Qardaşxanın lirik poetik fəlsəfəsi

23.11.2026

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qardaşxan Haqqararın özünün “Divan” adlandırdığı “İlkim də sən, indim də sən, sonum sən”[1] kitabına (redaktoru Əlizadə Nuri, bədii redaktorları Gilan və Nurlan Şahtaxtlı) müəllifin “Qaşla göz arasında”, “Otuz yeddini keçəndə” və “Ürəyin baxdığı yerdən” kitablarından seçilmiş şeirləri, eləcə də son on beş ilin poetik örnəklərinin yer aldığı eyniadlı bölmə daxil edilib.

Şairin poeziyasında ənənəvi Vətən, məhəbbət, təbiət, eləcə də fəlsəfi-mənəvi və sosial-siyasi mövzular aparıcı yer tutur. Ancaq şair bu mövzulara tamamilə fərqli, qeyri-ənənəvi poetik forma geydirir. Həmin forma mətnləri yığcamdır. Duyğu, qavrayış və təsəvvür naxışları bol olan şeirlərdir. Fikrin bədii yozumu və məna dərinliyi onun şeirlərinin əsas xüsusiyyətidir. Demək olar ki, hamısı xalq-aşıq şeiri üslubunda, koloritli və poetikdir. Epik təsvir və təhkiyədə, süjetli şeirləri, demək olar ki, yoxdur. Yəni o, gerçəkliyi və ictimai-siyasi olayları bilavasitə epik genişliklə təsvir etmir. Daha çox lirik pıçıltı ilə öz daxili aləmini dilə gətirir, poeziyasını bu yolla təqdim edir. Şeirləri həlimdir, ipək kimi yumşaq, rəvan və ahəngdardır. Həzin və sakit ritmdə yazılan bu poeziya həm forma əlvanlığı, həm də ideya-məzmun zənginliyi ilə seçilir.

Qardaşxan poeziyasının formalaşmasında şifahi xalq ədəbiyyatının – bayatıların, alqış və duaların, xalq mahnıları ilə aşıq yaradıcılığının rolu olduğu kimi, Səməd Vurğun və Mikayıl Müşfiq poetikasının da ona böyük təsiri olub. Qardaşxan nəfəsini içinə çəkib öz dünyasını yazır, daxili dialoq qurur, özünü tamamilə orijinal bir tərzdə ifadə etməyə çalışır. Məmməd Araz poeziyasının ocağında bərkiyən şair klassik və müasir söz ustalarının bədii ənənələrindən özünəməxsus şəkildə bəhrələnir, poetik, obrazlı sözün zəhmətinə qatlaşır və yeni üfüqlər açır. O, insandan, vətəndən, dünyadan – məhz özünün duyduğu kimi yazır.

İnsandan beləcə:

Gahdan doğar arzulardan,

Gahdan boğar arzuları.

Torpaq üstə savaşar da,

Torpaq altda qovuşar da.

“İnsan”

Vətəndən beləcə:

Xalq adı nə qədər uca addısa,

Ondan da müqəddəs bir addı vətən.

Hamını özündə xalq yaşatdısa,

Xalqı da özündə yaşatdı vətən.

“Vətən”

“Hər səhərdən, hər axşamdan” beləcə yazır:

Bir əlində sevinc, bir əlində qəm,

Hər ömrü ikirəng toxuyur aləm.

Gözünün qarası, ağıdı bəyəm,

Hər səhər beləcə, hər axşam belə?

Şair keçdiyi ömür yolundan “«Davam edir 37…» // 37 yaş yarımam, // İt ilində doğulmuşam, // İt günündə yaşayıram”, –deyə bəhs edir. Ana dilinə olan həssaslığını isə “Lalın da dilini anası bilir, // Hanı mənim dilim, onu tap, ana” misraları ilə ifadə edir. O, həyat və dünya haqqında düşüncələrini “Yaşayırıq // Göz ilə qaş arasında, // Yaşayırıq // Yaz ilə qış arasında. // Amma heyf, // Heyf gözdən qaşa doğru, // Heyf yazdan qışa doğru” və “Qaranlığı görüb // Əllərimlə gözlərimi tutdum, // Qaranlıqdan qorxub // Qaranlıqda olduğumu unutdum. // Əllərimlə gözlərimi tutmuşam, // Qaranlıq bir çadırda // Qara bir çadra kimi // Qara bir dünya ilə // Baş-gözümü örtmüşəm. // Əlimdə, ayağımda // Qaranlıq cidar kimi...” deyimlərində əks etdirir. Doğma təbiəti “Kənd içi güllü təpədi, // Yel əsib gülü tərpədir. // Kəndə qonağın hörməti // Orda qonaq qalmasıdı” misraları ilə tərənnüm edir. Sevgisini isə “Anan bilmədimi səni kim sevir? // Başında şan-şöhrət havası vardı. // Əgər bacarsaydı, götürüb evi // Arxası küçəyə tərəf qoyardı!”, “Cana, vara qalınca, // Canavara qalınca... // Can avara qalınca // Nə çarə qılım indi?” kimi duyğulu misralarla dilə gətirir.

Qardaşxanın poeziyasından dünya obrazı ana xətt kimi keçir. Dünya haqqında çox şair yazıb – hər biri öz poetik fərdiyyəti ilə. Qardaşxan da mənəvi-psixoloji vüsətlə, güclü lirik “mən”i ilə öz dünyasının söz rəsmini, bir növ öz portretini çəkib.

Müəllif müdrik, düşündürücü və mühakiməli yazmağa meyil etsə də, sözün geniş mənasında filosofluq etmir; o, məna və mahiyyət üzərində qurulan lirik düşüncələrə, poetik sorğu-suallara üstünlük verir. Şair həyatın zahiri və gündəlik olaylarını deyil, lirizmin intim məqamlarını, zərif duyğularını özünəməxsus məcazlarla ifadə edir. Bu baxımdan, Qardaşxanın məhz dünya mövzusuna həsr etdiyi şeirlər diqqəti cəlb edir:

Dünyanın min bir üzü var,

Məndən də üzlük istəyir.

Dağı, dərəsi.., düzü var,

Məndənsə düzlük istəyir.

(“Dünya məndən nə istəyir”)

Gündüzlər ağ pərdədir,

Gecələr – qara pərdə.

Bu dünya bir səhnədir

tale oynayan yerdə.

(“Gündüzlər ağ pərdədir”)

Bu qapısız dünyada

pəncərədən daş gələr,

Pəncərəyə hər baxan

öz daşına tuş gələr.

(“Bu qapısız dünyada”)

“Bu dünyanın sirrini kim açacaq” şeiri 4-4-3 bölgülü qoşmadır. Etirazlı, gileyli ruhda yazılmış bu əsər sadə və aydın motiv üzərində qurulub. Şeirdə dünya obrazı lirik “mən”in mənəvi-psixoloji duyumunun ifadəsi və fərdi təşbehləri ilə mənalandırılır. Müəllifin təsvirində dünyanın o üzündə dərin-dərin quyular, bu üzündə isə əlhəd-əlhəd qayalar var; dünya düyün-düyün ulduzları ilə sirri açılmaz bir göy üzüdür...

Qardaşxan poeziyası janr və bədii forma baxımından zəngindir; onun yaradıcılığında qoşma, gəraylı, varsağı, müxəmməs, təkərləmə, bayatı, rübai və sonet kimi şeir şəkillərinə, eləcə də ustadnamə və ithaf nümunələrinə rast gəlinir. Xüsusən, sevgi lirikası rəngarəng biçimləri ilə göz oxşayır, onun poeziyanın bədii libasını zənginləşdirir. Şeirlərinin heca ölçüsü dörddən başlayaraq müxtəlif saylarda dəyişir, bənd quruluşu isə üçlükdən səkkizliyə qədər genişlənir.

Qardaşxan öz taleyini yazır. Onun yığcam və obrazlı bədii mətnləri poetik qeydləri xatırladır; bu nümunələrdə dərdi-sər, giley-güzar, güman və şübhələr daxili bir zənginliklə əks olunur, istəklərinin rəngi və sevgisinin çalarları isə əlvanlığı ilə seçilir. Bu yazılarda mənəvi-psixoloji yönlər ön plandadır, etnoqrafik elementlərə, mənzərə və etüdlərə isə demək olar ki, yer verilmir. Qardaşxan üçün tale mövzusu aparıcı və obrazlı bir xarakter daşıyır, real və irreal quruluşu ilə seçilir:

Ha yandır məni, tale,

Utandır məni, tale.

Nə yapdım, kütə verdin,

Bu təndir kimi, tale.

(“Bu təndir kimi”)

Tale şairi ona görə yandırır, utandırır ki, təkcə “Şuşanın dağları başı dumanlı” deyil...

A tale, istəsən zindan ver mənə,

Sabahı bu gündən yaman ver mənə.

Bircə bu dumandan aman ver mənə,

Heç nə istəmirəm amandan özgə.

(“Ozgə”)

Qardaşxan özünü ustad sözünə kökləməyə qərar verir:

Bizi yad et bu dağlarda,

Könül şad et bu dağlarda.

“Duman, gəl get bu dağlardan,”

Duman belə gəlmə, gəlmə!

(“Duman”)

Ustad sözü dedim – Qardaşxanın şeirlərinin ustadnamə ruhu, ustadnamə damarı çox qabarıqdır. Həm də bu şeirlərin taleyində güney-quzeyli, giley-güzarlı Azərbaycan var:

Nə Təbrizdə, nə Qarsda,

Nə Dərbənddə qalacaq.

Bu gördüyün sərhədlər,

Bu sədlər qalmayacaq.

...Dərdin alım bu dərdin, –

Bu namərdin, bu mərdin.

Dünya gəldi-gedərdi,

Bu dərd də qalmayacaq.

(“Əvvəl-axır”)

Qardaşxanın Söhrab Tahir (AzərAzər), Məmməd Araz, Məmməd İsmayıl, Qədir Rüstəmov və Alim Qasımov kimi ustad şair və xanəndələrə həsr etdiyi şeirləri var. Bu nümunələrdə gah dərd üstün gəlir, gah da fərəh.

Söhrab Tahirə həsr olunmuş şeirdə taleyin gətirdiyi dərd həm poetik, həm də həyatidir; bu dərd tarixi-obyektiv olaylardan qaynaqlanır, çünki Güney Azərbaycanda doğulmuş şairin özü ayrılıq həsrətinin rəmzinə çevrilmişdir. Bu çadır dərd kolu, dərd meşəsidi,

İçində adamlar – bənövşəsidi.

Bu nəşə, can qardaş, dərd nəşəsidi,

Küsüb-yaşadığım daxmadı bu dərd.

(“Söhrab Tahirə”)

Məmməd Arazın Novruz bayramı günlərində öz xələfi Qardaşxanın evinə gəlişi isə aləmin “sevinc əli ilə” çəkdiyi bir tabloya bənzəyir:

Sabah, sabah Məmməd Araz bizə gələcək,

Fərəhdi hey dörd bir yana daşınır duman.

Bu xoşbəxt ev nədən qorxur? Gözə gələcək...

Bütün günü duz çevirir başına duman.

(“Baharla birgə”)

Şeirin sonunda şair “Buyur, ustad, mən ən gözəl şeirimi yazdım” deyərək bu müqəddəs gəlişin onun yaradıcılığında “ən oxunan şeirə” çevriləcəyini bəyan edir.

“Novruz axşamı” şeirindəki dərdin məcazı isə ümidlidir, işığın səsi ilə

yoğrulmuşdur.

Hər evdə bir süfrə açılıb - göyçək,

Torpağın süfrəsi dağ döşündədir.

Bir dərdə düşübdür çox qönçə çiçək,

Dərmanı baharla görüşündədir.

Xanəndə Alim Qasımova ithaf olunmuş adsız şeirin əsas poetik gücü misraların cinas-omonim qafiyələr üzərində qurulmasıdır. Şeirdən seçdiyimiz kiçik bir parçanın məna qatlarını bir qədər geniş açaq:

sənətin gülünü üzüb

ilahi gölünü üzüb

dünyadan əlini üzüb

üzünə qoyub oxuyar[2]

Bənddəki "üzüb" sözü hər misrada fərqli məna çalarları yaradıb: birinci misrada “dərmək” (yəni xanəndə musiqi və muğam sənətinin ən nadir, ən gözəl incilərini mənimsəyib, sənətin zirvəsinə çatıb); ikinci misrada “suda üzmək” (xanəndənin adi bir musiqini deyil, ilahi eşq və mərifət dəryasını üzüb keçdiyini göstərir); üçüncü misrada “əlaqəni kəsmək, tərk etmək” mənasına gəlir. Bu, xanəndənin ifa zamanı maddi dünyadan tamamilə təcrid olunmasını (“fənafillah” halını) ifadə edir. Alim Qasımovun ifa tərzi digər xanəndələrdən onunla fərqlənir ki, o, oxuyarkən sanki bu dünyada olmur, trans vəziyyətinə düşür. Şair "dünyadan əlini üzüb" deməklə məhz bu ruhi halı ustalıqla təsvir edir. Bundan əlavə, ilk iki misrada həm dünyəvi sənətkarlıq ("sənətin gülü"), həm də ilahi vergi ("ilahi gölü") birləşdirilir. Yəni Alim Qasımovun səsi təkcə texniki ustalıq deyil, həm də ilahi bir bəxşişdir. Dördüncü misrada xanəndənin oxuyarkən əlini (qavalını) üzünə tutması kimi vizual bir səhnə canlandırılır. Bir tərəfdən xanəndənin qavalı üzünə tutaraq oxuması nəzərdə tutulursa, digər tərəfdən "üzüb" dediyi bütün o sənət incilərini, ilahi eşqi və dünyadan təcrid olunmuş ruhunu öz üzünə və səsinə yansıdaraq oxuduğu vurğulanır ki, bu da şeirdən misal çəkdiyimiz dörd misralıq fraqmentin vizual və fəlsəfi yekunudur.

Qardaşxanın “Dünya yol başlayır”, “Bənövşəm”, “Gömgöy”, “Qayalar” kimi təbiət şeirlərinin ovqatında bir məcaz ustalığı görünür; o, müdrik kəlamlar, poetik obrazlarla təbiəti dilləndirmək, bədii mətnin aynasından təsvir-lövhə, mənzərə duyumları keçirməklə Məmməd Araz kimi poetik sətirlərini mənalarla kökləyir, poetik siqlətlə yükləyir.

Kökləmələrindən bir hal:

Qocaltdı dağları qar döyə-döyə,

Çən-duman sıxlaşdı arana tərəf.

Xan Kərəm vəfasız yar deyə-deyə,

Üz tutdu İrana, Turana tərəf.

Yükləmələrindən də bir hal:

Bilmirəm işimiz nəyə oxşayır,

İrəvan, Xankəndi xansız yaşayır.

Bir əl belimizə qılınc qurşayır,

Bir əl bizi çəkir Qurana tərəf.

(“Dünya yol başlayır”)

Bədii mətnin mümkün olduğu qədər məcazlaşdırılması, obrazlılıq və təsvirlərə dərin məna yüklənməsi şairin təbiət şeirləri üçün də səciyyəvidir:

Dörd fəsil yaşayır bir anda dağlar,

Başı dümağ olur, ayağı – gömgöy.

Qəriblik gətirir dağ meşələri,

Yaxını yamyaşıl, uzağı – gömgöy.

Dağlar – yol gözləyən fikirli ana,

Yollar qollarıdır, qoyub qoynuna.

Dərə qucağıdır açıb dumana,

Qolları sapsarı, qucağı – gömgöy.

Qaynar bulaqdan iç, qaynasın qanın,

Bir dəli nərə çək, bəs sazın hanı?

Avqustda şəhərdən gələn oğlanın

Rəngi bomboz olub, dodağı – gömgöy.

Bu leysan axşama səngidi, bəlkə,

Bu axşam bulaqda ləngidim, bəlkə,

Dünyanın ən gözəl rəngidi, bəlkə,

Dağın ən sevimli boyağı – gömgöy.

(“Gömgöy”)

Qardaşxanın “Pəncərədən daş gəlir”, “Adət gülüncü”, “Sizin küçədə”, “Bəlkə”, “Gözəl ayrılıq”, “Göz yaşı kimi”, “Kətan köynək”, “Sevgim”, “Sevən mən olum”, “Tənha gəlinə” kimi bədii örnəkləri sevgi mövzusundadır. Onun sevgi şeirlərinin üzərinə sanki zərif bir kədər tülü çəkilib. Bu misralarda incə bir gileyə və haqlı etiraza da yer var. Lakin şeirləri dəyərli edən ən mühüm cəhət onların zəngin obrazlılığı və məcazlarla işlənməsidir. Dinamik təhkiyə üzərində qurulan bu nümunələr əsasən lirik “sən”ə müraciətlə səslənir. Burada lirik “mən” qarşı tərəfi mənalandırır, ona öz münasibətini və ovqatını ifadə edir. Bütün bu xüsusiyyətlər şeirlərə dərin səmimiyyət, doğmalıq və güclü etik-psixoloji təsir bağışlayır.

Elə gözəl anladıq

Biz biri-birimizi

İlk görüşdən ayrıldıq

Açmadan sirrimizi.

Nə gözəl ayrılıqdı,

Ayrıldıq yanılmamış;

Sən məni tanımamış

Mən səni tanımamış...

(“Gözəl ayrılıq”)

Alman əsilli İsveçrə yazıçısı, Azərbaycanda çap olunmuş “Qadınlar və daşlar” (“Frauen und Steine”) kitabının müəllifi Regina Dürig bu iki bəndlik şeiri diqqətçəkən şəkildə təhlil etməklə yanaşı, Qardaşxan Əzizxanlı yaradıcılığı barədə də maraqlı fikirlər səsləndirib: “Mən o şeirlərdə güclü bir işıq həsrəti duyuram. Yüngüllük, aydınlanma və nicat mənasında bir işıq. ...Ən çox bəyəndiyim şeir "Gözəl ayrılıq”dır. Mən onu kədərli, əldən verilmiş bir fürsət kimi deyil, əksinə, bağlılığın bir mədhiyyəsi kimi oxuyuram. Çünki o bağlılıq mümkün ola bilərdi və məhz buna görə də mövcuddur. Həm də orada belə bir etibar var: hər şeyi deməyə ehtiyac yoxdur; bəzən o böyük, bütöv olan tək bir anın içində cəmlənə bilər. Sadəcə, onu duymaq, ayıq olmaq, oyaq olmaq lazımdır. Bir insanı həqiqətən tanımaq və dərk etmək həmişə mümkündür. Və bəlkə də ən saf gözəllik, həmin insana heç nə əlavə etmək istəməmək, ondan heç nə tələb etməməkdir. ..."Gözəl ayrılıq” şeirində... nə yaralanmış qürur var, nə ittiham, nə istifadə olunmaq hissi, nə də anlaşılmamaq duyğusu. Yalnız işıq!”[3]

Qardaşxanın şeirlərində təbiətlə doğmalıq, zərif cinaslar, eyni zamanda lirik-psixoloji küskünlük yetərincədir. Onun "Ağ gülün şeiri" təbiət və sevgi motivlərinin qadın gözəlliyi ilə vəhdət təşkil etdiyi lirik nümunədir. Şeirdə ağ gül sadəcə hədiyyə deyil, saflığın, kosmik ucalığın və aşiqin qəlbindəki iztirabları sevincə çevirən ilahi bir rəmz kimi təsvir olunur. Şair sevgilisinin zərifliyini ulduzlar, səma və gecənin təbii gözəlliyi ilə qovuşduraraq hisslərini tərənnüm edir:

Sən verdiyin ağ gülün

əksi min yerə düşür.

Gözdən qəlbə, qəlbdən sözə,

Sözdən göylərə düşür.

Şər qarışır saçlarına...

Sən bax bir ağ çiçəyə, –

Milyon-milyon ulduz olur

səpələnir gecəyə.

Ağ güllərlə köpüklənir

göy daşır sahilinə.

Salam, Kiçik Ayı bürcü,

yeddi bəyaz gülünə.

Ürəyimdən ulduz-ulduz

tikan çıxardan səma

ağ gül açır başdan-başa

sənlə görüşən zaman.

Əlin gültək açılır

ləçək barmaqlarından,

Mən ağ gülü qoxlayıram

əlindən öpdüyüm an.

("Ağ gülün şeiri")

Şairin “Gəlirəm”, “Bu dünyanın sirrini kim açacaq”, “O gecə” və s. şeirlərində duymaq, qavramaq, xəyal etmək və fəlsəfi-estetik düşünmək ovqatının dərin mənası əks olunub.

Qardaşxanın xeyli dəyərli ustadnamələri var: “Gərək heç görməyəydim”, “Gözübağlı doğulduq”, “Zülmdən Allaha doğru”, “Dağ çayı daş üstən axır” misraları ilə başlayan və s. adsız şeirləri. Belə şeirlərində Qardaşxanın dünyaya baxışı sufiyanədir, fəlsəfi-əxlaqidir. Mənalandırma, fəlsəfi-psixoloji və əxlaqi-estetik mahiyyət onun poeziyasının əsas cövhərini təşkil edir.

Zülmdən Allaha doğru

ruh məni çəkib aparar.

Əzrail alıcı quş tək

köksümə çöküb aparar.

İki-üç bayram o yana,

İki-üç bayram bu yana, –

Göylərin ürəyi yanar,

Göz yaşı töküb aparar.

Zəifin zalımı dünya!

Gözləmə zalımı, dünya?

Bu cah-cəlalımı dünya

bir bezə büküb aparar.

(“Zülmdən Allaha doğru”)

Qardaşxanın “Qardaşxan Əziz də, Əziz Nesin də”, “Nyuton”, “Bu millət”, “Dünya məndən nə istəyir” kimi ictimai-əxlaqi şeirləri rişxənd, qınaq, tənqid, satira və ironiya çalarları ilə seçilirsə, “Gündüzlər ağ pərdədir”, “Bu qapısız dünyada” misraları ilə başlayan poetik nümunələri müdriklik, ustadlıq və aforistik kəlam gücü ilə də diqqət çəkir.

Son iki şeirdən iki nümunəyə nəzər yetirək:

Ulduzlar ağ yalandır,

Günəş – qırmızı yalan.

Hamıdan yalançıdır

hamıdan doğru olan.

Pəncərədən daş gəlir,

“Bəri bax” dünyasıdır.

Ən haqsız adamın da

yeri haqq dünyasıdır.

(“Gündüzlər ağ pərdədir”)

*
Dünyamızı dəyişər
pəncərədən gələn daş.
Göz yaşı tək yaşayan,
baş daşı tək ölən daş.
Bu qapısız dünyadan
gələrik biz dünyaya.
Gedərik bu dünyadan
pəncərəsiz dünyaya.

(“Bu qapısız dünyada”)

Qardaşxanın ictimai-əxlaqi şeirləri içərisində Qarabağa aid olanlar da mühümdür. “Qüssə”, “Canım qardaş, gözüm qardaş”, “Qiyamətdən məhşərəcən”, “Son Qarabağ savaşından qabaqkı şeir”, “Anam, məni ilan doğ, həqiqət kimi çalım” və sair.

O, “Qüssə” şeirini Qarabağ işğalının ilk illərində yazıb. Şeirdən ağrılı bir bənd:

Qan qara, ürək açılmır,

Nə olsun ki, yazdı, bacım.

Di gəl bu qansız ağaclar

Gör necə ürəkdən açıb!

(“Qüssə”)

“Qiyamətdən məhşərəcən” şeiri isə 2020-ci il avqustun 1-də – “Son Qarabağ savaşından qabaqkı şeir”dən əvvəl qələmə alınıb. Yığcam mətndir. Şeir ölçülü sərbəst biçimdə qələmə alınıb, olduqca mənalı və poetikdir. Əsərdə şairin andı – Təbriz haqqı, Şuşa canıdır. Şeirin ağrı-acısı isə arzudan da şirin ellərin acı-acı talanıb getməsi, köksümüzün qiyamətdən məhşərəcən oyuq-oyuq olması, “Qarabağ şikəstəsi”nin şikəst Qarabağı olmağımız, Odlar yurdunun az qala yadlar yurduna dönməsi kimi məqamlarda obrazlı dildə əksini tapıb. Xalq şəhid, millət əsirlikdədir. Daha şairin tanrısı da başqadır: nə gözəllik, nə sevgidir. Şairin tanrısı indi “Od gəlini” – qisasdır. “Qiyamətdən məhşərəcən” yüksək poetik dəyərə və dərin məzmun yükünə malik əsərdir.

“Son Qarabağ savaşından qabaqkı şeir” də müəllifin bədii cəhətdən dolğun nümunələrindən biridir. Burada şair “Xudafərin” – “Xub afərin” deyimi ilə tarixi yaddaşı oyadaraq öz daxili həqiqətinə işıq salır. Düşmən işğal etdiyi ərazidə asma körpü tikmək iddiasındadır. Amma yağı Qarabağda bizim tikəcəyimiz asma körpüdən asılmalıdır!

Sən ey yağı, az yağla gen bəyanatını,

Qarabağa tək Xocalı xəyanətinin

tükürpədən səlnaməsi bəs eylər ki, sən

asılasan mən asdığım asma körpüdən.

Qardaşxan sözləri, ifadə və idiomları elə oynadıb əlvan mənalara salır ki ("mən yurdu batmışın", "batmış başına haranın daşını salsın", "başıma daş düşdü mənim", "aramız sərinlədi..."), oxucu bu lövhələrin, realilərin çeşidli ovqatında istər-istəməz halbahal olur:

Qarın qardaşdan irəli,

Qayın qardaşdan irəli.

Qoyun qardaşdan irəli,

Ah, Qarabağ, ah Qarabağ!

Qardaşxan kitabdan-kitaba keçdikcə başlıca mövzularını, motivlərini yeni poetik qüvvətlə davam etdirib. Onun söz dünyasında didaktik-əxlaqi çalarlar diqqətçəkəndir. Müdrik və mənalı örnəklərdir. Şairin folklordan qaynaqlanan, adlıq sintaqmalardan ibarət zəncirləmə, təkərləmə formalı şeirlərindən biri:

Bütün dünyalar – divar,

Bütün divarlar – saat,

Bütün saatlar – ölüm,

Bütün ölümlər – həyat.

Bütün həyatlar – yağış,

Bütün yağışlar – arşın.

Bütün arşınlar – Vətən,

Bütün Vətənlər – behişt.

(“Bütün dünyalar – divar”)

Qardaşxanın bu varsağısı da gözəldir:

Gözüm – Yer Yarımkürəsi,

Qarası – quru, ağı –su.

Gözümün ağı-qarası,

Gözümün işığı gedir.

Ağ gedir, qara azalır,

Su gedir, quru azalır.

Gözümün nuru azalır,

Gözümün işığı gedir.

Qaranlıq dünyaya uyub,

İşığı duyanı qoyub,

İşıqlı dünyanı qoyub

gözümün işığı gedir.

“Gözüm – Yer Yarımkürəsi”

Yerində deyilmiş müdrik qənaətlər bu misralara xüsusi bir ovqat bəxş edir. Özünəməxsus yığcamlığı olan bu nümunələrin mayasından isə bəzən dualar, nəfəslər və ilahilər süzülüb keçir. Qardaşxanın poeziyası dərin lirik-psixoloji və mənəvi qatlara söykənir. Onun poetik mətnlərində mövzu rəngarəngliyinin harmonik vəhdəti duyulur. Bu çalarlar həm gerçək həyatın, həm də xəyal aləminin (irreallığın) təzahürləridir. Bütün bu fərqli qatları birləşdirən ali başlanğıc isə səma – göy qübbəsi, Yaradana üz tutan dualar və Allaha həmd-sənadır.

Xəlil Rza Ulutürk demişkən, “Nizamidən tutmuş Qardaşxanacan”[4] Əmrəsayağı, Nəsimisayağı ilahilər və nəfəslər qələmə alınıb. Bu yaradıcılıq nümunələrinin mərkəzində Haqq-təala dayanır. Müəllifin “Nə o yelkən, nə bu gəmi”[5] (redaktoru Ülvi Babasoy, bədii redaktoru Gilan) adlı ikinci miniatür kitabında da ilahilərə, nəfəslərə geniş yer verilib. Bu mətnlərdə Qardaşxan həm haqq aşığı, sufi və dərviş, həm də Yəsəvi, Mövlanə, Xətaidir; onun yaradıcılığında folklor, aşıq sənəti və klassik ədəbiyyat ənənələri üzvi şəkildə birləşir. Müəllif bu qəbildən olan şeirlərini “Dualar” adlandırıb. Əslində, Qazi Bürhanəddin, Nəsimi və Xətaidə olduğu kimi, bunları “İlahilər” və ya “Nəfəslər” də adlandırmaq olar. Bu silsiləyə daxil olan şeirlər əsasən Allaha xitab və ya onun adı ilə başlayıb-bitir: “Qoy özü hifz eləsin bizi bir olan Allah”, “Təvəkkül böyük Allaha”, “Allah, sənə qurban olum”, “Allah, gəl keç günahımdan”...

Sevgiyə xələl gətirən

söz deyilməyir Allaha

o qədər mehribandı ki

siz deyilməyir Allaha

ucasan təksən deyilir

Allah böyüksən deyilir

yüksəyə yüksək əyilir

söz əyilməyir Allaha

sözün dadı duzu Allah

özü əymir sözü Allah

Qardaşxanın poeziyasında Allah və dünya birliyinin dərin fəlsəfəsi var. Şair dərk edir ki, bu aləm heç də puç və mənasız deyil; Yaradan “Ol!” əmri ilə dünyanı öz darıxan ruhuna həmdəm kimi yaradıb. Odur ki, bəzən boz rəngə bürünən bu dünyanı şair daim işıqlı və şən görmək arzusundadır:

dünya qoy gülüb-oynasın

Tanrı baxmaqdan doymasın

dünyanı gözdən qoymasın

onsuz olmasın bir anı

Fikrimizcə, Qardaşxanın poeziyası ilə dünyadan vaxtsız köçmüş Akif Səmədin yaradıcılığı arasında bir ruh yaxınlığı var. “Dualar” silsiləsinə daxil olan, “O cani-dildən yaradıb”, “Allah, şükür birliyinə”, “Allah, sənə qurban olum” və “Allahım, göy adamının” misraları ilə açılan adsız nümunələr də bu poetik ənənənin davamı kimi çıxış edir. Hər biri üç bəndlik olan bu “Dualar”ın bir neçəsini də nəzərdən keçirək:

o cani-dildən yaradıb

adəmi gildən yaradıb

min bir könüldən yaradıb

nə cin nə şeytan olmağa

sınayıb musaya qədər

həzrəti isaya qədər

qədəm-qədəm aya qədər

ucaldıb insan olmağa

sən Allahı sal yadına

o da çatsın imdadına

qalxmışam insan qatına

Allaha qurban olmağa

*

Allah şükür birliyinə

bu yolu mənə vermisən

bu qanada layiq bilib

bu qolu mənə vermisən

kəlməni kəlmə dalınca

düzüb çatdıra bilmirəm.

günlərlə yazmadığımı

yazıb çatdıra bilmirəm

dərgahından gələn yolun

bəlkə də özüdü Allah

bu yol oxuya bildiyim

ilahi yazıdı Allah

Hüdudsuz olan Haqqı çərçivəyə salmaq mümkünsüzdür; görünür, elə buna görə də Qardaşxan ilahilərini adsız, durğu işarəsiz qoyub:

Allah sənə qurban olum

mənə çox görmə bu yolu

dərgahına gələn bu yol

ümidlə, inamla dolu

Allah sənə üz tutmuşam

başqa heç kimə sözüm yox

indi qəzaya bax, sənə

üz tutmağa da üzüm yox

söz-söz öz başına çevir

məndən üz çevirmə Allah

özün qoyduğun bu yolu

sən mənə çox görmə Allah

Nəhayət:

Allahım göy adamının

qəlbində qaralar olmur

göy şeiridir mənim şeirim

göydə işarələr olmur

Allahın hökmü var dinə

peyğəmbər verib hər dinə

dindar adamın dərdinə

türkücə çarələr olmur

yerin min cəncəl qanını

göyün bir əcəl qanunu

əcəldən macal qanunu

bir kəsə gör olar olmur

Məmməd Araz demiş, “Qardaşxan olub sözdən yapışanlar haqq işığı paylamalıdı bəs! Poeziya həqiqətdən keçib gəlir. Sənin haqq sözünə şükür, şükür, Qardaşxan!”[6]

Əlizadə Əsgərli,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
direktor müşaviri, filologiya elmləri doktoru

[1] Qardaşxan Haqqarar. İlkim də sən, indim də sən, sonum sən. Bakı, “Nurlan”, 2018, 200 s.
[2] Müəllif bu şeirlərində “Dualar” silsiləsində olduğu kimi misranın əvvəlində böyük hərflərdən və ümumiyyətlə, durğu işarələrindən istifadə etmir.
[3] https://qaynarinfo.az/az/bir-anin-icinde-var-olmagin-genisliyi-1
[4] Xəlil Rza Ulutürk. Aktyor Mikayıl Şahvələd oğlu. “Azərbaycan təbiəti” jurnalı, 1991, №2
[5] Qardaşxan Haqqarar. Nə o yelkən, nə bu gəmi. Bakı, “Elm və təhsil”, 2023, 80 s.
[6] Məmməd Araz. Qardaşxan nədən yazır. “Ədəbiyyat qəzeti”, 09.05.2002

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью