“Qarabağ”ın futbolçusu: “Çempion olmaq şansımız hələ də var” MÜSAHİBƏ

23.11.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Fikrimcə, qol vurmağın yolunu tapmayana qədər işimiz çətin olacaq. Müdafiədə də bəzi səhvlərə yol verdik, amma qapımızı toxunulmaz saxlaya bildik. Bu, hər zaman qələbə qazanmaq üçün yaxşı fürsətdir. Ancaq bir daha deyirəm ki, qol vurmağın yolunu tapmalıyıq”.

Bu sözləri “Qarabağ”ın futbolçusu Bentse Varkonyi səfərdə “Kəpəz”lə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının 12-ci tur matçından sonra sportify.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- “Neftçi” ilə qarşılaşmadan sonra artıq dörd oyundur ki, komandanız qol vura bilmir. Sizcə, bunun həlli nədir?

- Daha diqqətli olmalı, daha çox qol epizodu yaratmalıyıq. Futbol belədir, biz qol vurmaq üçün oynayırıq və hamı fərqlənmək istəyir. Qol vurmağın yolunu tapmalıyıq. Rəqiblərimiz bizə qarşı fərqli oynayırlar. Müdafiədə çoxsaylı futbolçu ilə dayanırlar, bəzən cərimə meydançasında 10 oyunçu olur. Belə vəziyyətdə boşluq tapmaq çətindir. Buna görə də çalışmağa, təzyiq göstərməyə, cəhd etməyə davam etməli və heç vaxt təslim olmamalıyıq.

- Növbəti oyunda rəqibiniz “Sumqayıt” olacaq. Həmin qarşılaşmadan gözləntiləriniz nədir?

- Qalib gəlmək istəyirik. Səfərə qələbə üçün gedəcəyik. Bunun üçün, əlbəttə, qol vurmalıyıq. Qapımızı toxunulmaz saxlasaq, qələbə üçün cəmi bir qol kifayət edəcək. Ümid edirəm ki, ilk qolumuzu vurduqdan sonra bu, komandaya əlavə motivasiya verəcək və daha çox qol vurmağımıza kömək edəcək.

- Gəncə Stadionu, azarkeşlər və atmosfer haqqında nə deyə bilərsiniz?

- Belə atmosferdə oynamaq çox xoşdur. Stadion dolu idi və bu, bizə də əlavə motivasiya verirdi. “Kəpəz”in də 100 faiz gücü ilə mübarizə apardığını gördüm. Bu, normaldır. Ümid edirəm ki, Azərbaycanda daha çox belə oyunlar keçirəcəyik, stadionlar dolacaq və azarkeşlər komandalarını dəstəkləyəcəklər. Belə atmosferdə oynamaq çox gözəldir.

— Deməli, Azərbaycanda daha çox stadionun belə dolmasını istəyirsiniz?

— Bəli.

— Bu oyunun çempionluq mübarizəsinə necə təsir edəcəyini düşünürsünüz?

— Biz yolumuza davam etməli və oyunlarımızı qazanmalıyıq. Qələbələr qazanmadan bu barədə danışa bilmərik. Çempion olmaq şansımız hələ də var və istəyimiz də budur. Ancaq bunun üçün addım-addım irəliləməli, hər oyunda qələbə qazanmalıyıq.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью