Qardaşını bıçaqlayanın MƏHKƏMƏSİ: Köynəyimi tez yarasına basdım ki, qan aparmasın

23.01.2026

Icma.az, Lent az saytına istinadən bildirir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə qardaşını bıçaqlayıb ona xəsarət yetirməkdə təqsirləndirilən Araz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə zərərçəkən Əhməd Əliyevin ifadəsi ilə davam edib. 
Əhməd Əliyev hadisənin həmin gün işdən evə qayıtdıqdan sonra baş verdiyini bildirib:

"Araz uşaq evində böyüyüb. Anamın fiziki məhdudiyyətli bacıma, mənə baxmağa imkanı olmadığından məcbur qalmışdı. Sonra birlikdə yaşamağa başladıq. Hadisə baş verən gün işdən gəlib anamı evdə görməyəndə Arazdan anamın harada olduğunu soruşdum.

"Nə bilim, yəqin hansısa qohumun evinə gedib" deyə məni başından elədi. Anamdan çox nigaran idim, düzünü desin deyə qorxutmaq məqsədi ilə Arazın üstünə qışqırdım. Bir də onu gördüm ki, özünü mətbəxə verib əlində bıçaqla üstümə gəldi. "Mən belə şeyləri çox görmüşəm, məni qorxuda bilməzsən"  deyib stulu qaldırıb qabağa tutdum. Bu zaman bıçağı qarın nayihəmə vurdu.

Hamama keçib yarama baxmaq, qanı yumaq istəyəndə Araz buna imkan verməyib evdən getməyimi tələb elədi. Evdən necə çıxdığımı xatırlamıram, bir də xəstəxanada ayılmışam. Orada yanıma gəlmişdi. Dedim "Tez get buradan, yoxsa polislər gəlib səni aparacaq". Evdə anam və mən işləyirdik, Araz işləmirdi, mənim onunla mübahisəm  həmişə bu səbəbdən yaranırdı".

Təqsirləndirilən Araz Əliyev  hadisə günü anası ilə münaqişə etdiyini bildirib:

"Arada nə fəhləlik işi olurdusa, gedirdim. Bacıma baxmaq üçün daimi işə girə bilmirdim. Həmin gün anamdan bacımın ehtiyacları üçün pul istədim, istədiyim məbləğin olmadığını dedi. Bu məni çox əsəbiləşdirdi "Sənin mənə övlad haqqı borcun var, istədiyim pulu necə tapırsan tap" dedim. Anam ağlayaraq evdən çıxdı. Sonra Əhmədlə məlum hadisə baş verdi. Mən onu vurmaq istəmirdim. Əməlimdən qismən peşimanam. Əhməd üçün bir yaxşı iş gördüm ki, köynəyimi tez yarasına basdım ki, qan aparmasın".

Növbəti proses fevralın 6-na təyin olunub.

Xatırladaq ki, 2025-ci il iyulun 14-də Bakının Binəqədi rayonunun Sulutəpə ərazisində yerləşən Çiçək qəsəbəsində Əliyev Araz Vaqif oğlu ailə münaqişəsi zəmnində qardaşı Əhməd Əliyevi qarın nahiyəsindən bıçaqla vuraraq, ona ağır bədən xəsarəti yetirib. Faktla bağlı cinayət işi başladılıb, Araz,Əliyev Cinayət Məcəlləsinin 126.2.3 (Qəsdən sağlamlığa ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddələri ilə ittiham olunub.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью