Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Biz bu gün Prezident İlham Əliyevin liderliyi altında güclülərin dünyasında yeni səhifə açdığının və Azərbaycanın qlobal yüksəlişinin şahidi olmaqdayıq.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
Deputat deyib ki, müasir beynəlxalq münasibətlər sistemi kəskin güc balansları, regional münaqişələr və qlobal idarəetmənin zəiflədiyi bir mərhələdən keçir: “Belə bir mürəkkəb və rəqabətli mühitdə yalnız düşünülmüş, praqmatik və milli maraqlara əsaslanan siyasət yürüdən dövlətlər beynəlxalq arenada söz sahibi ola bilir. Məhz bu kontekstdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə keçdiyi yol ölkəni regional çərçivədən çıxararaq qlobal siyasi proseslərin fəal iştirakçısına çevirib”.
Deputat əlavə edib ki, bu gün Azərbaycan beynəlxalq aləmdə təkcə enerji və nəqliyyat layihələri ilə deyil, sülh, təhlükəsizlik və sabitliyin təmin olunmasında oynadığı rol ilə qəbul edilir. “Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən Azərbaycan artıq daha geniş coğrafiyada-Avrasiya və Yaxın Şərq məkanında qlobal və regional sülh proseslərinə töhfə verən ciddi aktor statusu qazanıb”, - o vurğulayıb.
Deputatın fikrincə, son illərdə Bakının yalnız yerləşdiyi coğrafiya ilə məhdudlaşmayan, regiondan kənar geosiyasi proseslərdə aktiv oyunçu kimi çıxış etməsi beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur: “Bunun bariz göstəricisi Azərbaycanın 2025-ci ildə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının və Mərkəzi Asiya Ölkələrinin Məşvərət Şurasının tamhüquqlu üzvünə çevrilməsidir. Bu üzvlük təkcə diplomatik uğur deyil, həm də Azərbaycanın artan siyasi çəkisinin institusional tanınmasıdır.
Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumunda bəyan etdiyi kimi, beş Mərkəzi Asiya ölkəsinin prezidentləri tərəfindən qəbul edilən “Beşlik formatı”nın “Altılıq formatı”na çevrilməsi ilə bağlı yekdil qərar Azərbaycana göstərilən yüksək etimadın ifadəsidir. Bu, Bakının Mərkəzi Asiya ilə dərinləşən əməkdaşlığının yalnız iqtisadi və nəqliyyat layihələri ilə məhdudlaşmadığını, bütövlükdə Avrasiya məkanında Şərqlə Qərb arasında yeni əməkdaşlıq və təhlükəsizlik körpüləri yaratdığını göstərir.
Azərbaycanın artan geosiyasi rolu xüsusilə Yaxın Şərqdə özünü daha aydın şəkildə büruzə verir. Bir neçə ildir ki, Bakı bu mürəkkəb regionda aktiv və balanslaşdırılmış siyasət yürüdərək sülhyaradıcı missiyalarla çıxış edir. Suriyada münaqişədən sonrakı bərpa proseslərində Azərbaycanın iştirakı, eləcə də Fələstin, xüsusən Qəzza istiqamətində sülh və humanitar sabitliyin təmin olunmasına verdiyi töhfələr Bakının yeni statusunu təsdiqləyir.
Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitinə dəvət olunması Azərbaycanın qlobal problemlərin həllinə verdiyi töhfənin beynəlxalq səviyyədə tanınmasıdır. Ardınca Azərbaycanın Qəzza ilə bağlı yaradılan “Sülh Şurası”na təsisçi dövlət kimi dəvət alması Bakının artıq qlobal təhlükəsizlik arxitekturasının formalaşmasında iştirak edən ölkələr sırasında yer aldığını göstərir.
BMT Təhlükəsizlik Şurasının 17 noyabr 2025-ci il tarixli 2803 saylı qətnaməsi ilə ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinə son qoymaq məqsədilə irəli sürdüyü Hərtərəfli Planın dəstəklənməsi yeni beynəlxalq mexanizmlərin formalaşdığını ortaya qoyur. Bu çərçivədə yaradılan “Sülh Şurası”, “Sülhün İdarə Edilməsi Şurası” və “Qəzza İdarəetmə Şurası” strukturlarında Azərbaycanın iştirakı ölkəmizin sülhyaradıcı roluna verilən dəyərin göstəricisidir.
Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında da qeyd olunduğu kimi, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”na Azərbaycan qurucu üzv kimi qoşulmağa dəvət edilib və bu dəvət qəbul olunub. Prezident İlham Əliyevin Trampa ünvanladığı cavab məktubunda vurğulanan fikirlər Azərbaycanın bu dəvəti qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlığın və ölkəmizin regional və qlobal sülhün təşviqində rolunun tanınması kimi qəbul etdiyini açıq şəkildə ortaya qoyur.
Bu proseslər göstərir ki, Azərbaycan artıq yalnız regional oyunçu deyil, beynəlxalq münasibətlər sistemində qlobal sülh və təhlükəsizlik məsələlərində mövqeyi nəzərə alınan ciddi aktora çevrilib. Bakının Yaxın Şərq kimi mürəkkəb və riskli bir bölgədə sülhyaradıcı missiyada iştirakı ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirir və Azərbaycanın “orta güc” statusunda formalaşmasını sürətləndirir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən praqmatik siyasi xətt və davamlı iqtisadi inkişaf Azərbaycanın dünya birliyində layiqli yerini təmin edib. Qarabağın işğaldan azad edilməsi ilə Azərbaycan beynəlxalq təşkilatların onilliklər boyu həll edə bilmədiyi problemi real güc, siyasi iradə və beynəlxalq hüquqa əsaslanaraq necə aradan qaldırmağın mümkün olduğunu nümayiş etdirdi. Məhz bu təcrübə bu gün Azərbaycanın regional sülhdən qlobal təhlükəsizliyə gedən yolunun əsasını təşkil edir və ölkəmizi yeni dünya nizamında söz sahibi olan dövlətlərdən birinə çevirir”.
Mürtəza