə edib.