Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Otuz illik Ermənistan işğalı dövründə Qarabağ və Şərqi Zəngəzur bölgəsində Azərbaycan xalqının tarixi, mənəvi və dini irsinə qarşı misli görünməmiş vandalizm aktları törədilmişdir. İşğal olunmuş ərazilərdə 65 məscid tamamilə dağıdılmış, bəziləri yarıdağılmış vəziyyətə salınaraq daxilində heyvanlar saxlanılmaqla təhqir edilmişdir. Bu vəhşilik təkcə Azərbaycan xalqına deyil, bütün İslam dünyasına və bəşəri mədəniyyətə qarşı yönəlmiş ağır cinayət idi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal anti-terror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Zəfərdən dərhal sonra dövlətimiz tərəfindən azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verildi. Bu quruculuq prosesində dini-mənəvi abidələrin, məscidlərin bərpası xüsusi prioritet təşkil edir. İndiyədək 12-dən çox məscid bərpa edilmiş və ya yenidən inşa olunmuşdur.
TDT Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci toplantısının və Seyid Yəhya Bakuvi konfransının işini işğaldan azad edilmiş Ağdam Cümə məscidində davam etdirməsi böyük rəmzi və mənəvi mənaya malikdir. Ağdam Cümə məscidi işğaldan əvvəl şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının dini mərasimlərinin keçirildiyi müqəddəs bir məkan olmuşdur. Dini liderlərin Ağdam, Xankəndi, Xocalı və Şuşa şəhərlərinə nəzərdə tutulan səfərləri qonaqlara həm 30 illik yıkımın ağır fəsadlarını, həm də dirçələn Qarabağın yeni möhtəşəm simasını əyani şəkildə görmək imkanı yaradır.
Böyük Qayıdış Proqramı çərçivəsində artıq 48 şəhər və kənddə 90 mindən çox sakin öz doğma yurdlarında məskunlaşmışdır. Müsəlman Ağsaqqalları Şurası tərəfindən Prezident İlham Əliyevə təqdim olunan “Zayed İnsan Qardaşlığı Mükafatı”nın pul mükafatının məhz azad edilmiş ərazilərin inkişafına bağışlanması Azərbaycan dövlətinin sülhə, quruculuğa və humanist dəyərlərə nə qədər dərindən bağlı olduğunu nümayiş etdirir. Türk və İslam dünyasının dini rəhbərlərinin Qarabağ torpağında bir arada olması, dualar etməsi və birgə bəyanatlar verməsi regionda əbədi sülhün və mənəvi dirçəlişin sarsılmaz zəmanətidir.
Abbas Pənahov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini