Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Oyundan əvvəl hər birimiz qarşılaşmanın çətin keçəcəyini bilirdik. “Qarabağ”ın üzərində yük hiss olunurdu. Buna baxmayaraq, futbolçular və məşqçi heyəti komandanı toparlamağı bacardı və oyun planına uyğun şəkildə meydana çıxdılar. Hazırlıq prosesində lazımi məqamların, vacib epizodların düzgün təhlil edildiyi açıq şəkildə görünürdü”.
Bu sözləri “Qarabağ”ın sabiq baş məşqçisi Elşad Əhmədov Ağdam klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda Bakıda Almaniyanın "Ayntraxt" komandasına 3:2 hesabı ilə qalib gəldiyi oyunla bağlı danışarkən deyib.
Onun sözlərinə görə, matçın son 15 dəqiqəsində azarkeşlər arasında ümidsizlik hiss olunurdu:
“Ayntraxt”da məşqçi dəyişikliyi baş vermişdi və onların hansı taktika və sistemlə meydana çıxacağı önəcədən bəlli deyildi. Oyun təmsilçimizin üstünlüyü ilə başladı. Erkən qol buraxmağımıza baxmayaraq, həmin epizoddan sonra komandada yalnız qısa müddətli eniş hiss olundu”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.
Mütəxəssis qarşılaşmanın isveçrəli baş hakimi Sandro Şererin ədalətsiz qərarlar qəbul etdiyini bildirib:
“Hakim tərəfindən təyin olunan penalti epizodu ayrıca müzakirə mövzusudur. Açıq demək lazımdır ki, bu, olmayan bir penalti idi. Prezident İlham Əliyevin də vurğuladığı kimi, sual yaranır: hakim həmin penalti qərarını harada gördü, necə düşündü və hansı əsasla verdi? Təəssüf ki, “Qarabağ”a qarşı bu tip haqsız qərarlarla ilk dəfə qarşılaşmırıq. Amma bütün bunlara baxmayaraq, futbolçularımız əsl xarakter nümayiş etdirdilər. Xüsusilə oyunun son dəqiqələrində meydanda göstərilən aqressiya, istək və inam aydın görünürdü. Üstəlik, həmin epizoddan əvvəl “Qarabağ”ın futbolçusu Kamilo Durana qarşı oxşar bir vəziyyət yaşanmışdı. Əgər verilən penalti doğrudursa, onda komandamızın xeyrinə olan həmin epizod nə idi? Niyə orada penalti təyin olunmadı? Bu cür məqamlar ciddi şəkildə araşdırılmalıdır”.
E. Əhmədov vurğulayıb ki, Ağdam klubunun son dörd dəqiqədə bu oyunu çevirməyə qadir olduğu hiss olunurdu:
“Komandanın üzərində real təzyiq və hücum enerjisi var idi. Bəhlul müdafiəçi olmasına baxmayaraq, öz mövqeyindən çıxaraq hücuma qoşuldu və ardınca son dəqiqələrdə qol vurdu. Bu, komandadakı əzmin ən gözəl göstəricisi oldu. Bu qələbə “Qarabağ”ın layiq olduğu nəticə idi. Açığı, uzun illərdir belə xarakter, belə geri dönüş görmürdük. Komandamıza bizlərə bu sevinci yaşatdığına görə təşəkkür edirəm”.
Qeyd edək ki, bu nəticədən sonra “Qarabağ” turnir cədvəlində 10 xalla 18-ci, 4 xala malik “Ayntraxt” isə 33-cü pillədə qərarlaşıb. Azərbaycan çempionu sonuncu matçını yanvarın 29-da İngiltərədə “Liverpul”a qarşı keçirəcək.