Qarabağın ağxalatlı döyüşçüləri

05.11.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 18 nömrəli tam orta ümumtəhsil məktəbində 8 Noyabr Zəfər Gününə həsr olunmuş ağxalatlı döyüşçülər mövzusunda görüş keçirilib. Şagirdlərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, tarixi yaddaşın qorunması və humanizm dəyərlərinin aşılanması məqsədilə təşkil edilən mərasimdə dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, tibb işçiləri, müəllim və şagirdlər iştirak ediblər.

Məktəbin direktoru Leyla Fətiyeva bildirib ki, tədbirin əsas mahiyyəti gənc nəslə Vətən müharibəsi günlərində cəbhə xəttində və arxa cəbhədə yaralı hərbçilərin həyatını xilas etmək üçün özünü təhlükəyə atan tibb işçilərinin fəaliyyəti barədə məlumat verməkdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı Sağlamlıq Mərkəzi baş həkiminin müavini Günay İsmayılova 44 günlük savaşın tarixi əhəmiyyətindən, xalqımızın birliyindən söz açıblar. Çıxışlarda şanlı Zəfərin qazanılmasında güllə və mərmilər altında gecə-gündüz fədakarlıqla çalışan, əsgər və zabitlərimizə şəfa verən tibb işçilərinin rolu qeyd olunub.

Görüşün bədii hissəsində məktəblilərin ifasında ağxalatlı qazilərə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub. Şagirdlər həkimlərin humanist missiyasını və fədakar zəhmətini əks etdirən səhnəciklər, şeir və musiqi nömrələri ilə çıxış edərək iştirakçılara təsirli anlar yaşadıblar.

Əli SADIQOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью