Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qarabağ”dan “Liverpul”a qarşı oyunda da sürpriz nəticə gözləyiriksə, matçı idarə edəcək ədalət təmsilçisinin kimliyinə nəzər salmaqda fayda var. Hər halda, mümkün tarixi uğurun hakim səhvi üzündən əldən çıxmasına dözmək çətin olur.
“Ayntraxt”la görüşdə yaşananları hələ unutmamışıq. Sandro Şerer az qala “köhlən atlar”ın uğurunu bir göz qırpımında puç edəcəkdi. Yaxşı ki, son saniyələrdə fərqlənən Bəhlul Mustafazadə buna imkan vermədi. İş o həddə çatdı ki, ölkə başçısı İlham Əliyev də Şereri, hətta UEFA-nı qınadı. Bəs, İvan Krujlyakla bağlı durum nə yerdədi? Ənənəvi hakim təqdimatında bu suala cavab tapmağa çalışacağıq.
İvan Krujlyak... 1984-cü ildə Bratislavada dünyaya göz açan ədalət təmsilçisi 21 yaşından bu işlə məşğuldu. 2010-cu ildən ölkəsində - Slovakiyada premyer-liqa matçlarını idarə edir. O, indiyə qədər bu çərçivədə meydana çıxdığı 203 qarşılaşmada futbolçuları 1012 sarı, 50 qırmızı vərəqəylə cəzalandırıb. “Fit sahibi” 2011-ci ildən bəri FİFA referisi kimi fəaliyyət göstərir.
Krujlyakın beynəlxalq karyerası yetərincə zəngindi. Konfrans Liqasının təsnifat mərhələsi istisna olmaqla avrokubokların bütün turnirlərinin təsnifat və əsas mərhələlərində iş başında olan rederi sayılıb-seçilənlərdəndi. Odu ki, ədalət təmsilçisinin 2024-cü ildə Almaniyada keçirilən Avropa çempionatının matçlarını idarə edən 19 hakimdən biri olması təbii haldı. Ancaq referinin karyerasınınbununla məhdudlaşdırmaq olmaz. Çünki o həm də Millətlər Liqasında, 17, 19 və 21 yaşadək futbolçuların Avropa, 20 yaşadək futbolçuların isə dünya çempionatında, beynəlxalq yoldaşlıq oyunlarında fit çalıb.
Krujlyakın xidmətinə başqa ölkələr də ehtiyac duyub. Ədalət təmsilçisi BƏƏ, Səudiyyə Ərəbistanı, Yunanıstan, Sloveniya və Rumıniyanın yüksək liqalarında baş hakim olub.
Nəhayət, əsas məqam: Krujlyak ikinci dəfə “Qarabağ”ın oyununda iş başında olacaq. “Köhlən atlar”ın Çempionlar Liqasının cari mövsümündə səfərdə - Skopyedə Şimali Makedoniya “Şkendiya”sına qarşı matçını da idarə edib. Həmin görüşdə Mateuş Koxalski, Kadi Borges və Aleksey Kaşuka “sarı” göstərib. Xatırladaq ki, ağdamlılar ötən ilin avqustunda 3-cü təsnifat mərhələsi çərçivəsində keçirilən ilk oyunda rəqibini məğlub edib – 1:0. Hakimin yolu əsas yığmamızla da kəsişib. Bu “fit sahibi”nin idarə etdiyi, 2021-ci il martın 27-də Macarıstanın Debretsen şəhərində keçirilən matçda Qətərə uduzmuşuq – 1:2.
Ümumiyyətlə, Krujlyak karyerası ərzində 468 qarşılaşmada baş hakim olub, bu görüşlərdə 2307 sarı, 123 qırmızı vərəqə göstərib.
KƏNAN BAHADIR