Qarabağın yenidən məskunlaşdırılması uğurla davam edir ŞƏRH

04.11.2026

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın çoxəsrlik tarixində xalqımızın taleyinə mühüm təsir göstərən, milli düşüncəmizdə silinməz iz qoyan 8 Noyabr – Zəfər Günü əlamətdar hadisələr sırasında özünəməxsus yer tutur. Bu tarix Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin uğurla başa çatmasının, milli iradənin və dövlətçilik əzminin rəmzidir. Vətən müharibəsində Şuşanın işğaldan azad edilməsi ilə xalqımız tarixinin ən qürurlu səhifələrindən birini yazdı və gələcək nəsillərə böyük əzmkarlıq nümunəsi miras qoydu.
Zəfər Günü xalqımızın yaddaşında yalnız hərbi uğur kimi deyil, uzun illər davam edən ədalətsizliyə son qoyulması istiqamətində qazanılmış tarixi nailiyyət kimi yaşayır. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğal olunması, yaşayış məntəqələrinin dağıdılması və insanların doğma yurdlarından didərgin salınması ölkəmizin qarşısında ciddi sınaqlar yaratmışdı. Lakin Azərbaycan xalqı bütün çətinliklərə baxmayaraq, tarixi torpaqlarına qayıtmaq, hüquqlarını bərpa etmək və ölkənin ərazi bütövlüyünü təmin etmək əzmindən dönmədi.
Münaqişənin həlli üçün uzun illər ərzində aparılan diplomatik səylər gözlənilən nəticəni vermədiyi şəraitdə Azərbaycan özünün iqtisadi, siyasi və hərbi potensialını gücləndirmək istiqamətində ardıcıl fəaliyyət göstərdi. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, milli iqtisadiyyatın inkişafı və müasir ordu quruculuğu vahid strategiyanın mühüm istiqamətləri idi. Bu siyasət nəticəsində Azərbaycan həm beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirdi, həm də milli təhlükəsizliyini təmin etmək üçün zəruri imkanlar qazandı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət Vətən müharibəsində əldə olunan Qələbənin mühüm əsaslarından birinə çevrildi. Dövlətin güclənməsi, ordunun döyüş qabiliyyətinin yüksəldilməsi və xalqın milli maraqlar ətrafında birləşməsi Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatmasını təmin etdi. Vətən müharibəsi göstərdi ki, müstəqil siyasət yürüdən, iqtisadi dayaqlarını möhkəmləndirən və milli birliyini qoruyan dövlət ən mürəkkəb tarixi sınaqlardan uğurla çıxa bilər.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir dövrün başlanğıcı oldu. 44 gün davam edən döyüşlər zamanı Azərbaycan Ordusu yüksək peşəkarlıq, fədakarlıq və qətiyyət nümayiş etdirdi. İşğal altındakı torpaqların azad olunması uğrunda aparılan əməliyyatlar hər bir azərbaycanlının qəlbində illərlə yaşatdığı qələbə arzusunu gerçəyə çevirdi. Ordumuzun qazandığı uğurlar xalqın dövlətə və Ali Baş Komandana inamını daha da gücləndirdi, ölkəmizdə misilsiz birlik və həmrəylik mühiti yaratdı.
Şanlı Zəfərin təməlində şəhidlərin qanı, qazilərin fədakarlığı və Azərbaycan Ordusunun qəhrəmanlığı dayanır. Vətən uğrunda canından keçən igidlərin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların göstərdiyi şücaət milli tariximizin ən şərəfli səhifələrindən biridir. Şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara dövlət tərəfindən göstərilən diqqət və qayğı bu müqəddəs xidmətin yüksək qiymətləndirilməsinin ifadəsidir. Şəhidlərin əziz xatirəsinin yaşadılması, qazilərin cəmiyyətə inteqrasiyası və onların sosial rifahının təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindəndir.
Azərbaycanın tarixi Qələbəsi sonrakı mərhələdə də mühüm nəticələrlə müşayiət olundu. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi bütün ərazisində tam bərpa edildi. Beləliklə, Azərbaycan dövlət müstəqilliyinin möhkəmləndirilməsi və milli təhlükəsizliyinin təmin olunması baxımından mühüm tarixi məqsədinə nail oldu. Bu nailiyyət dövlətimizin qətiyyətinin, ordumuzun gücünün və milli maraqların qorunmasına yönəlmiş ardıcıl siyasətin nəticəsi idi.
Bu gün qazanılmış Zəfərin davamı azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində öz əksini tapır. Qarabağ və Şərqi Zəngəzurda müasir infrastruktur yaradılır, şəhər və kəndlər yenidən qurulur, sosial və iqtisadi həyatın canlandırılması üçün geniş imkanlar formalaşdırılır. Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması tarixi Qələbənin ən mühüm humanitar nəticələrindən biridir. İllərlə ayrılıq və həsrət yaşayan ailələrin öz evlərinə dönməsi, doğma torpaqlarda yeni həyat qurması Zəfərin insan talelərində yaratdığı dəyişiklikləri aydın şəkildə göstərir.
Azərbaycan sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi kimi diqqətdədir. Hazırda ölkəmiz dünyaya təkmil sülh təcrübəsini təqdim edir. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirləri sadalamaqla bitməz. Qürurvericidir ki, son 6 ildə azad Qarabağımız və azad Şərqi Zəngəzurumuz da diplomatik mərkəzə çevrilib. Bu məkandan dünyaya sülh, təhlükəsizlik, əməkdaşlıq mesajları çatdırılır. Azad Ağdam, Zəngilan və Xankəndi şəhərləri Azərbaycan Milli Şəhərsalma forumlarına ev sahibliyi etməklə ölkəmizin zəngin şəhərsalma təcrübəsini dünyaya təqdim etdi. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulan, bərpa edilən Qarabağımız, Şərqi Zəngəzurumuz mərhələli şəkildə sakinlərinə qovuşurlar. “Böyük Qayıdışa dair I Dövlət Proqram”ı çərçivəsində 2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 25 milyard manatdan çox vəsait ayrılıb. 2027-ci ildə bu məqsədə 3,4 milyard manat vəsait nəzərdə tutulur. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev 2025-ci il 30 may tarixində imzaladığı Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı” layihəsinin hazırlanmasını tapşırıb. Qarabağın yenidən məskunlaşdırılması uğurla davam edir. Belə ki, 2026-cı il oktyabrın 23-ə qədər işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 40922 nəfərdən ibarət 10114 ailənin qayıdışı təmin edilib. 47 yaşayış məntəqəsinə, yəni 10 şəhər, 3 qəsəbə və 34 kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Qarabağ Universitetində 3330-dan çox tələbə təhsil alır. Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Tarixi Zəfərimizdən ötən 6 ilin uğurları yeni dövr üçün müəyyənləşdirilən hədəflərə zamanında nail olacağımıza böyük əminlik yaradır.

Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью