Qaraxanlı dövləti Ulu Türküstanda şanlı tarix

03.11.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

I Yazı
Qaraxanlı xaqanlığını (840-1212) təşkil edən Türk boyları Karluqlarlar, Ciğillər, Yağmalar və Arqullar idi.Əhalinin əksəriyyətini Karluqlar təşkil edirdilər. Qaraxanlı adı Karluq başçısı “Qara Xan”dan gəlir
.
Karluq türkləri Sır-Dərya ilə Çu çayları arasında axan Talas çayı boylarında yaşayırdılar. Sonralar güneyə və güney doğuya (cənub-şərqə) endilər.Karluq yabquları Göytürklərin Aşina oğulları sülaləsindən ( bir digər fikrə görə də uyğurların Yağma boyundan) idilər.
Karluq türkləri Yeddi-su bölgəsində bir dövlət qurdular. Paytaxtları Qara-Ordu... (və ya Quz Orda) idi. Karluq yabqusu zahirən Böyük Türk xaqanlığına,yəni Ötükəndəki Uyğur xaqanlığına bağlı idi. Qırğızlar 840-cı ildə Uyğur xaqanlığını yıxdıqdan sonra Karluq başçısı özünü Uyğur xaqanlığının qanuni xələfi elan etdi. Əsl adı “Bilgə Kül Qədir xan” (Kül Bilgə xan) idi. “Qara xan”, “ Böyük Xaqan” mənasını daşıyırdı.
Qaraxanlıların ilk hökmdarı Bilgə Kül Qədir xan (840-893) Mavəraünnəhrdə tacik Samani dövləti (819-999) ilə açıq mübarizə apardı.Bu hökmdarın ölümündən sonra iki oğlundan biri olan Bazir Arslan xan (893-920) “Ulu Xaqan” kimi Balasaqunda hökm sürdü. Qardaşı Oğulcaq Qədir xan (893-940) isə ona tabe ortaq xaqan kimi Talas şəhərinə hakim oldu.

Satuk Buğra xan
Oğulcaq Qədir xan 893-cü ildə paytaxtı Kaşğar şəhərinə köçürdü. Oğulcaq Qədir xanın qardaşı oğlu Satuk Buğra ona sığınmış olan tacik Samani (Saman oğulları) şahzadəsi və onun yaxınları ilə uzun müddət bir yerdə olmuşdu. Elə o zaman Tenqriçilik dinini tərk edərək müsəlman olmuşdu.Onun ərəb dininə keçərək müsəlman olmasını Oğulcaq Qədir xan qəbul etməyə məcbur oldu.Satukla birlikdə xalqdan ərəb dininə keçib müsəlman olanlar çoxaldı və bu vəziyyət Satuk Buğranı gücləndirdi.Müsəlmanlığı qəbul etmiş könüllülərdən ibarət bir ordu ilə şərq ərazilərinə hakim olmaq,yəni Böyük Xaqan olmaq üçün hərəkətə başladı.Bir müddət sonra Aral gölü və Xəzər dənizinin arasında yaşayan Oğuzlar Tenqriçiliyi tərk edərək müsəlman oldular. Bu, Satuk Buğranın gücünü daha da artırdı.
Ancaq Satuk Buğra şərq xaqanlığına tam olaraq hakim deyildi və “Ulu Xaqan” kimi tanınmışdı.Satuk Buğra ərəb dinini müsəlmanlığı dövlətin rəsmi dini kimi qəbul etdi və dərhal ərəb Əbdülkərim adını götürdü. Ərəb əlifbası rəsmi əlifba oldu.Artıq “Əbdülkərim Satuk Buğra xan” kimi tanınırdı.Bu tarixi hadisədən islamın rəsmən qəbulundan sonra qılınc gücünə Türk dünyasında müsəlmanlığın yayılmasını sürətləndirdi.Amma İslamın ərəb dininin əsil yayıcısı Satuk Buğra xandan sonra onun yerinə keçən oğlu Musa Bəydaş oldu. Əbdülkərim Satuk Buğra xan 27 aprel 955-ci ildə ölmüşdü.940-cı ildə xaqan olmuş 955-ci ildə vəfat etmişdir.
Musa Baytaş Buğra xan Xaqanlığı dövründə 955-970 Ulu Xaqanlıq uğrunda atasının başladığı mübarizəni davam etdirdi və xanədanın şərq qanadını özünə tabe edərək “Ulu Xaqanlıq”da ona rəqib olanları ortadan götürdü.Hakimiyyəti illərində Qaraxanlı dövlətinin ərazisində islam dininin yayılmasını davam etdirdi.
Qaraxanlı dövləti müsəlman olan ilk türk dövlətidir. Bu dövlətin yaradıcısı və ilk xaqanı Əbdülkərim Satuk Buğra xan X əsrin ilk yarısında (920 ya 940) müsəlman olub Tenqriçilik dinini islam dini ilə əvəzləyib öz dövlətinin rəsmi dini elan etdi və ona tabe olan ellər bütünlüklə müsəlman oldular.Qaraxanlılar islam dinini qəbul etməklə yanaşı türk adət və ənənələrinə bağlı qalıb,ilk islam türk mədəniyyəti əsərlərinin yaranmasına yardım etdilər.Onların zamanında xaqani türkcəsi rəsmi dil olmuş,”Qutadqu -Bilik”( Qutadğu bilig-“Xoşbəxtliyə aparan elm” və ya “Dövlət kitabı”) və “Divani lüğət ət-türk” kimi türk dil və ədəbiyyatının şah əsərləri yazılmışdır.
Qaraxanlılar 999-cu ildə tacik Samaniləri məhv edib bütün Mavəraünnəhrə hakim oldular. Qaraxanlı hökmdarı Əbu Nəsr Əhməd xan Qaraxanlı (999-1015) Buxaraya girdi və Samanilər dövlətini yıxdı.Bağdad Abbasi xəlifəsi Əbu Nəsr Əhmədi İslam hökmdarı kimi tanıdı.
Artıq Mavəraünnəhr bütünlüklə Qaraxanlıların əlinə keçidi. Qəznəlilərlə bağlanan bir anlaşma ilə Amudərya çayı iki dövlət arasında sərhəd qəbul edildi.Bu zaman Qəznə dövlətinin başında Səbuk Təkinin oğlu Mahmud keçmişdi. “Qəznəl Mahmud” adı ilə məşhurlaşacaq bu hökmdar “İlik xan” adı daşıyan Əbu Nəsrin qızı ilə evləndi.
İndi Qaraxanlıların sərhədləri Balasağun, Özkənd və tarım hövzəsini daxilinə alırdı. Onun hüdudları Balxaş gölünə, Hindiquş və Qaraqorum dağları ətəklərinə qədər uzanırdı.Qaraxanlılar Yusif Qədir xandan sonra iki hissəyə bölündülər.

Satuk Buğra xan dastanı
Əbdülkərim Satuk Buğra xan təzkirəsində əhvalat belə bildirilir: “...Allahın Rəsulu həzrəti Məhəmməd meraca çıxdığı gecə peyğənbərləri və onların arasında tanımadığı bir adamı görür. Onun da peyğənbər olduğunu sanaraq Cəbrayıldan (Cibril) soruşub ki, “Bu hansı peyğənbərdir? Cəbrayıl cavab verir: “Bu peyğənbər deyildir.333 ildən sonra Türküstana dinimizi gətirəcək Satuk Buğra xanın ruhudur”.Həzrəti Peyğənbər böyük sevinc içində yerə enərək türklər arasında İslam dinini yüksəldəcək və yayacaq olan Satuk Buğra Xana dua edər. Əshabı da (əyanlar) onu görmək istəyərkən Həzrəti Peyğənbər onların bu arzusunu qəbul edir.Başlarında türk papağı və üstlərində türk silahı olan qırx atlı əshabın qarşısına çıxıb salam verir.Bunlar Satuk Buğra xanın yoldaşlarının ruhları imiş...”
333 il sonra Satuk Buğra Xan bir gecə röyasında göydən bir insanın endiyini və ona “Müsəlman ol,dünya və axirətini qurtar” dediyini görür.Yuxudan duran kimi müsəlman olur.
Bu əhvalat 135 səhifəlik əlyazmasının xülasəsidir.Əlyazmasının digər bölmələrində qaraxanlıların dinsizlərlə etdikləri müxtəlif savaşlar təsvir edilir.

Xaqanlıq ikiyə bölünür
Əski Türk dövlət idarəçiliyi ənənəsinə uyğun olaraq Xaqanlıq torpaqları “Şərqi Xaqanlıq” və “Qərbi Xaqanlıq” adıyla ikiyə bölünür və Qərbi Xaqanı Şərq Xaqanına tabe olurdu. Şərqi,yəni Ulu Xaqanlıq Buğra Xanlarda,Qərbi Xaqanlıq isə Arslan Xanlarda idi.
XI əsrin ortalarına doğru Qərb Xaqanı Əhməd Arslan xan Ulu Xaqanlığı ələ keçirmişdi. Şərqdə hakimiyyət İbrahim Tağmaç Buğra xanın əlində idi.Ulu Xaqanlıq üstündə iki qardaşın arası dəydi və Xaqanlıq yalnız idarəçiliklə deyil,siyasi baxımdan da ikiyə bölündü,Şərq və Qərb xaqanları bir-birindən ayrıldı. Beləliklə vahid dövlət 1042-ci ildə iki dövlət halına gəldi: Şərqi Qaraxanlı dövləti və Qərbi Qaraxanlı dövləti.
Şərqi Qaraxanlı dövlətinin mərkəzi Kaşğar olub,1130-cu ildə Qaraxitaylarların hakimiyyəti altına girdilər.Qərbi Qaraxanlı dövlətinin mərkəzi Balasağun olub, bir müddət sultan Səncərə və ondan sonra Xarəzm şahlara tabe oldular və nəhayət,1212-ci ildə məhv oldular.

Şərqi Qaraxanlı dövləti 1042-1212
Şərqi Qaraxanlı dövləti yeni Türk ənənəsinə əsasən iki idarə bölgəsinə ayrıldı.Balasağunda oturan Ulu Xaqan sayıldı.Yardımçı xaqan bəzən Talas,bəzən Kaşğar şəhərində otururdu. Ölkə torpaqları Yeddi-su, Cu,Talas,Ceyhunun şərqi,Fərqanənin bir qismi ilə Uyğurustan torpaqlarını əhatə edir,İrtış çayına və cənubda Təhləməkan çölündən başlayaraq bütün uyğur torpaqlarını əhatə edirdi.
Dövlət adil və dindar hökmdarların idarəsində,xüsusilə mədəniyyət sahəsində böyük uğurlar qazandı.Bu hökmdarlar bilik və sənət adamlarını qorudular,islamiyyəti yaymağa çalışdılar. Qaraxanlı türklərindən məşhur şair Yusif Xas Hacib “Kutadqu-Bilik” adlı fəlsəfə və siyasət kitabını Kaşğar xanı Tağmac Buğra xana təqdim etmişdi.Daha başqa məşhur müəlliflər də zəmanəmizə gəlib çatan əsərlər yazmışlar.
Ancaq uyğurlardan sonra Böyük Türk xaqanlığının varisi olan qaraxanlılar Ulu xaqanlığı başqa bir türk dövlətinə-Səlcuqlara verməyə məcbur oldu.1090-cı ildə Sultan Məlik Şah qaraxanlıları özünə tabe etdi.Qaraxanlılar on beş il sonra təkrar müstəqillik qazandılar,amma bir dəfə də Qaraxitaylar dövlətinin hücumuna məruz qaldılar.Balasağun Qaraxitayların əlinə keçdi.Daha sonra Kaşğar da Çingiz xanın (1206-1227 ) əlinə keçdi və Şərqi Qaraxanlı dövləti yıxıldı.

Qərbi Qaraxanlı dövləti 1040-1212
Qərbi Qaraxanlı dövləti Mavəraünnəhr,Fərqanənin bir hissəsi,Fərab və paytaxt saldıqları Özkənd bölgələrini əhatə edirdi.Özkənddən sonra Səmərqənd paytaxt oldu.Yardımçı xan isə Buxarada otururdu.
Qərbi Qaraxanlı dövləti də Şərqi Qaraxanlı dövləti kimi yavaş-yavaş Səlcuqlu hakimiyyətinə keçməkdə idi. 1068-ci ildə taxta çıxan Şəmsülmülk Nəsr müqavimət göstərə bilməyəcəyini anlayınca Səlcuqlarla anlaşma yolunu tutdu. Böyük Sultan Məlikşah (1072-1092) bir Qaraxanlı şahzadəsi ilə evləndi.1089-cu ildə Qərbi Qaraxanlı dövləti də Səlcuqlara tabe oldu. Məlik şahdan sonra onun yerinə keçən Səncər zamanında vəziyyət dəyişmədi. Səlcuqlular 1141-ci ildə Qaraxitaylara məğlub olduqdan sonra Qaraxanlı dövləti Qaraxitayların hakimiyyətinə keçdi.
Qaraxitayları Xarəzm Sultanı Əlaəddin Məhəmməd (1200-1212) məğlub etdi. Sultan Əlaəddin Səmərqənddə oturan son Qaraxanlı xanı Osman xanı da ortadan qaldırdı və beləcə 1212-ci ildə Qərbi Qaraxanlı dövləti yıxıldı.
Ardı var

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью