Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu gün məşhur ispan yazıçı, dramaturq və şair Migel de Servantesin doğum günüdür.
Kulis.az ədibin "Qaraçı qızı" hekayəsini Səkinə Hüseynova və Fərhad Əliyevin birgə tərcüməsində təqdim edir.
İspaniya kəndlərindən birində yaşayan məşhur qoca qaraçı arvad bir qızı öz nəvəsi kimi böyüdürdü, adını da Gözəl qoymuşdu. Qız uşaqlıqdan oxumağı, qəşəng rəqs etməyi öyrənmişdi. Bu qənirsiz gözəl yoxsulluqla böyüməsə də, çox nəzakətli, təvazökar qız idi. Qaraçı arvadı onu Kastliyanın hər köşəsini gəzdirirdi, ancaq on beş yaşını çatanda krallığın mərkəzinə gətirdi. Fikirləşdi ki, qızın gələcəyi burdadır.
Gözəl, səkkiz qaraçı ilə birlikdə Madridə Müqəddəs Anna günündə gəlib çatdı. Onlar səliqəli, qəşəng geyinsələr də, Gözəlin gözəlliyi hamını valeh edirdi. O biri qaraçıların rəqsindən sonra Gözəl şaxşaxları əlinə alıb romans oxudu, rəqs etdi. Bu gündən qaraçı qızının şöhrəti aləmə yayıldı, çünki Müqəddəs Anna bayramının hakimləri ona birinci mükafatı verdilər.
On beş gün sonra Gözəl, üç qaraçı qızı ilə birlikdə yenidən Madridin küçələrində göründü. Qoca qaraçı Gözəli müşayiət edir, onu heç vaxt tək qoymurdu, qorxurdu ki, nəvəsini oğurlayarlar. Qaraçılar Toledonun küçəsində rəqs eləməyə başladılar. Onlar rəqs elədikcə, qarı səxavətli tamaşaçılardan sədəqə yığırdı. Elə ki rəqs qurtardı, Gözəl şaxşaxları səsləndirib, romans oxudu. Romans qurtaranda toplaşanlar çığırışdılar:
– Bir də oxu, Gözəl, bir də oxu!
İki yüzdən artıq adam Gözəlin rəqsinə tamaşa edib, mahnısına qulaq asan vaxt yaxınlıqdan Madridin bələdiyyə idarəsi üzvlərindən biri keçirdi. O, camaatın yığıldığını görüb ayaq saxladı, qəşəng qaraçı qızının oxumasını dinlədi. Qız ona xoş gəldi, əmr elədi qarıya desinlər ki, axşam evində onları gözləyəcək, istəyir arvadı xanım Klara və rəfiqələri qızların rəqsinə tamaşa etsinlər. Qarı qızlarla məsləhətləşib razılıq verdi.
Qaş qaralanda qaraçılar həmin evə yollandılar. Ora çatan kimi xanım Klara Gözəli görüb ona valeh oldu.
– Nə qəşəng qızdır! – dedi. – Fal aça bilərsən, qızım?
Qarı cavab verdi:
– Üç-dörd cür, mənim xanımım. Indi görəcksiniz nələr deyir. Bu uşaq həkimin təbabətdə bildiklərindən çox bilir.
– Bu da mənim əlim, qəşəng qız, – deyə xanım dilləndi, – Ovcumun içində nə görürsən, onu mənə de.
Gözəl, xanım Klaranın falına baxdı, o biri xanımlara da gələcək talelərindən xəbər verdi. Sonra qaraçılar xudahafizləşib, hər axşam Madriddən kəndlərinə dağılışan əkinçilərin toplandığı yerə getdilər.
İki həftə keçmiş Madridə qayıdan qaraçılar yolda şıq giyimli, qəşəng bir cavan oğlanla rastlaşdılar. Cavan onlara yaxınlaşıb, qarıya dedi:
– Zəhmət olmasa, o qaraçı qızını çağır, istəyirəm ki, dediklərimi də eşitsin.
Qarı Gözəli çağırdı, aralarında iyirmi addımlıq məsafə qalanda, cavan oğlan dedi:
– Mənim xanımlarım. Gözəlin gözəlliyi, ağlı məni əsir eləyib. Zadəgan olsam da, Gözəli xoşbəxt etmək və öz xanımım görmək üçün böyük bir senyor olmaq istərdim. Mənim adım budur – adını dedi... Yaşadığım ev filan küçədədir, ünvanım filandır. Mənim barəmdə qonşularımızdan soruşa bilərsiniz, nəinki qonşular, bütün krallıq mərkəzi məni və atamı tanıyır.
Zadəgan danışdıqca Gözəl onu diqqətlə nəzərdən keçirirdi və heç şübhəsiz, cavanın ədaları, mühakiməsi qıza xoş gəlirdi. O, üzünü qarıya tutub dedi:
– Nənə icazə ver, senyorun cavabını verim.
– Nə istəyirsənsə de, əzizim, bilirəm ki, ağıllı cavab verəcəksən.
Gözəl, zadəgana müraciət etdi:
– Senyor kabalyero, yaşım on beş olsa da, fikirlərim yetkindir, sənin düşündüyündən də artıq bilirəm. Məhəbbətə aid sözlərə inanmıram. Əgər ərim olmaq istəyirsənsə, qəbul eləyirəm, ancaq əvvəlcə bilməliyəm ki, sen dediyin adamsanmı. Sonra da atanın evini tərk edib, qaraçı paltarı geyərsən, iki il bizim adətləri öyrənərsən. Həmin müddətdə mən sənin xasiyyətinə bələd olaram, sən də mənim. Möhlət qurtaranda, əgər bir-birimizdən razı qalsaq, arvadın olaram, amma o vaxta qədər sənə bacıyam.
Cavan oğlan Gözəlin bu sözlərinə heyrətlə qulaq asdı, başını aşağı dikib nə cavab verəcəyini xeyli fikirləşdi. Onda Gözəl sözünə davam etdi:
– Belə halda dərhal qərara gəlmək olmaz. Madriddə get, yaxşı fikirləş, qayıdańbaşda həmin bu yerdə mənimlə danışa bilərsən.
Cavan oğlan qızın cavabında dedi:
– Sənin bütün istədiklərinə əməl eləməyə hazıram, çünki səni sevirəm. Heç vaxt düşünməzdim ki, məndən belə şeylər xahiş eləyən olacaq, əgər sənin xatirin belə istəyirsə, bu andan məni qaraçı hesab eləyə bilərsən. Məni hər cür sınaqdan keçirməyə ixtiyarın var, amma bil ki, həmişə indi gördüyün kimi, dəyişməz qalacağam.
Xudahafizləşməzdən qabaq sözləşdilər ki, gələn həftə həmin bu yerdə görüşəcəklər və oğlan özünə Andres de Kabalyero adı götürəcək. Bir həftə ərzində onun dediklərinin doğru olduğunu Gözəl yəqin edə biləcəkdir. Cavan oğlan salamatlaşıb, Madridə yollandı. Qaraçılar da razı halda yola düşdülər.
Gözəl çox şən idi, sevgilisinin evini görməkdən başqa, arzusu yoxdu. Bir az sonra həmin evə çatdılar. Eyvanda əlli yaşlı bir zadəgan dayanmışdı. Qaraçıları görüb dedi:
– Yuxarı qalxın, qızlar, sizə sədəqə verərlər.
Eyvana üç cavan oğlan boylandı, onlardan biri Gözəlin sevgilisi idi. Qızı görəndə elə heyrətləndi ki, rəngi saraldı. Qaraçılar yuxarı qalxıb otağa girəndə yaşlı zadəgan o birilərindən soruşdu:
– Yəqin ki, Madridi gəzən həmin gözəl qaraçı qızıdır.
Andres:
– Odur, – dedi.
Yaşlı zadəganın sözlərini eşidən Gözəl cavab verdi:
– İnanıram ki, qəşəngəm, amma deyilən qədər də gözəl değiləm.
– Don Xuanikoya and olsun ki, deyiləndən də çox gözəlsən, qızım!
Gözəl soruşdu:
– Don Xuaniko kimdir, oğlunuzdur?
– Sənin yanında dayanan oğlandur.
– Elə bildim ki, kabalyero iki yaşlı uşaq barəsində danışır. Don Xuanikoya bax! Artıq evlənmək vaxtıdır. Ovcundakı bu orta xətt mənə deyir ki, üç il keçməmiş evlənəcək. Çok tez vaxtda aşiq olacaq və çətin düyünləri açacaq. Güman eləyirəm ki, çox uzaqlara səfərə çıxacaq.
Don Xuan qıza cavab verdi:
– Doğrudur, qaraçı qızı. Dörd-beş gündən sonra Flandriyaya səfərə çıxmaq fikrindəyəm, ancaq məni yalançı çıxarmaqda səhv eləyirsən. Kənddə verdiyim sözü şəhərdə yerinə yetirəcəm. İndi isə, qızcığaz, yoldaşlarınla bir az rəqs elə.
Gözəl şaxşaxları əlinə alıb elə qəşəng rəqs elədi ki, hamı heyran qaldı.
Sonra qaraçılar xudahafizləşib, razı halda evi tərk etdilər.
Sentyabr günlərindən birində səhər cavan zadəgan qonşudan aldığı qatırın belində qızla sözləşdikləri yerə gəldi. Gözəllə qaraçı arvadı orada gördü. Onlar oğlanı sevinclə qarşılayıb, öz çadırlarına apardılar. Az keçmiş çadıra on-on iki nəfər cavan, qəşəng qaraçı gəldi, qarı təzə yoldaşlarını onlara təqdim etdi. Andresin qatırını görən qaraçılardan biri dedi:
– Bunu cümə axşamı Toledoda satarıq.
Andres cavab verdi:
– Yox görüb-tanıyan olar, yaxşı düşməz.
Başqa bir qaraçı:
– Allah xatirinə, senyor Andres, – dedi, – heç narahat olmayın, qatırın sir-sifətini elə hala salarıq ki, hiç doğma anası da onu tanıya bilməz.
Lakin Andres fikrindən dönmədi, dedi ki, qatıra dəyməsinlər, yoxsa əvəzində sahibinə pulunu gümüşlə dördqat artıq verməli olacaq.
Qaraçılardan biri dedi:
– İndi ki elədir, iradənizə tabe oluruq, senyor Andres.
Qaraçılar çadırlardan birini tez səliqəyə salıb, onu xırda budaqlarla bəzədilər. Andres bir kötüyün üstündə oturub paltar dəyişmə mərasiminə başladı. Mərasim qurtaranda qoca bir qaraçı Gözəlin əlindən tutub qabağına gətirdi və dedi:
– Bu qızı sənə arvad, sirdaş veririk. O, İspaniyada yaşayan bütün gözəl qaraçı qızlarının tacıdır. Ona yaxşı bax. Əgər onda bir şey sənə xoş gəlmirsə, buradakı qızlardan istədiyini seç, onu sənə verək. Ancaq sən bu qızı alsan, başqasını ondan üstün tutmazsan. İndi ise biz qaraçıların necə şən yaşadığına şahid olacaqsan. Biz bu düzlərin, dağların, bulaqların, çayların sahibiyik. Dağlar bizə odun, ağac, meyvə bəxş edir; bulaqlar su, çaylar balıq, qayyalar kölgə və sığınaçaq verir. Ruzi qazanmaq yollarımız çoxdur. Büyük senyorlara qulluq eləmirik, onlardan mərhəmət gözləmirik. Bu sadə çadırlarda güzəranımız xoş keçir, lap senyorların saraylardakı yaşayışı kimi. Bunları sənə ona görə deyirəm ki, qədəm qoyduğun təzə həyatına bələd olasan. Sonralar lazım olan şeyləri özün öyrənəcəksən.
Qoca qaraçı susdu. Andres cavab verdi ki, təzə həyata qədəm basduğu üçün şaddır, bu andan etibarən kabalyero peşəsindən əl götürür, özünü qaraçı qanunlarının ixtiyarına verir.
Gözəl ona yaxınlaşıb dedi:
– Bu senyorlar məni sənə verdilər, ancaq şərtimizə əməl elədiyin vaxt mən sənin olacağam.
– Şərtlərini qəbul eləyirəm, Gözəl və onları yerinə yetirəcəyəm.
Bu əhvalatdan bir müddət keçdi. Andres qaraçılara təklif etdi ki, onunla bərabər Madriddən çıxıb getsinlər, çünki bu şəhərdə qalsa, onu tanıyarlar. Təklifi qəbul etdilər və Toledo dağlarına çəkilməyi qərara aldılar. Beş həftə orada qaldılar, sonra Estremaduraya yollandılar. Andres həyatının ən mənalı, unutulmaz, şən günlərini Gözəllə birlikdə keçirirdi. Gözəl də ona getdikcə daha çox alışır, onu daha dərindən sevirdi. Bayram günlərində idmanın kaçma və tullanma növü üzrə Andres həmişə birinci mükafatı alırdı. Məşğul olduğu idmanın bütün növləri üzrə qeyri-adi qüvvəyə malik olduğunu sübut edirdi, tez bir zamanda Estremadurada məşhur oldu. Hər yerdə Andres Kabalyeronun yaxşı cəhətlərindən danışırdılar. Gözəlin də şöhrəti aləmə yayılmışdı, onu bütün şənliklərə çağırırdılar.
Qaraçılar, nəhayət, Estremaduranı da tərk edib, Lamanşa gəldilər, bir neçə gündən sonra isə Mursia şəhəri yaxınlığındakı kənddə məskən saldılar. Burada Andresə fəlakət üz verdi. Andres, Gözəl, nənəsi və üç qaraçı bir varlı, dul arvadın karvansarasına düşdülər. Arvadın on yeddi-on səkkiz yaşlarında Xuana Karduqça adlı qızı vardı. Qız, qaraçıların rəqsinə tamaşa edərkən, Andresə vuruldu, ürəyini ona açmaq və ona ərə getməyə hazır olduğunu bildirməyi qərara aldı. Bunun üçün fürsət axtararkən, Andresin iki uzunqulağı aparmaq üçün həyata girdiyini gördü. Oğlana yaxınlaşıb, xəlvətcə dedi:
– Andres, – adını da öyrənmişdi, – mən varlı qızam, həm də anamın tək uşağıyam. Bu karvansara anamındır, çoxlu mal-qarası, on iki də evi var. Əgər məni almaq istəsən, sənə gedərəm. Elə bu saat mənə cavab de.
Andres Karduqçanın cəsarətinə heyrət etdi və cavab verdi:
– Dostum, mən başqa qıza söz vermişəm, biz qaraçıyıq, qaraçı qızları ilə də evlənməliyik. Mərhəmətin üçün sənə minnətdaram, mən buna layiq değiləm.
Belə cavabı gözləməyən qız təəccübləndi, ancaq qaraçıların həyata girdiyini görüb hiç nə demədi, həyətdən çıxdı. Bu qəribə əhvalatdan sonra Andres dostlarından xahiş etdi ki, buradan mümkün qədər tez çıxıb getsinlər. Qaraçılar axşamüstü yola düşməyə qərar verdilər.
Andresin başqa qaraçılarla bərabər getdiyini görən Karduqça ondan intiqam almaq qərarına gəldi. Bu məqsədlə əmr verdi ki, kənd camaatının tanıdığı, ona məxsus bəzi bəzək şeylərini Andresin özü ilə gəzdirdiyi torbaya qoysunlar.
Qaraçılar karvansaranın həyətindən çıxanda Karduqça haray-həşir saldı ki, onun qaş-daşlarını oğurlayıblar. Məhkəmə işçiləri, bütün kənd camaatı ora toplandı.
Qaraçılar ayaq saxladı, and içdilər ki, hiç nə oğurlayıblar və torbalarındakı şeyləri çıxarıb göstərməklə bunu sübut edə bilərlər. Ancaq Karduqça dedi ki, Andresi iki dəfə otağına girən görmüşdür və əmr elədi oğlanın torbasını axtarsınlar.
Andres bu ittiham müqabilində gülüb cavab verdi:
– Bu, mənim torbam, bu, mənim eşşəyim, bu da mən. Əgər dedikləriniz məndə tapılmasa, mənə oğru kimi cəza verin.
Andresin torbasını axtardılar, Karduqçanın qaş-daşlarını oradan tapdılar. Onları görən Andres elə heyrətə gəldi ki, rəngi ağardı, nitqi tutuldu.
Karduqça:
– Şübhələrim doğru çıxmadı?! – dedi. – Mənim dediyim olmadı?! Gör bu oğru özünü necə tülkülüyə vurur!
Hakim Andresi və o biri qaraçıları təhqir etdi. Oğlan əhvalatdan heç cür baş aça bilmirdi. Hakimin qardaşı oğlu, cavan bir əsgər Andresə yaxınlaşıb dedi:
– Gözümüzlə gördüyümüzü danmağa cürət eləyəcəksən? Oğru oğruya layiq də cəza almalıdır.
Bunu deyib Andresə şillə vuruqda, qəzəblənmiş Andres əsgərin qılıncını dartıb qınından çıxartdı və bir zərbə ilə onu öldürdü. Adamlar Andresin üstünə cumub, onu tudular. Hakim elə oradaca oğlanı edam etmək istədi, ancaq buna ixtiyarı yox idi, ona görə Andresi Mursiaya göndərməli oldu. Ertəsi gün hakim, onun köməkçiləri, əl-ayağı zəncirlənmiş Andres və qaraçılar Mursiaya gəldilər. Bütün şəhər onlara baxmağa yığışdı, hamı da Gözəlin gözəlliyinə heyran qaldı.
Şəhər valisinin xanımı gözəl qaraçı qızının sorağını eşitdi, onu görmək istədi, validən xahiş etdi ki, onu qazamata salmasın. Andresi isə dar və qaranlıq kameraya atdılar ki, orada ölsün. Gözəli nənəsi ilə vali xanımının yanına gətirdilər. O, qızı görüb dedi:
– Sənə gözəl deyənlərin haqqı var.
Qıza yaxınlaşıb boynunu qucaqladı və nənəsindən soruşdu ki, onun neçə yaşı var. Qaraçı cavab verdi:
– On beş.
Nəcib xanım dedi:
– Mənim yazıq Konstansamın da indi on beş yaşı olardı. Bu gözəl qızı gördüm, yaram sızıldadı.
Gözəl, xanımın əllərindən tutup, göz yaşı içində onları dönə-dönə öpdü:
– Mənim xanımım, qazamata salınmış qaraçının günahı yoxdur, ona oğru dedilər, amma oğru değil. Mərhəmət qılın, günahsızı məhkəmədən qurtarın.
Gözəl, xanımın əllərini əlində saxladığı vaxt xanım ona həyəcanla baxırdı. Elə bu dəm vali içəri girdi və soruşdu ki, bu göz yaşlarını səbəbi nədir. Gözəl diz çöküb yalvardı:
– Rəhm eləyin, cənab vali! Əgər ərim ölsə, mən də öləcəyəm.
Qarı vəziyyəti belə görüb dedi:
– Səbr eləyin, mənim senyorlarım. Bu göz yaşları sevinc yaşları olacaq, bunun üçün canımı da əsirgəməyəcəyəm.
Qarı onlardan ayrılıb az sonra qoltuğunda kiçik bir qutu ilə geri döndü, valiyə və onun xanımına dedi ki, onlara böyük bir sirr açmalıdır. Vali qarı və xanımı ilə öz otağına keçdi. Orada qarı ikisinin də qabağında diz çöküb dedi:
– Əgər sizə verəcəyim xəbər tutduğum günah işin əvəzində mərhəmətə layiq olmayacaqsa, cəza almağa hazıram. Amma hər şeydən əvvəl bilmək istəyirəm ki, bu qaş-daşlar sizə tanış gəlirmi?
Qarı, Gözəlin bəzək şeyləri olan qutunu valiyə verdi. Vali qutunu açıb içindəkilərə baxdı, ancaq bilmədi ki, bununla qarı nə demək istəyir. Onun xanımı da hiç nə baş düşməyib dedi:
– Bunlar balaca bir qızın bəzək şeyləridir.
Qarı cavab verdi:
– Doğrudur, bu kağızda adı yazılan qızın qaş-daşıdır.
Vali kağızı götürüb tez açdı və bu sözləri oxudu:
“Qızın adı Donna Konstansa de Asevedodur. Mən onu Assension de Senyor bayramı günündə, səhər saat səkkizdə 1595-ci ildə apardım. Qızın qaş-daşı vardı, onları bu qutuda saxlamışam”.
Valinin xanımı bəzək şeylərini dərhal tanıdı və soruşdu:
– Xeyirxah qadın, o qızcığaz hardadır?
– Hardadır? Sizin evinizdə! O qaraçı qızı sizin qızınızdır. Mən onu bayram günündə evinizdən aparmışdım.
Bunları eşiden kimi xanım Gözəli qoyub gəldiyi otağa kaçdı. Qıza yaxınlaşıb bir söz demədən onun ayaqqabılarını çıxartdı. Sağ ayağındakı iki kiçik barmağının bitişmiş olduğunu görüb yəqin elədi ki, Gözəl onun qızıdır. Qaş-daş da kağızda göstərilən gün də, qarının dedikləri də, qızcığaz içəri girəndə duyduğu şadlıq da bunu təsdiq edirdi. Xanım qızını qolları üstünə alıb, əri olan otağa gətirdi:
– Ömür yoldaşım, bu, bizim qızımız Konstansadır. Şübhə eləmə. Ayağındakı bitişik barmaqlar, ondan da çox mənim ürəyim bunun olduğunu mənə deyir.
– Mən şübhə eləmirəm, – deyib vali Gözəli qucaqladı. Sonra arvadına və qaraçıya tapşırdı ki, sirri hiç kəsə açmasınlar, qarının günahını da bağışladı, çünki qızları tapıldığı üçün ər-avvad büyük şadlıq içində idi. Təkcə Gözəlin qaraçı arvadı olduğu, oğru və qatil qaraçının arvadı olduğu fikri valini bir az narahat edirdi. Gözəl dedi:
– Ah, senyor, o nə qaraçıdır, nə oğru, nə də qatil.
Donna Giomar təəccübləndi:
– Necə ki qaraçı değil, qızım?
Onda qarı Andres Kabalyeronun əhvalatını qısaca danışdı, zadəgan geyimini saxladığını da dedi. Dedi ki, Andreslə Gözəl evlənməzdən qabaq iki il bir yerdə qalmağı qərara alıblar.
Təəccüblənmiş vali qarıya əmr elədi ki, Don Xuanın geyimini gətirsin. Qarı gedib qayıdınca ata-ana Gözələ azı min sual verdi. Don Xuanı sevib-sevmədiyini soruşanda Gözəl ah çəkdi. Xanım başa düşdü ki, qız oğlana görə ah çəkir, ərinə dedi:
– Senyor, indi ki, Don Xuan de Karkamo zadəgandur və bizim qızımızı sevir, onu kürəkənliyə qəbul eləsək, pis olmaz.
– Gedim onu görüm, – vali qızını qucaqlayıb, qazamata getdi.
Don Xuanın kamerasına girib dedi:
– Qaraçı Andres Kabalyeronun kefi necədir? Mən bu şəhərin valisiyəm, bilmək istəyirəm ki, sən doğrudanmı bizim evdəki qaraçı qızının nişanlısan?
– Əgər o, bunu deyibsə, doğrudur.
– Bəli, deyib ki, sənin nişanlındır. Bilir ki, tutduğun cinayət üstündə öləcəksən, məndən xahiş elədi ki, sən ölməmişdən qabaq sizi evləndirim.
– Əgər onunla evlənsəm, rahat ölərəm.
Vali cavabında:
– Az istəmirsən! – dedi. – Yaxşı, bu axşam səni evimə gətirdərəm, orada evlənərsiniz, sabah, günortaüstü ölərsən. Beləliklə, hem məhkəmənin iradəsinə əməl olunar, həm də sizin arzunuz yerinə yetər.
Axşam düşdü, saat onda Andresi, əl-ayağı zəncirli, qazamatdan çıxarıb, valini evinə gətirdilər. Donna Giomar, vali, Gözəl və iki nökər orada idilər.
Andresə artıq əziyyət vermək istəməyən Donna Giomar ona dedi:
– De görüm, əgər Gözəllə evlənsən, Andres Kabalyero kimi xoşbəxt olacaqsan, yoxsa Xuan de Karkamo kimi?
Əsil adını eşiden Andres heyrətləndi:
– Gözəl dilini saxlamayıb, adımı sizə deyib?
Ancaq vali oğlanı sevindirdi:
– Ən nəcib, xeyirxah işinizə görə Gözəl tezliklə sənin arvadın olacaq. O, donna Konstansa de Asevedodur, mənim yeganə qızım. Onu sənə evimin ən qiymətli gövhəri kimi tapşırıram.
Andres təəccüblənsə də, tezliklə sirdən xəbərdar oldu. Andres Kabalyeronun günahından keçdilər. İyirmi gün toy elədilər. Şəhərdə bayram, atəşfəşanlıq oldu, torreadorlar məharət göstərdilər. Qaraçı arvad Gözəldən ayrılmaq istəməyib onun yanında qaldı.
"Üzüklərin hökmdarı" fanatları tərəfindən böyüklər üçün "hobbit kəndi" açıldı Zvyaqintsevin "Minotavr"ı Fransanı "Oskar"da təmsil edəcək Britaniya Naqa əcdadlarının qalıqlarını yerli icmaya qaytaracaq