Qarabağın dağıdılmış irsi və UNESCO nun sükutu

16.07.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

“AnewZ TV”nin yeni filmi qurumun Azərbaycana qarşı haqsızlığına işıq salır

“AnewZ TV”nin lentə aldığı “UNESCO-nun Qarabağ irsi ilə bağlı qiymətləndirməsi hələ də həllini tapmayıb” adlı sənədli film Azərbaycanın Qarabağ bölgəsində onilliklər boyu davam edən erməni işğalı nəticəsində tarixi-mədəni irsimizə qarşı törədilmiş kütləvi vandalizm aktlarından və bu prosesə göstərilən beynəlxalq laqeydlikdən bəhs edir.

Filmdə 8 şəhərin, 1000-ə yaxın kəndin, 65 məscidin və 44 məbədin, eləcə də 40 minə yaxın qiymətli muzey eksponatının tamamilə məhv edilməsi, talan olunması tarixi fakt və əyani sübutlar əsasında tamaşaçıya çatdırılır. Xüsusilə Qafqaz Albaniyasına aid abidələrin saxtalaşdırılması, memarlıq elementlərinin və kitabələrin qəsdən dəyişdirilməsi işğalın ən ağır fəsadları kimi vurğulanır.

Layihənin ana xəttini isə mədəni irsin qorunmasına cavabdeh olan beynəlxalq təşkilatın – UNESCO-nun tutduğu qərəzli və siyasiləşdirilmiş mövqeyi təşkil edir. Sənədli filmdə Vətən müharibəsindən həm əvvəl, həm də sonra Azərbaycanın rəsmi müraciətlərinə rəğmən beynəlxalq faktaraşdırıcı missiyanın niyə baş tutmadığına peşəkarlıqla aydınlıq gətirir. UNESCO daxilində formalaşan ikili standartlar, eləcə də missiyanın adı ilə bağlı irəli sürülən süni bəhanələr (qurumun “Azərbaycanın Qarabağ bölgəsinə missiya” ifadəsini qəbul etməməsi) tənqid olunaraq, bu cür yanaşmanın irs mübahisəsini siyasi müstəviyə daşıdığı diqqətə çatdırılır.

“UNESCO-nun Qarabağ irsi ilə bağlı qiymətləndirməsi hələ də həllini tapmayıb” filmi, həmçinin müstəqil inspektorların bölgəyə gəlməməsi nəticəsində mədəni irsin hərbi münaqişənin yeni cəbhəsinə çevrildiyini, bu etimadsızlığın yalnız abidələrlə deyil, tarixi faktların təhrif edilməsi ilə birbaşa bağlı olduğunu qeyd edir. Ukrayna və Mali kimi ölkələrdə oxşar vandalizm aktlarına dərhal reaksiya verib missiya göndərən UNESCO-nun Azərbaycana münasibətdə bu mexanizmləri işə salmaması beynəlxalq ictimaiyyətə ünvanlanan açıq və haqlı sual olaraq qalır.

Filmin orijinal (ingilis dilində) tam versiyasını kanalın rəsmi platformasından aşağıdakı link vasitəsilə izləyə bilərsiniz:

The missing UNESCO mission on Garabagh’s cultural heritage - AnewZ TV

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью