Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qaraciyər fəaliyyətini itirdikdə zərərli maddələr qanda toplanaraq beyin də daxil olmaqla digər orqanlara ciddi zərər vura bilər. Xəstəliyin ilkin əlamətləri isə çox vaxt adi yorğunluq və stresslə səhv salınır.
Moderator.az xəbər verir ki, qaraciyər çatışmazlığı zamanı orqan toksinləri lazımi səviyyədə zərərsizləşdirə bilmir. Nəticədə bu maddələr beyinə təsir göstərərək qaraciyər ensefalopatiyasına səbəb ola bilər.
Qaraciyər çatışmazlığı kəskin və ya xroniki formada inkişaf edə bilər. Buna virus hepatitləri, uzunmüddətli alkoqol qəbulu, yağlı qaraciyər xəstəliyi, bəzi dərmanların həddindən artıq istifadəsi və autoimmun xəstəliklər səbəb ola bilər.
İlk əlamətlər arasında yorğunluq, iştahasızlıq, ürəkbulanma və sağ qabırğaaltı nahiyədə ağırlıq hissi var. Xəstəlik irəlilədikcə gözlər və dəri saralır, sidiyin rəngi tündləşir, qarın və ayaqlarda şişkinlik yaranır, bədəndə səbəbsiz göyərmələr meydana çıxır.
Ən təhlükəli mərhələlərdən biri toksinlərin beyinə təsir etməsidir. Bu zaman insan diqqətini cəmləməkdə çətinlik çəkir, sözləri və hadisələri qarışdırır, yuxu rejimi pozulur, əllərdə titrəmə və əl yazısında dəyişikliklər müşahidə olunur. Ağır hallarda şüur pozula və koma yarana bilər.
Qaraciyər çatışmazlığı böyrəklərin fəaliyyətinə, qanın laxtalanmasına və immun sisteminə də mənfi təsir göstərir. Diaqnoz qan analizləri və digər müayinələr əsasında qoyulur. Erkən mərhələdə səbəb aradan qaldırılarsa, qaraciyərin funksiyalarını bərpa etmək mümkün ola bilər.
Mütəxəssislər qaraciyəri qorumaq üçün alkoqol qəbulundan çəkinməyi, dərmanları, xüsusilə parasetamolu yalnız təlimata uyğun istifadə etməyi, bədən çəkisini və qan şəkərini nəzarətdə saxlamağı tövsiyə edirlər.
Gözlərin saralması, qarında şişkinlik və xüsusilə qəfil çaşqınlıq ciddi xəbərdarlıq əlamətləridir. Belə hallarda dərhal tibbi yardım almaq vacibdir.