Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Misli Premyer Liqasının 12-ci turunda keçiriləcək “Kəpəz” – “Qarabağ” matçı ərəfəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və qurumun məsul əməkdaşları Gəncə təmsilçisinin düşərgəsini ziyarət ediblər.
Futbolpress.az xəbər verir ki, əvvəlcə Gəncə Şəhər Stadionundakı “Kəpəz” Məşq Mərkəzi və Futbol Akademiyasında yaradılan şəraitlə tanış olan şəhər rəhbərinə klubun İdarə Heyətinin sədri Anar Abdullayev həyata keçirilən layihələr və gələcək planlar haqqında ətraflı məlumat verib.
Daha sonra ehtiyat meydançada məşq prosesini izləyən Niyazi Bayramov futbolçularla bir araya gələrək “Qarabağ”la matçda komandadan qələbə gözlədiyini dilə gətirib:
“Sizi bu həftəsonu çox çətin oyun gözləyir. Hamımız bu görüşə gəlib komandamızı sonadək dəstəkləyəcəyik. Ümumiyyətlə, şəhər rəhbərliyi “Kəpəz”in bütün oyunlarını tribunadan izləyir, Gəncəmizin fəxri olan klubumuzu uğur qazanmağa səsləyir. İnanıram ki, “Qarabağ”la matçda qalib gəlib azarkeşləri sevindirəcəksiniz. Sizə uğurlar arzulayıram!”
Öz növbəsində klub rəhbəri Anar Abdullayev bu ziyarətin komandaya əlavə güc verdiyini vurğulayıb:
“Sizin klubumuza baş çəkməyiniz, komandaya dəstək verməyiniz bizim üçün çox xoşdur. Bu, məsul oyun ərəfəsində futbolçularımıza xüsusi motivasiya verir. Həm “Qarabağ”la oyunda, həm də çempionatın qalan görüşlərində uğurlu nəticələr qazanmaq, Gəncəni layiqincə təmsil etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Klubumuza göstərdiyiniz diqqətə görə “Kəpəz” ailəsi adından sizə təşəkkürümüzü bildiririk”.
Görüşün yekununda icra başçısına klub adından xatirə hədiyyəsi təqdim olunub və birgə foto çəkdirilib.
Xatırladaq ki, “Kəpəz” – “Qarabağ” qarşılaşması noyabrın 22-də Gəncə Şəhər Stadionunda baş tutacaq.