Qaradağda təlim keçirildi Fotolar

03.09.2026

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Qaradağ Rayon İcra Hakimiyyətinin, YAP Qaradağ Rayon Təşkilatının və Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun birgə təşkilatçılığı ilə “Qaradağın təbiəti: tanı, qoru, təbliğ et” mövzusunda maarifləndirici təlim keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə YAP Qaradağ Rayon Təşkilatının sədri İlqar İlyasov, Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun rəisi Ceyhun Paşayev, Qaradağ Rayon İcra Hakimiyyətinin sektor müdiri Şamama Ağamuradova, RİH məsul əməkdaşları, YAP Qaradağ RT təşkilatının fəal üzvləri, rayonun fəalları iştirak edirdilər.

Tədbirin əsas məqsədi Qaradağ rayonunun zəngin və özünəməxsus təbii, bioloji, tarixi və mədəni irsinin daha geniş tanıdılması, onun qorunmasının vacibliyinin diqqətə çatdırılması, eləcə də rayonun turizm potensialının yeni nəsil üçün təqdim olunması olub.

Tədbirdə çıxış edən YAP Qaradağ Rayon Təşkilatının sədri İlqar İlyasov Qaradağ rayonunun yalnız sənaye və şəhər infrastrukturu ilə deyil, unikal təbiəti, palçıq vulkanları, biomüxtəlifliyi, fauna və florası, tarixi-mədəni irsi və coğrafi mövqeyi ilə də böyük potensiala malik olduğunu diqqətə çatdırıblar.

Təlim zamanı Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun rəisi Ceyhun Paşayev Qaradağ ərazisində və palçıq vulkanları ətrafında rast gəlinən canlı aləm haqqında iştirakçılara geniş məlumat verilib. Müxtəlif məməlilər, quşlar, sürünənlər, o cümlədən müxtəlif növ ilanlar, əqrəblər, həşəratlar və digər canlılar, həmçinin ərazinin özünəməxsus bitki örtüyü haqqında maraqlı faktlar təqdim olunub. Bununla yanaşı, palçıq vulkanlarının yaratdığı xüsusi təbii landşaftın elmi, ekoloji və turizm baxımından əhəmiyyəti vurğulanıb.

Qaradağın təbii sərvətlərinin və tarixi-mədəni irsinin qorunaraq gələcək nəsillərə çatdırılması məsələsi tədbirin əsas mövzularından biri olub. İştirakçılara rayon ərazisində yerləşən tarixi və mədəni irs nümunələrinin turizm marşrutlarına daxil edilməsi, onların tanıdılması və qorunması istiqamətində mövcud imkanlardan bəhs edilib. Bu yanaşma Azərbaycanın regionlarında mədəni turizmin inkişaf etdirilməsi və mədəni irsin turizm marşrutları vasitəsilə təbliğinə dair dövlət siyasəti ilə də uzlaşır.

Təlimdə xüsusi olaraq Qaradağın ekoturizm, geoturizm, maarifləndirici turizm, macəra turizmi və tarixi-mədəni turizm istiqamətlərində böyük potensiala malik olduğu vurğulanıb.

Qeyd olunub ki, rayonun təbii və tarixi imkanlarının düzgün təqdimatı gələcəkdə burada kiçik və orta sahibkarlıq subyektləri üçün yeni turizm layihələrinin həyata keçirilməsinə imkan yarada bilər. Kiçik turizm obyektləri, yerli bələdçilik xidmətləri, ekoturizm marşrutları, təbiət turları, ziyarətçi mərkəzləri, suvenir və yerli məhsulların təqdimatı, foto-turizm və digər xidmət istiqamətləri rayonun iqtisadi və turizm potensialının inkişafına töhfə verə bilər.

Bu baxımdan tədbir Azərbaycan Respublikası Prezidentinin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın regionlarda turizmin inkişafının təşviqi, rəqabətqabiliyyətli turizm məhsullarının yaradılması və investisiyaların təşviqi ilə bağlı əsas məqsədləri ilə səsləşir. Dövlət Proqramında turizm layihələri üçün investisiya təşviqi mexanizmlərinin təkmilləşdirilməsi də nəzərdə tutulub.

Eyni zamanda, 2026-cı ilin 24 fevral tarixli Prezident Fərmanı ilə mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsinə yönəlmiş yeni mexanizmlərin əsası qoyulub.

Tədbirdə bu istiqamətlərin Qaradağ üçün yaratdığı imkanlardan danışılaraq qeyd edilib ki, rayonun təbii və tarixi sərvətləri gələcəkdə yalnız qorunmalı irs deyil, həm də düzgün və dayanıqlı idarəetmə şəraitində yeni iqtisadi imkanlar yaradan turizm resursuna çevrilə bilər. Prezidentin 2 avqust 2024-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsində də xüsusi ekoloji, tarixi və mədəni əhəmiyyətə malik ərazilərin turizmin davamlı inkişafı, investisiyaların təşviqi və sahibkarlıq subyektlərinin inkişafına xidmət etməsi nəzərdə tutulur.

Tədbirin mühüm istiqamətlərindən biri də Qaradağın müxtəlif, o cümlədən rayonun daha ucqar yaşayış məntəqələrində yaşayan gənclərin gələcək peşə seçimlərinə və sahibkarlıq təşəbbüslərinə yeni baxış formalaşdırmaq olub.

Vurğulanıb ki, doğma ərazisinin təbiətini, tarixini və turizm imkanlarını yaxşı tanıyan gənclər gələcəkdə turizm menecmenti, bələdçilik, ekoturizm, turizm marketinqi, otelçilik, qonaqpərvərlik, rəqəmsal turizm, foto və media, tədbir və ekskursiya xidmətləri kimi istiqamətlərdə ixtisaslaşaraq öz rayonlarının turizm inkişafında fəal rol oynaya bilərlər.

Bu yanaşma həmçinin dövlətin gənclərin əmək bazarının tələblərinə uyğun hazırlanması, innovativ təşəbbüslərinin dəstəklənməsi və onların öz regionlarında məşğulluq imkanlarının artırılması istiqamətində siyasəti ilə uzlaşır.

Beləliklə, tədbirin əsas mesajlarından biri də bu olub: Qaradağın gələcək turizm inkişafında ən böyük resurslarından biri onun təbiətini və tarixini tanıyan, qoruyan və bu sərvətləri müasir turizm məhsullarına çevirə bilən gənc insan kapitalıdır.

Tədbirin sonunda iştirakçılar üçün daha bir maraqlı və yaddaqalan məqam yaşanıb. Tədbirdə çıxış edən Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun elmi işçisi, ilanlar və zəhərli həşaratlar üzrə mütəxəssis, təlimçi Anar Cəfərov iştirakçılara canlı şəkildə müxtəlif növ ilanlar nümayiş etdirilib. İştirakçılar canlı təbiət nümunələrini yaxından müşahidə edib, daha cəsarətli iştirakçılar isə ilanlara toxunaraq xatirə fotosu çəkdiriblər. Bu hissə tədbirin həm maarifləndirici, həm də emosional baxımdan ən maraqlı anlarından biri olub.

Sonda bütün iştirakçılara “Qaradağın təbiəti: tanı, qoru, təbliğ et” mövzusunda keçirilən təlimdə iştiraklarını təsdiq edən sertifikatlar təqdim olunub və tədbir iştirakçıların iştirakı ilə ümumi foto çəkilişi ilə yekunlaşıb.











Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью