Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər adi diplomatik əlaqələrdən qat-qat dərindir. Ortaq tarixə, ağır sınaqlardan keçmiş həmrəyliyə, Vətən müharibəsində özünü bir daha göstərən dəstəyə və strateji müttəfiqliyə söykənən bu münasibətlər “Bir millət, iki dövlət” prinsipində öz ifadəsini tapıb. Məhz buna görə də Türkiyənin bəzi media qurumlarında və sosial şəbəkələrin türk seqmentində son günlər Azərbaycanı hədəfə alan, ölkəmizin qərarlarını birtərəfli təqdim edən və iki dövlət arasında süni qarşıdurma görüntüsü yaradan yanaşmalar narahatlıq doğurur.
Qardaşlıq yalnız xoş sözlər söyləmək, rəsmi görüşlərdə səmimi fotolar çəkdirmək və ortaq şüarlar səsləndirmək deyil. Qardaşlıq, ilk növbədə, qarşı tərəfin mövqeyini anlamaq, onun suveren hüquqlarına hörmət etmək və fikir ayrılıqlarını emosional ittihamlara çevirməməkdir. Təəssüf ki, bəzi media platformalarında Azərbaycanla bağlı məsələlər elə başlıqlarla təqdim olunur ki, oxucuya hadisənin mahiyyətini anlamaqdan daha çox qəzəblənmək və qarşı tərəfi ittiham etmək üçün zəmin yaradılır. Söhbət Türkiyə mediasının Azərbaycan siyasətini tənqid etmək hüququndan getmir. Hər bir media qurumu rəsmi Bakının qərarlarını müzakirə edə, suallar ünvanlaya və fərqli mövqe ortaya qoya bilər. Ancaq tənqidlə qarayaxma, sualla ittiham, faktla manipulyasiya arasında ciddi fərq var. Bu sərhəd unudulanda jurnalistika ictimaiyyəti məlumatlandırmaq missiyasından uzaqlaşaraq qarşılıqlı etimadı zədələyən vasitəyə çevrilir. Son günlər yayımlanan materiallar bu problemin konkret nümunələrini ortaya qoyur.
Türkiyənin “Sözcü” nəşri sentyabrın 24-də Azərbaycan məktəblərində şagird geyimi qaydaları ilə bağlı “Kardeş ülkede 'başörtüsü' yasağı” başlıqlı yazı dərc edib. Halbuki materialın özündə də rəsmi qərarda “başörtüsü” sözünün yer almadığı və qaydaların hicabı əhatə edib-etməməsi barədə müzakirələrin olduğu qeyd olunur. Belə olan halda, mübahisəli məsələni qəti hökm təsiri bağışlayan başlıqla təqdim etmək nə dərəcədə obyektiv yanaşmadır?
Hüquqi sənədin məzmunu, tətbiq mexanizmi və rəsmi mövqe tam araşdırılmadan oxucuda qadağanın artıq təsdiqlənmiş fakt olduğu təəssüratını yaratmaq məsuliyyətli jurnalistikaya uyğun gəlmir. Eyni mövzu “Medyascope” nəşrinin oktyabrın 12-də yayımladığı “Azerbaycan’da başörtüsü tartışması büyüyor: 37 kişi gözaltına alındı, öğretmenler işten uzaklaştırıldı” və “Diken” nəşrinin “Azerbaycan'da okullarda 'başörtüsü protestosu': 37 gözaltı” başlıqlı materiallarında da işıqlandırılıb. Bu hadisələri işıqlandırmaq medianın hüququdur, ancaq belə həssas məsələlərdə rəsmi məlumatlarla iddiaları ayırmaq, hüquqi çərçivəni izah etmək və dini qarşıdurma təəssüratını gücləndirə biləcək təqdimatlardan çəkinmək də jurnalistin vəzifəsidir. Azərbaycan məktəblərindəki qaydalarla bağlı mübahisə qanunvericilik və təhsil prinsipləri əsasında müzakirə edilməlidir. Məsələni əvvəlcədən müəyyənləşdirilmiş siyasi və dini qənaətə uyğunlaşdırmaqla yox.
Türkiyə mediasında diqqət çəkən digər yanaşma Azərbaycanın İsraillə münasibətləri ətrafında formalaşdırılan ittihamlardır. Oktyabrın 11-də BBC News Türkçedə yayımlanan “İsrail tartışması Türkiye-Azerbaycan ilişkilerini nasıl etkiliyor?” materialında bəzi şərhçilərin Azərbaycanı “Müsəlman dünyasına xəyanət” etməkdə ittiham etdiyi qeyd olunur. Azərbaycanın BMT-də İsrailin baş naziri Benyamin Netanyahunun çıxışı zamanı zalı tərk etməməsi də həmin müzakirələrin mövzularından biri olub.
Bir ölkənin xarici siyasətini bəyənməmək ona xəyanət damğası vurmaq üçün əsasdırmı? Azərbaycan müstəqil dövlətdir və öz qərarlarını milli maraqlarından çıxış edərək verir. Türkiyə ilə strateji müttəfiqlik Bakının müstəqil qərarvermə hüququnu aradan qaldırmır. İsrail-Fələstin məsələsi həssas mövzudur və Azərbaycanın mövqeyi də faktlar, diplomatik addımlar və regional reallıqlar nəzərə alınmaqla qiymətləndirilməlidir. Ölkəmizin hansısa dövlətlə münasibətlərini önə çəkib onun digər diplomatik mövqelərini görməzdən gəlmək obyektiv təhlil deyil. Fərqli yanaşma varsa, onu müzakirə etmək olar, amma bütöv bir ölkəni mənəvi ittiham qarşısında qoymaq və onun müstəqil siyasətini xəyanət kimi təqdim etmək qardaşlıq münasibətlərinin ruhuna uyğun gəlmir. Sentyabrın 26-da “Independent Türkçe” nəşrində dərc olunan “Türkiye ile İsrail arasında olası savaşta Aliyev kimin tarafında yer alır?” başlıqlı yazı da Azərbaycan-Türkiyə münasibətlərinin necə həssas mövzuya çevrildiyini göstərir. Məqalənin müəllifi Bəhruz Həsənov belə bir sualın dayaz və real siyasi reallıqlardan uzaq yanaşma olduğunu vurğulayaraq iki ölkə arasında süni qütbləşmə yaradılması riskinə diqqət çəkib.
Türkiyə ilə İsrail arasında hipotetik müharibə ssenarisi üzərindən Azərbaycan prezidentinin hansı tərəfi seçəcəyini soruşmaq, konkret siyasi əsaslar göstərilmədikdə, ictimai müzakirəni yanlış istiqamətə yönəldə bilər. Bu sualın özü Türkiyə ilə Azərbaycanın gələcəkdə mütləq qarşı-qarşıya gələcəyi təsəvvürünü gücləndirir. Halbuki müttəfiqlik hər məsələdə mövqelərin eyni olması deyil, fərqli yanaşmaları qarşılıqlı hörmət və dialoqla idarə etmək bacarığıdır.
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı çıxışı ətrafında yaranan müzakirələr də diqqətəlayiqdir. Türkiyənin bəzi media və sosial şəbəkə istifadəçiləri onun “hamı öz yerini bilsin, bizim işimizə qarışmasın” məzmunlu sözlərini Ankaraya ünvanlanmış mesaj kimi təqdim etməyə çalışıblar. “Türkinform” nəşri oktyabrın 6-da bu yozumun bəzi çevrələr tərəfindən irəli sürüldüyünü və ifadələrin kontekstdən çıxarılaraq Türkiyəyə aid edilməsinin mübahisə yaratdığını yazıb. Siyasi çıxışı bir cümlə üzərindən şərh etmək, ifadənin ümumi kontekstini və kimə ünvanlandığını müəyyənləşdirən faktları nəzərə almadan nəticə çıxarmaq düzgün deyil. Türkiyənin adı çəkilməyən bir fikri Ankaraya qarşı açıq mesaj kimi təqdim etmək üçün əsaslı sübutlar lazımdır. Azərbaycan Prezidentinin ölkəsinin suverenliyini və milli maraqlarını müdafiə etməsi Türkiyəyə qarşı mövqe kimi yozulmamalıdır. Eyni hüquq Türkiyə üçün də keçərlidir. Hər iki dövlət öz qərarlarını müstəqil şəkildə qəbul edir və qarşılıqlı hörmət bu münasibətlərin təməl şərtidir. Bununla yanaşı, Türkiyənin bütün mediasını Azərbaycan əleyhinə mövqedə ittiham etmək də düzgün olmazdı. Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi oktyabrın 9-da bəzi beynəlxalq media orqanları və sosial şəbəkə hesablarında Türkiyə-Azərbaycan münasibətlərini hədəf alan məzmunların yayıldığını bildirərək ictimaiyyəti manipulyativ paylaşımlara inanmamağa və rəsmi mənbələrə istinad etməyə çağırıb.
Azərbaycanın Media və Yayım Şurası da sentyabrın 28-də Türkiyə mediasında və sosial şəbəkələrində ölkəmizlə bağlı yayılan bəzi paylaşımlara dair narahatlığını ifadə edib, əsassız və qərəzli iddiaların ikitərəfli münasibətlərə zərər verə biləcəyinə diqqət çəkib. Bu faktlar göstərir ki, problem iki xalq arasında düşmənçilik axtarmaq deyil, informasiya məkanında qarşılıqlı etimada zərbə vura biləcək yanaşmaların qarşısını almaqdır. Tənqidimiz Türkiyə dövlətinə və türk xalqına deyil, Azərbaycanı hədəfə alan, faktları birtərəfli təqdim edən, sübutsuz ittihamlarla ictimai rəyi qızışdıran konkret media materiallarına və sosial şəbəkə davranışlarına yönəlir. Azərbaycan Türkiyənin qardaşıdır, kiminsə siyasi iradəsinin davamı deyil. Bakıdan hər beynəlxalq məsələdə Ankaranın mövqeyini təkrarlamağı, hər qərarını başqa ölkənin ictimaiyyətinə hesabat şəklində təqdim etməyi gözləmək müstəqil dövlətçilik anlayışı ilə uzlaşmır. Eyni zamanda, qardaşlıq qarşı tərəfi təhqir etmək, alçaltmaq və onun cəmiyyətində düşmən obrazı yaratmaq üçün də əsas ola bilməz. İki ölkənin media məkanında məsuliyyət hər iki tərəf üçün eyni prinsiplərə söykənməlidir, faktlara hörmət, kontekstin qorunması, sübut olunmamış iddiaların həqiqət kimi təqdim edilməməsi və milli ləyaqətə sayğı. İnformasiya mühitində diqqət qazanmaq və emosional başlıqlarla oxucu cəlb etmək uğrunda rəqabət gedir. Ancaq Azərbaycan-Türkiyə münasibətləri reytinq və paylaşım naminə riskə atılacaq qədər adi mövzu deyil. Bu münasibətlər ortaq tarix, strateji maraqlar və çətin günlərdə nümayiş etdirilmiş həmrəylik üzərində qurulub. Türkiyənin media nümayəndələri Azərbaycanla bağlı istənilən məsələdə tənqidi mövqe sərgiləyə bilərlər, lakin bu tənqid faktlara əsaslanmalı, Azərbaycanın suverenliyini nəzərə almalı və fikir ayrılığını düşmənçilik səviyyəsinə qaldırmamalıdır. Çünki qardaşlıq ruhuna ən böyük zərbə fikir ayrılığının özü deyil, həmin fərqdən istifadə edərək qarşı tərəfi düşmənə çevirmək cəhdidir. “Bir millət, iki dövlət” ifadəsi yalnız tarixi bağlılığı xatırladan şüar deyil, həm də məsuliyyət tələb edən prinsipdir. Onun mənasını qorumaq siyasətçilərin olduğu qədər jurnalistlərin, şərhçilərin və ictimai nüfuz sahiblərinin də borcudur. Türkiyənin bəzi media qurumları və sosial şəbəkə istifadəçiləri Azərbaycanla bağlı materiallarına bu məsuliyyət prizmasından yenidən nəzər salmalıdırlar. Tənqid etmək olar, amma qardaş ölkəni sübutsuz ittihamlarla hədəfə almaq, onun müstəqil qərarlarını düşmənçilik kimi təqdim etmək qardaşlıq ruhuna sığmır./musavat