Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.
İntiqam Quliyev
YAP Ağdam rayon təşkilatının sədr müavini
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı partiyanın keçdiyi tarixi yolu, ölkəmizin əldə etdiyi nailiyyətləri, qarşıda dayanan vəzifələri dəyərləndirmək baxımından mühüm siyasi məna daşıyır. Yeni Azərbaycan Partiyası yarandığı gündən dövlətçilik maraqlarını, milli iradəni və ölkənin gələcəyini əsas siyasi prioritet kimi müəyyənləşdirib. 1992-ci il noyabrın 21-də Azərbaycanın olduqca mürəkkəb ictimai-siyasi vəziyyətində Ulu Öndər Heydər Əliyevin ətrafında birləşən insanların təşəbbüsü ilə yaradılan partiya xalqın sabitlik, dövlətçilik və milli qurtuluş istəyinin siyasi ifadəsinə çevrildi. Həmin dövrdə ölkə ağır böhranla üz-üzə idi, ərazilərimiz işğal olunur, iqtisadiyyat tənəzzülə uğrayır, dövlət idarəçiliyi zəifləyir, separatçılıq və parçalanma təhlükəsi artırdı. Belə bir şəraitdə xalqın Ümummilli Lider Heydər Əliyevə olan inamı təsadüfi deyildi. Azərbaycan cəmiyyəti çıxış yolunu məhz dövlətçilik təcrübəsi, siyasi iradəsi və qətiyyəti ilə seçilən Ulu Öndərin rəhbərliyində görürdü. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirildi. Dövlətçilik, müstəqillik, iqtisadi dayanıqlıq, güclü ordu və milli maraqlara əsaslanan xarici siyasət bu xəttin başlıca istiqamətlərini təşkil etdi. Qarşıya qoyulan strateji məqsədlərin mərhələli şəkildə reallaşdırılması nəticəsində Azərbaycan regional və beynəlxalq müstəvidə söz sahibi olan, öz qərarlarını müstəqil qəbul edən dövlətə çevrildi. Dövlətimizin başçısının qeyd etdiyi kimi, illər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır: “Müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmə imkanları. Yəni yığcam formada bunu təsvir etmək üçün dediyim amillər, məncə, kifayətdir”.
2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər bu siyasətin ən mühüm nəticələrindən biri oldu. Azərbaycan uzun illər davam edən işğala hərbi-siyasi yolla son qoyaraq regionda yeni reallıqlar yaratdı. Lakin Zəfərdən sonra da qarşıda mühüm vəzifələr dayanırdı. Ərazi bütövlüyünün tam bərpası istiqamətində siyasi, diplomatik və hərbi fəaliyyət ardıcıl şəkildə davam etdirildi. Prezident İlham Əliyevin çıxışında diqqət çəkilən əsas məsələlərdən biri də ideoloji təhlükəsizlikdir. Müasir dünyada dövlətlərin təhlükəsizliyi yalnız sərhədlərin qorunması ilə məhdudlaşmır. İnformasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələr, kiberhücumlar və süni intellekt yeni ideoloji risklər meydana çıxarır. Bu şəraitdə cəmiyyətin informasiya təsirlərinə qarşı dayanıqlığının artırılması, xüsusilə gənc nəslin düzgün və obyektiv məlumatla təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Bunun əsas dayaqları isə təhsil, milli şüur, vətənpərvərlik və dövlətçilik düşüncəsidir. Yeni mərhələ Azərbaycanın qazandığı uğurların davam etdirilməsi, dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsi, cəmiyyətin həmrəyliyinin qorunması və ölkəmizin qarşısında dayanan strateji hədəflərin ardıcıl şəkildə reallaşdırılması ilə xarakterizə olunur. Bu baxımdan VIII Qurultayda dövlətimizin başçısının vurğuladığı fikirlər Azərbaycanın gələcəyə baxışının aydın ifadəsidir. Ötən illərdə formalaşmış möhkəm siyasi-iqtisadi və hərbi potensial qarşıdakı məqsədlərin həyata keçirilməsi üçün etibarlı zəmin yaradır.