“Qarabağ”ın bitməyən Avropa hekayəsi

21.08.2026

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Futbolda bəzən bir qələbənin arxasında hesabdan daha böyük məna dayanır.
"Qarabağ"ın Niderlandda "Tvente" üzərində qazandığı 1:0 hesablı qalibiyyət də belə oyunlardan biridir. Azərbaycan təmsilçisi UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk görüşdə həm çətin rəqiblə, həm də öz problemləri ilə mübarizə aparmalı idi. Sonda isə meydandan qalib ayrılan tərəf məhz Ağdam klubu oldu.
Əvvəldən "Qarabağ"ın üzərində müəyyən suallar var idi. Heyətdə ciddi itkilər yaşanmışdı, bəzi futbolçular hələ kollektivə tam uyğunlaşmamışdı və komandanın əvvəlki görüntüsünü nə vaxt bərpa edəcəyi müzakirə olunurdu. Belə vəziyyətdə Niderlanda gedib "Tvente"nin evində qələbə qazanmaq heç də asan məsələ deyil.
Amma "Qarabağ" yenə öz xarakterini göstərdi.
Qurban Qurbanovun komandası oyunun əvvəlindən hər şeyi riskə atmadı. Rəqibə geniş meydan vermədi, müdafiədə kompakt qaldı və hücum üçün uyğun anı gözlədi. Əks-hücumlarda isə kifayət qədər təhlükəli görünməyi bacardı. Xüsusilə cinahlardakı fəallıq "Tvente"nin irəli çıxan müdafiəçilərinin arxasında boşluqlar yaratdı.
Həmin boşluqlardan birində "Qarabağ" öz fürsətini tapdı və Kadi Borgesin qolu üstünlük gətirdi.
Bundan sonra isə artıq oyunun başqa mərhələsi başladı. "Qarabağ" üçün əsas məsələ əldə olunan hesabı qorumaq idi. Çünki zaman keçdikcə komandanın fiziki gücünün azaldığı hiss olunurdu. Son yarım saatda hücuma əvvəlki qədər enerji sərf etmək mümkün deyildi və belə vəziyyətdə əlavə riskə getmək heç də doğru seçim olmazdı.
Qurban Qurbanov da oyunun gedişini düzgün qiymətləndirdi. Dəyişikliklərlə müdafiənin daha da möhkəmləndirilməsi və beşli müdafiəyə keçilməsi komandanın üstünlüyü qorumasına kömək etdi. Son fit isə bu planın özünü doğrultduğunu göstərdi.
Əlbəttə, "Tvente"nin zəif çıxışını yalnız öz problemi kimi qiymətləndirmək olmaz. "Qarabağ" rəqibə rahat futbol oynamağa imkan vermədi. Azərbaycan çempionu oyunu elə qurdu ki, Niderland klubunun güclü tərəfləri böyük ölçüdə işə düşmədi.
Bu qələbənin ən vacib tərəfi də elə budur.
"Qarabağ" bütün çatışmazlıqlara baxmayaraq, Avropada özünü bir daha təsdiqlədi. Heyətdəki itkilər, məhdud seçim imkanları və son dövrlərdə yaranan suallar komandanın meydandakı mübarizə əzmini zəiflətmədi. Əksinə, futbolçuların hər biri öz üzərinə düşən işi yerinə yetirdi.
İndi isə qarşıda sonuncu addım var.
1:0 hesablı üstünlük böyük fərq deyil və "Tvente" Bakıya ümidini itirmədən gələcək. Buna görə cavab qarşılaşmasında da eyni intizamı qorumaq vacibdir. Amma ilk oyundakı nəticə "Qarabağ"a çox mühüm üstünlük qazandırıb və əsas mərhələ artıq uzaqda deyil.
Bəlkə də "Tvente" ilə başlayan bu hekayənin "Tvente" ilə bitəcəyini düşünənlər vardı. "Qarabağ" isə başqa ssenari yazmağa başladı.
İndi həmin hekayənin davamı Bakıda olacaq.
Bir qələbə artıq var. Bir addım da qalıb.
İnanmaq üçün isə bu dəfə sadəcə sözlər yox, Niderlanddakı 90 dəqiqə kifayətdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью