Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
Yanvarın 21-də “Qarabağ” Çempionlar Liqasının liqa mərhələsində növbəti qələbəsini qazandı. “Köhlən atlar” bu dəfə Almaniya təmsilçisi, ötən mövsüm bundesliqanı 3-cü yerdə bitirərək qitənin ən nüfuzlu klub turnirinə vəsiqə qazanan “Ayntraxt”ı 3:2 hesabıyla məğlub etdi.
Komandanın “Ayaks”la oyunun son 15 dəqiqəsində pərən-pərən düşməsi, çempionatda liderliyi “Sabah”a təhvil verməsi azarkeşlərin həm bu oyuna marağını, həm də “Qarabağ”a ümidləri azaltmışdı. Lakin əzmkarlıq göstərən Qurban Qurbanovun komandası bu dəfə inanılmaz geridönüşə nail oldu, son saniyələrdə qol vuraraq böyük ölçüdə pley-offa vəsiqəni təmin etdi.
Hər kəs “Qarabağ”a hücumçu lazım olduğunu deyir. Amma komandanın əsas hücumçusu - kolumbiyalı Kamilo Duran ÇL-də 4 qol vurub, 2 məhsuldar ötürmə verib. "Ayntraxt"la oyunda isə 2 qola imza atıb. 7 oyunda 6 qola birbaşa qatqı çox böyük nəticədi. Xüsusən də “Qarabağ” kimi komandada.
“Qarabağ” bu oyunda nəyin hesabına qələbə qazandı? Komandanın pley-offa çıxmaq şansı nə qədərdi? Bundan sonra “Qarabağ”a hücumçu lazımdı? Ümumiyyətlə, hansı mövqelərə transfer gərəkdi? Harda boşluq var?
Bu suallar ətrafında Arif Əsədovla söhbətləşdik:
“Qarabağ”ın göstərdiyi möhtəşəm oyun, möcüzəvi qələbə haqda söz tapmaq çətindi. Öncə “Qarabağ” camiyəsini, futbol ictimaiyyətini, Qurban Qurbanov başda olmaqla məşqçilər korpusunu təbrik edirəm. Növbəti dəfə tarix yazdılar, futbol ictimaiyyətini sevindirdilər. Oyuna gəlincə, “Qarabağ” çoxdan belə gözəl oyun göstərmirdi. Oyunlar olmuşdu, amma belə nizam-intizamlı, oyuna 60-70 faiz qibtə etmək görməmişdik. Topa, oyuna nəzarət “Qarabağ”da idi. Meydanın mərkəzində üstünlük “köhlən atlar”daydı. Xüsusi ilə də oyunun gedişində məğlub duruma düşsələr də, xarakter göstərərək sona qədər mübarizə aparıb, qələbə topunu vura bilmələri alqışalayiqdi, möcüzədi. Məşqçilərin də rolunu qeyd etmək lazımdı. Komanda məğlub olan zaman hadisələrin axarına müdaxilə edərək öz xeyirlərinə çevirə bildilər. Sonda qələbə qazanmaq mümkün oldu. Futbolçular verilən tapşırıqları, taktiki sxemləri nizam-intizamla yerinə yetirdilər. İstək, qələbə ruhu rol oynadı. Onsuz da taktiki baxımdan “Qarabağ” rəqibi üstələyirdi. Futbolda xarakter də vacib amildi. Nizam-intizamı, istəkli oyunu da “Qarabağ”da gördük. Belə nəticələrə “Qarabağ”ın ifasında şahid olduq. Bir daha klubu təbrik edirəm.
Pley-off şansına gəlincə, çoxdu, 80 faiz şansımız var. Rəqiblər arasında öz aralarında oynayanlar da var. Əsas odu ki, mənfi mənada möcüzə olmasın. “Qarabağ” “Liverpul”a uduzsa da, növbəti mərhələyə keçə bilər. Amma mən düşünürəm ki, “Qarabağ”dan Liverpulda da sürpriz gözləyə bilərik. “Qarabağ”ın özünəinamı artıb. Növbəti oyuna bir qədər də rahat çıxa biləcək. Ümid edək ki, İngiltərədən də xalla dönə biləcəklər. Transfer məsələləri isə məşqçilərin daxili işidi. Buna qarışmaq istəməzdim. Onlar daha yaxşısını bilirlər. Bundan sonra transfer etmək də, məncə, gecdi. İndiki heyətlə də “Qarabağ” inamla irəliləyir. Növbəti illərdə daha böyük uğurlar üçün transfer edilə bilər. Ümumi komanda olaraq yaxşı oyun göstərdilər. Kamilo Duranın iki qol vurması, fəallığı, hərəkətliliyi göz oxşadı. Digər futbolçular da öz mövqelərində çox yaxşı oynadılar. Həm müdafiədə, həm də hücumda inamlı oynadılar”.
MÜZƏFFƏR QULUZADƏ