Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Şamaxı” Misli Premyer Liqasının I turunda “Qarabağ”a uduzdu – 1:3.
Bölgə təmsilçisinin futbolçusu Oruc Məmmədov matçla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:
– Mövsümə “Qarabağ”a məğlubiyyətlə başladınız. Nəticəni necə şərh edərdiniz?
– “Qarabağ”a qarşı oynamaq həmişə çətindir. Mövsüm yeni başlayıb və heyətimiz formalaşmaqdadır. Düşünürəm ki, məğlubiyyətə baxmayaraq, pis oynamadıq. Gənc komandamız var və getdikcə artıracağıq.
– İlk hissədə rəqibə müqavimət göstərə bildiniz, fasiləyə yaxın da bərabərlik qolunu vurdunuz. Bəs, hesabı qorumağa nə çatmadı?
– Epizodlarımız var idi, amma alınmadı. “Qarabağ”la matçda belə fürsətləri boşa vermək olmaz. Sonradan geri düşməyimiz və təcrübə çatışmazlığı nəticədə həlledici oldu.
– “Şamaxı”nın bu mövsüm hədəfi nə olacaq?
– Reallığı danışmalıyıq. Hamı bilir ki, məqsədimiz liqada qalmaqdır. Alınarsa, yuxarı pillələrə nə üçün çıxmayaq? Ötən mövsüm belə imkanımız var idi, lakin bəzi məqamlarda şanslardan yararlana bilmədik. Bu il artırmaq, orta sıralarda qərarlaşmaq istəyirik.
– Yeni baş məşqçi Azər Bağırov az büdcəli komandalarda nəticə verməyi bacarır. Onun bu statistikası sizdə hansı inamı yaradır?
– Azərbaycan futbolunda Azər müəllimi hamı yaxşı tanıyır. O, hər kəsə şans verir, oyunçularına güvənir. Gənc futbolçu kimi, mən də etimadı doğrultmaq, fürsət olduqca özümü yaxşı tərəfdən göstərmək istəyirəm.
– Premyer Liqada şans qazanan yerli oyunçular azdır. U-21-in daimi üzvü olduğunu da nəzərə alsaq, qarşıdakı Millətlər Liqası matçlarında A milliyə də dəvət almağı gözləyirsinizmi?
– Yığmada oynamaq hər azərbaycanlı gənc futbolçunun xəyalıdır. Məqsədimiz hər zaman yüksəkdə olmaq, milliyə düşməkdir. Çalışacağam ki, mən də arzularıma çatım.
– Sabiq baş məşqçiniz Ayxan Abbasov hazırda yığmaya rəhbərlik edir. Onunla bu mövzuda hansısa danışığınız olub?
– Xeyr, olmayıb. O, işinin peşəkarıdır və kimi, nə vaxt çağıracağını yaxşı bilir. Mən də üzərimdə çox çalışacağam ki, onun diqqətini çəkim və yığmaya düşə bilim.
Şahin Cəfərov