Qaradağdakı əməliyyatda həbs edilən məmurun yerinə gələn şəxs də işdən çıxarıldı

02.02.2026

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) bir ay əvvəl vəzifəyə təyin edilən Kamran Əliyev işdən çıxarılıb.

"Unikal" Oxu.az-a istinadən xəbər verir ki, o, icra hakimiyyətində həyata keçirilən struktur dəyişikliyi nəticəsində vəzifəsini itirib.

Belə ki, RİH-də Rayon təsərrüfatı şöbəsi ləğv edildiyindən həmin şöbənin Baş məsləhətçisi (mühəndis) Kamran Əliyev vəzifəsindən azad olunub.

O, Lökbatan qəsəbə nümayəndəliyinə məsləhətçi-mühəndis vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, K.Əliyev ötən ilin dekabrında ovaxtkı icra başçısı Süleman Mikayılovun əmri ilə Rayon təsərrüfatı şöbəsinin Baş məsləhətçi-mühəndis vəzifəsinə təyin olunmuşdu. O, həmçinin şöbədə çalışan yeganə əməkdaş olduğundan müdir vəzifəsini icra edirdi.

K.Əliyev ötən ilin noyabr ayında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən icra hakimiyyətində keçirilən yoxlamalar zamanı həbs edilmiş Qafar Abdullayevi əvəzləmişdi.

Xatırladaq ki, ötən həftə dövlət başçısının müvafiq sərəncamı ilə Süleyman Surxay oğlu Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bir gün sonra isə icra hakimiyyətinin Hüquq, İctimai-siyasi və humanitar məsələlər və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbələri ləğv edilib.

Müvafiq olaraq, həmin şöbələrin müdirləri - Kamran Abdullayev, Munis Bayramov və Şikar Həsənalıyev işlərini itiriblər.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью