Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 16 noyabr, AZƏRTAC Aqrar Subsidiya Şurası məhsul subsidiyası verilən bitkilərin siyahısını genişləndirir.Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Şuranın qərarına əsasən, 2025-ci təsərrüfat ilindən başlayaraq fermerlər qarğıdalı əkinlərinə görə, əkin subsidiyası ilə yanaşı, məhsul subsidiyası da ala biləcəklər.
Qarğıdalıya görə məhsul subsidiyası qarğıdalıdan nişasta, qlükoza, yağ və fruktoza istehsal edən müəssisələrə verilən məhsula şamil edəcək.
Öz torpaq sahəsində qarğıdalı yetişdirən və məhsulu belə müəssisələrə təhvil verən fermerlər əkin subsidiyası ilə yanaşı təhvil verdikləri qarğıdalının hər tonuna görə 50 manat məhsul subsidiyası alacaqlar.
Buna qədər Azərbaycanda yalnız pambıq, şəkər çuğunduru və tütünə görə məhsul subsidiyası verilirdi.
Aqrar Subsdiya Şurası növbəti təsərrüfat ilindən qeyd olunan bitkilərlə yanaşı qarğıdalıya görə də məhsul subsidiyası ödənilməsini qərarlaşdırıb.
Şuranın qərarında məhsul subsidiyası ödəniləcək bitkilər siyahısında pambıq, şəkər çuğunduru, tütün və qarğıdalıdan başqa günəbaxan və soyanın da adları var.
Qeyd edək ki, indiyə kimi qarğıdalı əkinlərinə görə yalnız əkin və təkrar əkin subsidiyaları ödənilirdi.