Bizim media saytına istinadən Icma.az xəbər verir.
“Qarabağ” bu gün Çempionlar Liqasında sonuncu oyununu keçirəcək.
Bizim.Media xəbər verir ki, komandamız səfərdə İngiltərənin “Liverpul” klubunun qonağı olacaq.
Ağdam təmsilçisi “Ayntraxt”la oyundan sonra play-off mərhələsinə vəsiqəni demək olar ki, təmin edib. Bununla belə “Qarabağ”ın liqada yoluna davam etməsi həm də digər klubların nəticəsindən asılı olacaq. Belədə təbii ki, “Liverpul”la qarşılaşmanın önəmi artır.
Bəs görəsən, “Qarabağ” “Liverpul” səfərində nəyə ümid edə bilər?
Bu sualla futbol mütəxəssislərinə müraciət etdik. Azərbaycanın əməkdar məşqçisi, “Şöhrət” ordenli Ağasəlim Mircavadov Bizim.Media-ya açıqlamasında Qurban Qurbanovun komandasından uğurlu nəticə gözlədiyini deyib:
“Qarabağ” Azərbaycanın top klubu kimi özünü Avropada tanıdır. Komandamızda “Ayntraxt”la oyundan sonra psixoloji vəziyyət yüksək səviyyədədir. Fikrimcə, bu amil futbolçuların “Liverpul”a qarşı yaxşı mübarizə aparmasına kömək edəcək. İngiltərə təmsilçisi ilk 8-liyə düşmək istəyir. Ona görə də mütləq qələbə qazanmaq üçün oynayacaq.
“Qarabağ” sadəcə olaraq öz oyununu oynamalı, xüsusilə müdafiədə çox diqqətli olmalıdır. Həm də yaradılacaq qol imkanlarından da maksimum istifadə etmək lazımdır. Bu amillərə diqqət yetirsə, “Qarabağ” uğurlu nəticəyə ümid edə bilər”.
Futbol eksperti Ceyhun Sultanov isə oyunun çox çətin keçəcəyini düşünür:
“Qarabağ”ı çox çətin oyun gözləyir. Əvvəla iki ölkənin futbolu arasında böyük uçurum var. İngiltərə futbolu başqa səviyyədir və bu tempə uyğunlaşmaq çox çətindir. Digər tərəfdən “Liverpul” ikinci heyətlə oynasa belə, “Qarabağ”ın işi çətin olacaq. “Qarabağ” müdafiədə diqqətli olub, qol imkanlarından istifadə etsə, yaxşı nəticəyə ümid edə bilər.
Fikrimcə, “Qarabağ” bu yerə qədər gəlibsə, demək onlar buna layiqdir. “Liverpul” güclü komandadır, dünyada top sıralardadır. Hər cür nəticə ola bilər. Ancaq mən inanıram ki, Ağdam təmsilçisi rəqibinə qarşı əzmkar mübarizə aparıb, yaxşı nəticə üçün mümkün olan hər şeyi edəcək. Komandamıza uğurlar arzulayıram”.
Qeyd edək ki, “Liverpul” – “Qarabağ” oyunu bu gün gecə saat 12-də start götürəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media