Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
“Qarabağ” uzun illərdir ki, ölkəmizin adını Avropada qürurla təmsil edir. Komanda ardıcıl 13 mövsümdür ki, qitənin nüfuzlu klub yarışlarında əsas mərhələdə mübarizə aparır. Qurban Qurbanovun komandası ötən mövsüm isə Çempionlar Liqasında tarix yazdı. Ağdam təmsilçisi dünyanın ən böyük klub yarışında pley-off-a qədər irəliləməyi bacardı.
Bu mövsüm “Qarabağ” Konfrans Liqasının qrup mərhələsində mübarizə apara bilər. Bunun üçün isə adlı-sanlı rəqibləri məğlub etməklə sürprizlərə imza atan ağdamlılar Kiyev “Dinamo”sunu üstələməlidir.
Bolqarıstan ÇSKA-sına uduzan Qurban Qurbanovun komandasının bu mərhələlərdə məğlubiyyəti gözlənilməz olsa da, onların illərdir ölkəmizin adını beynəlxalq arenada qürurla təmsil etməsini unutmamalıyıq. İstənilən klubda böyük uğur qazanılmış mövsümdən sonra müəyyən çətinliklər yaşana bilər. Üstəlik, “Qarabağ” artıq Avropa futbol bazarında özünəməxsus yer tutmağa başlayıb. Bu da peşəkar klub modelini formalaşdırır.
Növbəti uğur üçün isə azarkeşlərin “Qarabağ”a böyük dəstəyi vacibdir. Daim uğurları ilə bizi sevindirən “köhlən atlar” yenidən qrup mərhələsinə doğru addım atmaq istəyir. Bunun üçün isə azarkeşlər, “Qarabağ”ı sevənlər stadiona axın etməli, bu komandaya olan yüksək inamı göstərməlidirlər.
Əgər ötən mövsüm Çempionlar Liqasında bizi sevindirəndə komandanın yanında idiksə, indi də növbəti uğurlar üçün “Qarabağ”ın yanında olmalıyıq. Bəlkə də bu həftə Bakıda qazanılacaq uğur Konfrans Liqasında yazılacaq tarixin başlanğıcı olacaq.
“Dinamo” ilə ilk oyundakı məğlubiyyət hələ heç nədən xəbər vermir. “Qarabağ” Bakıda bu rəqibini məğlubiyyətə uğrada bilər. Kiyevlilərin ad-sanına baxmayaraq, Qurban Qurbanovun yetirmələri heç də onlardan zəif deyil. İlk oyunda da bunu göstərə bildi. Fərdi səhvlərdən uduzulan matçda “Qarabağ” heç də “Dinamo” qarşısında aciz görünmürdü. Oyunun ilk hissəsini də tamamilə üstün keçirmişdilər. Bu dəfə qələbə üçün isə böyük dəstək və inam əsas rol oynayacaq.
Ağdam klubu matçın biletlərini də bir neçə gündür satışa çıxarıb.Ötən mövsüm “Qarabağ”ın matçları üçün satışa çıxarılan biletlər qısa müddətdə tükənirdi. Bu dəfə də eynisi baş verməlidir.
Ölkənin bir nömrəli arenası – Tofiq Bəhramov adına Respublika Stadionunun tribunaları növbəti dəfə yazılan tarixə şahidlik edəcək. Qurban Qurbanov hər zaman qazanılan uğurlarda azarkeşlərin xüsusi payı olduğunu qeyd edib, mətbuat konfranslarında da ilk onlara təşəkkür edib. Ümid edək ki, bu həftə adlı-sanlı Kiyev “Dinamo”sunun məğlubiyyətə uğradılmasında azarkeşlər öz rolunu oynayacaq.