Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
II Yazı
Türklərin müsəlmanlığı qılınc gücünə təzyiqə məruz qəbul etdiyi,kütlə halında Tenqriçilik dinini tərk edib müsəlman olduqları Qaraxanlı tarixində bir həqiqətdir.Təkcə bunu xatırladaq ki, türklər hər zaman Tanrıya inanmışdılar.Milli dini Tenqriçiliyi buraxıb islamı qəbul etmələri Qaraxanlılar üçün milli faciə idi.
Qaraxanlı dövlətinin quruluşu ənənəvi türk dövlətçilik sistemi (xüsusilə Göytürk və Uyğur ənənələri) ilə islam idarəçilik prinsiplərinin sintezindən ibarət idi.Dövlət mütləq monarxiya formasına malik idi və ikili idarəetmə sisteminə əsaslanırdı.
İkili İdarəetmə Sistemi (Şərq və Qərbi)
Türk dövlətçilik ənənəsinə uyğun olaraq ölkə iki əsas hissəyə bölünərək idarə olunurdu:
Şərq hissə (Böyük Xaqanlıq): Dövlətin əsas və müqəddəs hissəsi idi. Burada oturan hökmdar “Arslan Qara Xaqan” titulunu daşıyır və dövlətin ali başçısı hesab olunurdu.Paytaxtı Balasağun idi.
Qərb hissə (Kiçik Xaqanlıq) Şərqdə Böyük Xaqana tabe olan şəxs tərəfindən idarə edilirdi. Buranın rəhbəri “Bugra Xaqan” titulu daşıyırdı.Paytaxtı adətən Qaşqar və ya Taraz şəhərləri olurdu.
Bu daxili bölgü sonralar (1042-ci ildə) dövlətin rəsmən iki müstəqil-Şərqi və Qərbi Qaraxanlı xaqanlığına parçalanması ilə nəticələndi.
Qaraxanlı Xaqanlığı ərazisi
Qaraxanlı dövlətinin ərazisi Balxaş gölündən başlayaraq Hindiquş və Qaraqorum dağlarına qədər geniş torpaqları-təqribən 3 milyon kvadratkilometr sahəni əhatə edirdi.Türküstan ( Mərkəzi Asiya) ərazisində qurulmuş bu ilk müsəlman-türk xaqanlığının tərkibinə əsasən aşağıdakı tarixi coğrafi bölgələr və torpaqlar daxil idi:
Mavəraünnəhr regionu : Ceyhun (Amudərya) və Sırdərya çayları arasında qalan münbit tarixi torpaqlar (Samanilər dövlətinin süqutundan sonra tamamilə Qaraxanlıların nəzarətinə keçmişdir).
Yeddisu (Semireçye) bölgəsi: Cu və Talas çayları vadiləri,Balxaş gölü ətrafındakı torpaqlar.
Fərqanə vadisi: Bölgənin ən mühüm kənd təsərrüfatı və şəhər mərkəzlərindən biri olan Fərqanənin böyük hissəsi.
Şərqi Türküstan və Uyğurustan torpaqları: Təkləməkan səhrasından başlayaraq İrtış çayına qədər uzanan,Xotən və Yarkənd kimi tarixi şəhərləri əhatə edən ərazi.
Tyan-Şan (Tanrı dağları) ətəkləri Şimali Hindistan sərhədləri: Cənubda Hindiquş dağlarına və Gilgit şəhərinə qədər olan dağlıq ərazilər.
Dövlətin Tərkibindəki Əsas Tarixi Şəhərlər
Xaqanlığın torpaqları üzərində Şərq ilə Qərbi birləşdirən Böyük İpək Yolu keçirdi.Bu səbəbdən dövlətin tərkibindəki sərhədlər dövrün ən böyük ticarət,mədəniyyət və elm mərkəzlərinə çevrilmişdi.
Paytaxtlar: Qaşqar (Ordukənd), Balasağun (Quz Ordu) və Uzgen (Özkənd).
Digər böyük şəhərlər: Səmərqənd, Buxara, Şaş ( indiki Daşkənd), Talas, İsficab (Çimkənd), Xotən, Yarkənd, Almalıq və Termez.
1042-ci ildə dövlət daxili çəkişmələr səbəbindən iki yerə parçalandıqdan sonra bu torpaqlar Qərbi Qaraxanlı (Mavəraünnəhr və Fərqanənin qərbi, paytaxt Səmərqənd) və Şərqi Qaraxanlı (Yeddisu,Qaşqar,paytaxt Balasağun) xaqanlıqları arasında bölüşdürüldü.
Mərkəzi İdarəetmə və Divan
Dövlətin idarə olunmasında ən mühüm qərarlar ali məclisdə-Divanda qəbul edilirdi.
Xaqan(Xan): Dövlətin mütləq hakimi,ordunun baş komandanı və ali məhkəmə orqanı idi.
Vəzir (Yuğruş): Dövlətin işlərində xaqandan sonra ikinci ən səlahiyyətli şəxs idi.O, mərkəzi idarəetməyə (Divana) rəhbərlik edirdi.
Uluq Hacib (Baş Hacib):Saray protokoluna nəzarət edən və Xaqanla xalq və ya məmurlar arasında əlaqəni tənzimləyən yüksək rütbəli məmur idi.O,həm də sarayın təhlükəsizliyinə cavabdeh idi.
Müstövfi: Dövlətin maliyyə işlərinə, vergilərin toplanmasına və xəzinənin gəlir-xərclərinə nəzarət edən baş maliyyə məmuru idi.
Tamğaçı (Möhürdar): Dövlət sənədlərinin təsdiqlənməsi və rəsmi yazışmaların möhürlənməsi işini həyata keçirirdi.
Bitigçi (Katib): Divanın rəsmi yazışmalarını,fərmanların tərtibini və dövlət arxivinin təşkili və idarə ediməsini təmin edən mirzə idi.
Divan növləri: Maliyyə,hərbi və xarici işlər üzrə müxtəlif alt divanlar fəaliyyət göstərirdi.
Əsas Divanlar (Nazirliklər)
Mərkəzi aparatda sahələr üzrə ixtisaslaşmış divanlar fəaliyyət göstərirdi:
Divanın adı Əsas funksiyası və səlahiyyətləri
Divani-Tuğra (İnşa) -Xaqanın fərmanlarını hazırlayır,daxili və xarici diplomatik yazışmalar aparırdı.
Divani-istifa -Dövlət büdcəsini,vergi sistemini və maliyyə hesabatlarını idarə edirdi.
Divani-Ərz- Ordunun təchizatı, əsgərlərin siyahıya alınması və maaşlarının (iqta və ya nəğd) verilməsi ilə məşğul olurdu.
Divani-işraf- Dövlət məmurlarının fəaliyyətinə və maliyyə intizamına nəzarət edən ali təftiş orqanı idi.
İnzibati bölgü və İqta Sistemi
Vilayətlərin idarəsi: Dövlətin tərkibindəki böyük şəhərlər və vilayətlər sülalə üzvləri (şahzadələr) və ya xaqanın təyin etdiyi hərbi valilər (subaşılar) tərəfindən idarə olunurdu.
İqta sistemi: Qaraxanlılar dövlət idarəçiliyində və torpaq sahibliyində iqta sistemini (xidmət müqabilində torpaq paylanması) geniş tətbiq edən ilk türk dövlətlərindən biri olmuşdur. Bu sistem həm ordunun maliyyələşdirilməsini təmin edir, həm də regional idarəçiliyi gücləndirirdi.Bu sistem həm mərkəzi ordunun formalaşmasını asanlaşdırır, həm də vilayətlərin idarə edilməsində hərbi elitanın rolunu gücləndirirdi.
Qaraxanlı dövlət quruluşu özünün bu spesfik sintez xüsusiyyəti ilə sonradan qurulan Böyük Səlcuqlu və Xarəzmşahlar kimi digər böyük Türk-İslam dövlətlərinin inzibati idarəetmə sisteminə güclü təsir göstərmişdir.
Məhkəmə və Hüquq Sistemi
Şəriət və Törə.Ölkədə hüquq sistemi iki mənbəyə əsaslanırdı.İslamın qəbulundan sonra hüquq,ailə və mülki məsələlər Şəriət qanunları (Qazılar tərəfindən) ilə tənzimlənirdi.Cəmiyyətdəki ənənəvi münasibətlər isə qədim türk adətləri –Törə əsasında həll olunurdu.
Qaraxanlılar,ərəb-fars dövlət strukturunun elementlərini mənimsələr də,rəsmi dil olaraq türk dilini saxlamış və öz saray inzibati terminlərində milli ənənələrini qorumuşdular.
Hərbi və Məhkəmə Təşkilatı
Subaşı.Dövlətin baş komandanı titulunu daşıyırdı və müharibə dövründə ordunu idarə edirdi.
Qazılar (Şəriət Məhkəmələri).İslam dininin qəbulundan sonra hüquq sistemi şəriət qaydalarına əsaslanırdı.Baş Qazı (Qazı əl-Qüzat) dövlət mərkəzində dini və mülki mübahisələrə baxırdı.
Əmir-i Dad.Örf (adət-ənənə) hüququna və dövlətə qarşı törədilən siyasi cinayətlərə baxan dünyəvi məhkəmə orqanının rəhbəri idi.
Qaraxanlı Ordusu
Qaraxanlı dövlətinin ordu quruculuğu ənənəvi qədim Türk hərbi sisteminə əsaslanır və İslam dininin qəbulundan sonra müəyyən struktur dəyişikliklərinə uğramışdır. Dövlətin hərbi qüdrəti güclü mərkəzləşdirilmiş idarəetmə və müxtəlif türk tayfalarının (karluq,çiğil,yağma və sairə) hərbi potensialının birləşdirilməsi üzərinə qurulmuşdu.
Qaraxanlı ordusunun quruluşu əsasən dörd əsas hissədən ibarət idi:
1.Saray qvardiyası (Mülazimun) : Birbaşa xaqana tabe olan və onun təhlükəsizliyini təmin edən xüsusi seçilmiş elit hərbi hissə idi.Bu qvardiya ordunun nüvəsini təşkil edirdi.
2.Hassa ordusu:Dövlətin daimi və nizami ordusu hesab olunurdu.Maaşlı və torpaq payı (iqta) alan peşəkar döyüşçülərdən ibarət idi.
3.Əyalət (Vassal) qoşunları:Xaqanlığa tabe olan yerli hakimlərin,şahzadələrin və tabelikdə xırda bəylərin rəhbərlik etdiyi qoşun növləri idi.Müharibə zamanı mərkəzi orduya qoşulurdular.
4.Könüllü qazilər və köçəri tayfa süvariləri:Xüsusilə sərhəd boylarında yaşayan,İslamı qəbul etmiş və cihad ideyası ilə döyüşən köçəri türk tayfalarının süvariləri ordunun ən böyük zərbə qüvvələrindən birini təşkil edirdi.
Əsas xüsusiyyətləri:
Onluq sistemi:Digər türk dövlətlərində olduğu kimi, Qaraxanlı ordusunda da qoşunlar onluq, yüzlük, minlik və on minlik (tümən) vahidlərə bölünürdü.
Süvari üstünlüyü: Ordunun əsasını çox sürətli hərəkət edən,ox və qılıncdan məharətlə istifadə edən yüngül və ağır zirehli süvarilər təşkil edirdi.
İqta sisteminin tətbiqi:Hərbi xidmət müqabilində döyüşçülərə və ordu komandanlarına torpaq sahələrinin (iqta) verilməsi ordunun daimi maliyyələşməsini və hazır vəziyyətdə qalmasını təmin edirdi.
Qaraxanlıların bu sistemli ordu quruculuğu onlara uzun illər boyu Mərkəzi Asiyada (Mavəraünnəhr və Fərqanə bölgələrində) böyük uğurlar qazanmağa və Samanilər kimi güclü dövlətlərə son qoymağa imkan vermişdir.
Qaraxanlı hərbi uğurları
Qaraxanlı dövləti (840-1212) Mərkəzi Asiyada qurulmuş ilk müsəlman-türk dövlətlərindən biri olmaqla yanaşı,dövrünün ən güclü hərbi güclərindən biri hesab olunurdu.Dövlətin əldə etdiyi əsas hərbi uğurlar və ərazi genişlənməsi aşağıdakı mühüm mərhələlərlə xarakterizə olunur:
Samanilər dövlətinin süquta uğradılması (999-cu il) Qaraxanlıların ən böyük hərbi və siyasi uğurlarından biridir.Hökmdar Əbu Nəsr Əhməd xanın başçılığı ilə Qaraxanlı ordusu Samanilərin paytaxtı Buxara şəhərinə daxil olaraq bu dövlətin varlığına son qoydu. Bu qələbə nəticəsində bütün Mavəraünnəhr bölgəsi türk hakimiyyəti altına keçdi.
Qəznəvilərlə ittifaq və Mərkəzi Asiyanın bölüşdürülməsi: Samani torpaqlarını digər bir qüdrətli türk dövləti olan Qəznəvilərə uğurla bölüşdürən Qaraxanlılar,Amudərya çayını iki dövlət arasında rəsmi sərhəd etdilər.
Geniş coğrafi ərazilərin fəthi: Hərbi yürüşlərin uğurlu nəticəsi olaraq dövlətin sərhədləri şimalda Balxaş gölündən cənubda Hindiquş və Qaraqorum dağlarına,qərbdə Mavəraünnəhrdən şərqdə Tarım hövzəsinə (Şərqi Türküstan) qədər genişləndi.
İslam bayrağı altında hərbi birlik: Satuk Buğra xanın dövründə (932-ci il) İslamın qəbul edilməsi köçəri türk tayfalarını vahid hərbi ideologiya ətrafında birləşdirdi və ordunun döyüş ruhunu əhəmiyyətli dərəcədə artırdı.
Strateji şəhərlərin nəzarətə götürülməsi: Səmərqənd, Buxara,Fərqanə, Kaşğar və Daşkənd (Şaş) kimi mühüm ticarət və hərbi-strateji mərkəzlər Qaraxanlı hərbi gücü sayəsində imperiyanın tərkibinə daxil edildi.
Qaraxanlı ordusu,ənənəvi köçəri türk döyüş taktikları (qəfil hücumlar, saxta geri çəkilmə) ilə oturaq hərbi nizamın sintezini yaradaraq uzun müddət Mərkəzi Asiyada (Türküstanda) hegomonluğunu qoruyub saxlaya bilmişdi.
Qaraxanlı ordusunun ağır məğlubiyyətləri
Qaraxanlı dövləti özünün mövcudluğu dövründə (840-1212) Mərkəzi Asiyanın ən qüdrətli imperiyalarından biri olsa da,zaman-zaman daxili çəkişmələr və xarici hücumlar nəticəsində ordusu ağır məğlubiyyətlərlə üzləşmişdir.Dövlətin zəifləməsinə və nəticədə süqutuna yol açan ən mühüm hərbi uğursuzluqlar aşağıdakılardır:
1.Katvan savaşı (1141-ci il)- Ən ağır məğlubiyyət
Qaraxanlı hərb tarixinin ən böyük fəlakəti Katvan ovasında Qaraxıtaylara qarşı alınan məğlubiyyətdir.
Gedişat: Səmərqənd yaxınlığındakı baş verən verən bu döyüşdə Qərbi Qaraxanlı hökmdarı II Mahmud xan Böyük Səlcuq sultanı Əhməd Səncərdən kömək istəmişdi.Səlcuq və Qaraxanlıların birləşmiş müttəfiq ordusu qeyri-müsəlman köçəri monqol tayfası olan Qaraxıtayların (Qara Xitay) qoşunları ilə qarşılaşdı.
Nəticə: Müttəfiq ordusu darmadağın edildi.Sultan Səncər çətinliklə qaçıb canını qurtardı.Bu ağır məğlubiyyətdən sonra Qaraxanlılar müstəqilliyini tamamilə itirərək Qaraxıtayların vassalına çevrildilər.
2.Səlcuqlarla toqquşmalar və Səmərqəndin süqutu (1089-cu il)
Böyük Səlcuq İmperiyasının yüksəlişi dövründə Qaraxanlı ordusu Səlcuqlu qoşunlarının təzyiqinə tab gətirə bilmədi.
Gedişat: 1089-cu ildə Səlcuq Sultanı Məlikşah Mavəraünnəhr üzərinə böyük bir yürüş təşkil etdi.
Nəticə: Səlcuq ordusu Qaraxanlı qoşunlarını ağır məğlubiyyətə uğradaraq Buxara və paytaxt Səmərqəndi ələ keçirdi.Qaraxanlı hökmdarı tabe olmağa məcbur edildi və xanlıq Səlcuqlardan asılı vəziyyətə düşdü.
3.Xarəzmşahlarla son döyüşlər və dövlətin süqutu (1212-ci il)
Qaraxanlı ordusunun son mütəşəkkil müqaviməti Xarəzmşahlar tərəfindən qırıldı.
Gedişat: Qərbi Qaraxanlıların son hökmdarı Osman ibn İbrahim Xarəzmşah Məhəmmədə qarşı üsyan qaldıraraq müstəqillik qazanmaq istədi.
Nəticə: 1212-ci ildə Xarəzmşah Məhəmmədin (1200-1221) güclü ordusu Qaraxanlı qüvvələrini tamamilə darmadağın etdi. Səmərqənd tutuldu, kürəkəni Osman ibn İbrahim xan edam edildi və bununla da Qərbi Qaraxanlı dövləti tamamilə süqut etdi.
4.Qəznəvilərlə sərhəd müharibələri (XI əsrin əvvəlləri)
Samanilər dövlətinin süqutundan (999-cu il) sonra ərazini öz aralarında bölüşdürən Qaraxanlılar və Qəznəvilər dövləti (962-1187) arasında Amudərya çayı boyunca tez-tez toqquşmalar baş verirdi.
Sultan Mahmud Qəznəvinin (998-1030) güclü nizamlı ordusu qarşısında Qaraxanlı qoşunları Xorasan və Mavəraünnəhr sərhədlərində bir neçə dəfə geri çəkilməyə və ağır itkilər verməyə məcbur olmuşdu.
Xülasə: Qaraxanlı ordusunun bu ağır məğlubiyyətlərinin kökündə dövlətin 1042-ci ildə iki hissəyə (Şərqi və Qərbi) parçalanması,daxili taxt-tac davaları və hərbi sistemin mərkəzi asılılıqdan çıxaraq feodallaşması dayanırdı.
Qaraxanlı Mədəniyyəti
Qaraxanlı mədəniyyəti (840-1212)-İslamın rəsmi dövlət dini kimi qəbul edən ilk müsəlman türk dövlətlərindən biri olan Qaraxanllı dövləti tərəfindən yaradılmışdır.Bu mədəniyyət türk adət-ənənələrinin İslam dəyərləri ilə qovuşduğu ilk böyük türk-islam sintezidir.
Qaraxanlı mədəniyyətinin əsas xüsusiyyətləri:
Dil və Yazı: Türk dili dövlətin rəsmi dili elan olunmuş,ərəb əlifbasına əsaslanan türk ədəbi dili inkişaf etdirilmişdir.
İslamın qəbulu: Satuk Buğra xanın dövründə (X əsrin birinci yarısı) İslam dini rəsmi din kimi qəbul edilmişdir.Quranın türk dilinə ilk təfsirləri məhz bu dövrdə hazırlanmışdır.
Şəhərsalma və Memarlıq: Böyük İpək yolu üzərində yerləşən Səmərqənd, Buxara, Qaşqar, Balasağun və Özkənd kimi şəhərlər mühüm elm, sənət və ticarət mərkəzinə çevrilmişdir.Məscidlər,minarələr (məsələn,Buxaradakı Kalon minarəsi,1127) və karvansaralar inşa edilmişdir.
Görkəmli elm və ədəbiyyat xadimləri:
Yusif Xas Hacib-Türk- İslam ədəbiyyatının ilk abidəsi olan “Qutadğu Bilig” (“Xoşbəxtliyə aparan elm” və ya “ Dövlət kitabı”) əsərinin müəllifidir.
Mahmud Qaşğarlı-Türk dilinin ilk ensiklopedik lüğəti olan “Divanü lüğat it-türk” (1072-1074) əsərini yazaraq türk dillərinin zənginliyini dünyaya sübut etmişdir.
Xoca Əhməd Yasəvi-Təsəvvüf elminin və “Hikmət”lərin banisi türk dünyasının mənəvi usadlarından biridir.
Əhməd Yuknəki – “Həqiqətül –həqayiq” əsərinin müəllifidi.
Ardı var