Qarlı Bakı havası

04.02.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 4 fevral, Süleyman Qaradağlı, Orxan Kərimov (foto), Azər İbrahimov (foto), AZƏRTAC

Bakı qışın sərt üzünü kiçik çillədə gördü. Tək bircə gün qışın bu vədəsi haqqında el arasındakı məşhur deyimi yada saldı: “Böyük çillənin ömrü məndə olaydı, gəlinin barmağını un kisəsində dondurardım”. Bu il qışın yönü bu tərəflərə düşəndən bəlkə də belə sərt hava olmamışdı. Başlara papaq, boyunlara şərf, əllərə əlcək, ayaqlara uzunboğaz çəkmə gətirən qar, qədəmlərin mübarək!

Yenə qar yağdı... Yerdə durmasa da, ağacların budaqlarını ağappaq qar tənziflə sarımasa da, təbiətə ağ qumaşdan don biçməsə də... Qarsız qışın nə ləzzəti? Qar qışın ən gözəl neməti, yaraşığı, bar-bərəkətdir. Təki göydən yer üzünə ağappaq məktublar səpilsin. Qar yağsın, qoy dünyaya bolluq-bərəkət ələnsin, təbiətə təmizlik gətirsin, uşaqları sevindirsin, havadakı mikrobları öldürsün, eybi yox, lap kürəyimizdə qartopu göynərtisi də hiss edək...

Yaz gül-çiçəyi, yay günəşi, payız bar-bəhəri ilə gözəl olduğu kimi qış da qarı-sazağı, şaxtası-soyuğu ilə gözəldir. Kaş ki, heç olmasa kiçik çillənin qalan günlərində, hətta onun ardınca gələn boz ayda da olsa qarlı günlər çox olsun. Çünki qar bolluq-bərəkət, saflıq-təmizlik, aydınlıq-duruluqdur. Bir də el arasında deyildiyi kimi, qışın ömrü azdı, arxası yazdı…

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью