Qars və Moskva müqavilələri Naxçıvan üçün nə ifadə edirdi?..

02.02.2026

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirə olunub. Və Konstitusiyanın preambulasındakı Qars və Moskva müqavilələri çıxarılaraq, onların aşağıdakı müddəalarla əvəz olunması təklif edilib:

"Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” 1991-ci il 30 avqust tarixli Bəyannamədə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” 1991-ci il 18 oktyabr tarixli Konstitusiya Aktında təsbit edilmiş prinsiplər və Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində - referendumda qəbul edilən Konstitusiyası təşkil edir".

Qanun layihəsi II səsverməyə qoyularaq qəbul edilib.

Maraqlıdır, Naxçıvan Konstitusiyasından çıxarılan Moskva və Qars müqavilələri nəyi özündə ehtiva edirdi?
Modern.az saytı bunu diqqətinizə çatdırır:

Moskva müqaviləsi

16 mart 1921-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Moskva müqaviləsi imzalanıb. "Dostluq və qardaşlıq" haqqında olan, 16 maddə və 3 əlavədən ibarət müqavilədə Cənubi Qafqazı, o cümlədən Azərbaycanı maraqlandıran nüanslar var. Müqavilənin 3-cü maddəsində hər iki tərəfin Naxçıvan əyalətini Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razı olduğu öz əksini tapmışdır. O şərtlə ki, Azərbaycan bu himayə haqqını heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəkdir.

Moskva müqaviləsinin I (C) əlavəsində Naxçıvanın sərhədləri aşağıdakı kimi müəyyənləşdirilib:
"Ararat stansiyası- Saray Bulaq dağı- Kömürlü dağı- Sayat dağ- Kürd-qulaq dağı- Həməsur dağı-Küküdağ və keçmiş Naxçıvan qəzasının şərq inzibati sərhədi".

Qars müqaviləsi

Türkiyə və üç Cənubi Qafqaz respublikası arasında 13 oktyabr 1921-ci ildə Qarsda imzalanan müqavilə 20 maddə və 3 əlavədən ibarətdir. Bu sənəddə Azərbaycanın ərazi bütövlüyü təmin olunub, qeyri-bərabər hüquqlu müqavilələr, zorla qəbul etdirilən müqavilələr rədd edilib. Müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın taleyi ilə bağlıdır. Burada yenə də Naxçıvanın Azərbaycanın tərkibində saxlanması və muxtariyyət verilməsi məsələsi təsbit edilib. Naxçıvanın statusu və tabeçiliyi məsələsi beynəlxalq müqavilələrlə tam şəkildə həll edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью