Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yay mövsümündə qarpız ən çox istehlak edilən meyvələrdən biri olsa da, hər il bu məhsulla bağlı zəhərlənmə halları da qeydə alınır.
Xüsusilə düzgün saxlanılmayan, gigiyenik qaydalara əməl olunmadan kəsilib satılan və ya vaxtından əvvəl yetişdirilməsi üçün müxtəlif vasitələrdən istifadə olunan qarpızlar sağlamlıq üçün ciddi risk yarada bilər.
Belə hallarda ürəkbulanma, qusma, qarın ağrısı və ishal kimi əlamətlərlə müşayiət olunan zəhərlənmələr baş verir. Yay aylarında qida zəhərlənmələrinin artdığı bir dövrdə qarpızın düzgün seçilməsi, saxlanılması və istehlakı xüsusilə vacib hesab olunur.
Maraqlıdır, bu il ölkədə neçə nəfər qarpızdan zəhərlənib?
AQTA-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri Hüsniyyə Həsənova “Cebheinfo.az”-a bildirib ki, bu il qarpız zəhərlənməsi ilə bağlı heç bir fakt qeydə alınmayıb:
“Əslində bu, sevindirici haldır. Çünki insanlar bu istiqamətdə daha çox maarifləniblər və artıq qarpızın hansı şəraitdə saxlanılmalı olduğunu, nə qədər müddətdə istehlak edilməsinin vacibliyini bilirlər. Bu da zəhərlənmə riskinin azalmasına müsbət təsir göstərir”.
Aişə Abdulova
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin