Qardaşını taxta ilə vuranı bıçaqladı Saraydakı hadisənin detalları

04.02.2026

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Abşeron rayonunda 1998-ci il təvəllüdlü İsmayıl qohumu Mərhəməti (adlar şərtidir – red.) bıçaqlayıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Saray qəsəbəsində ötən ilin martın 25-də baş verib. İsmayıl həmin gün saat 22:30-da qardaşı Vüqarın qohumu Mərhəmət (adlar şərtidir - red.) ilə mübahisə etdiyini, yerdən götürdüyü taxta parçası ilə qardaşının baş nahiyəsindən vuraraq ona xəsarət yetirməsini görüb. Bu zaman o, mətbəx bıçağı ilə Mərhəmətin qarın nahiyəsindən iki dəfə vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən İsmayılın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən İsmayıl ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, martın 25-də qardaşı Vüqarın evinə gedib: “Onlarda olduğum vaxt qardaşım ilə Mərhəmətin çöldə telefonla danışaraq mübahisə etdiklərinin şahidi oldum. Bundan bir qədər sonra Mərhəmət qardaşımın yaşadığı həmin ünvana gəldi. Bu zaman mübahisənin davam etməməsi üçün küçəyə çıxaraq Mərhəmətlə söhbətləşdim, onu evinə geri göndərdim. Bu vaxt qardaşım Mərhəmətlə görüşmək istədiyi üçün taksi ilə Saray qəsəbəsinə, onun yaşadığı evinin yanına geydik. Evin yaxınlığındakı boş ərazidə görüşdük. Orada qardaşım Mərhəmətlə danışmağa başladılar. Bu söhbətə yandan qarışmasam da, söhbətin gedişatında Mərhəmətin qəflətən taxta parçası ilə qardaşımı vurduğunu gördüm. Bu vaxt üstümdə olan mətbəx bıçağı ilə Mərhəməti vurdum. Bundan dərhal sonra biz Mərhəməti taksiyə oturtmaqla xəstəxanaya aparılmasını təmin etdik”. 
İş üzrə zərərçəkmiş Mərhəmətin sözlərinə görə, Saray qəsəbəsində yaşadığı ünvanda olarkən İsmayılın qardaşı Vüqar ona zəng edib və telefonla danışıq zamanı aralarında mübahisə yaranıb: “Bu mübahisə ilə bağlı Sumqayıt şəhərinə, Vüqarın yaşadığı ünvana getdim. Lakin onun qardaşı İsmayıl məni qarşılayaraq qohum olduğumuzu, dava-dalaşa ehtiyac olmadığını bildirdi, məni sakitləşdirərək geri göndərdi. Bundan bir qədər sonra Vüqar və İsmayıl yaşadığım evin yanına gəldi və məni oraya çağırdılar. Mən isə bu qardaşların üstümə gəldikləri üçün yerdən götürdüyü taxta parçası ilə bir dəfə Vüqarı vurdum. Bunun ardınca İsmayıl məni bıçaqla vurdu. Bundan sonra özümü itirdiyi üçün nə baş verdiyini xatırlamıram”. 
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayılın barəsində Cinayət Məcəlləsinin 70.1-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 4 il şərti cəza verilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью