Qarşıda kəndləri daha ciddi problem gözləyir KONKRET

25.08.2026

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kənd və rayonlarda tibbi xidmətlərə çıxış imkanları xüsusilə qış aylarında daha da çətinləşir. Həkim çatışmazlığı, yolların bərbad vəziyyətdə olması, dağlıq ərazilərə təcili tibbi yardımın vaxtında çata bilməməsi sakinlərin üzləşdiyi əsas problemlər sırasında yer alır.

Bəs bu çətinliklərin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan terapevt Rasif Bağırov bildirib ki, rayon və kəndlərdə əsas problemlərdən biri ixtisaslı həkim çatışmazlığıdır.

“Həkimlər rayon və kənd yerlərində çalışmağa maraq göstərmirlər, şəhərlərə üz tutaraq tibbin müxtəlif sahələrində fəaliyyət göstərirlər. Bu da kənd və rayonlarda həkim çatışmazlığının yaranmasına səbəb olur.

Azərbaycanda həkim çatışmazlığının qarşısının alınması üçün kifayət qədər kadr hazırlığı aparılır. Lakin məzunların bir qisminin xaricə getməsi, orada yenidən imtahanlardan keçməsi və müəyyən prosedurlara cəlb olunması da kadr təminatına təsir göstərir”, – deyə terapevt qeyd edib.

Rasif Bağırovun sözlərinə görə, ilk növbədə kənd və rayonların ixtisaslı tibbi kadrlarla təmin olunması vacibdir. Bunun üçün həkimlərə bölgələrdə işləmək üçün daha yüksək əməkhaqqı və əlavə sosial təminatlar təklif edilməlidir.

Həkim bildirib ki, kənd və rayonlarda tibbi xidmətə əlçatanlıq yalnız kadr çatışmazlığı ilə məhdudlaşmır.

“Rayonlarda, xüsusilə dağlıq ərazilərdə təcili tibbi yardım xidmətləri üçün yolların vəziyyəti çox vaxt qənaətbəxş olmur. Təcili yardım avtomobili həmin ərazilərə vaxtında gedə bilmir. Xəstənin təcili tibbi yardıma ehtiyacı olduğu halda xidmətin gecikməsi ciddi problemlərə səbəb ola bilər”, – deyə Rasif Bağırov bildirib.

Onun fikrincə, problemin həlli üçün yalnız tibb müəssisələrinin və həkimlərin sayının artırılması kifayət deyil. Kəndlərdə yol və digər infrastrukturun yaxşılaşdırılması, təcili tibbi yardım avtomobillərinin istənilən hava şəraitində xəstələrə vaxtında çatmasının təmin edilməsi də vacibdir.

“İnfrastruktur lazımi səviyyədə olmalıdır ki, həkim xəstənin yanına vaxtında gedə bilsin. Bütün bu məsələlər kompleks şəkildə həll olunarsa, insanların vaxtında tibbi yardıma müraciət etməsi, həkimlərin isə normal şəraitdə fəaliyyət göstərməsi üçün daha əlverişli imkan yaranar”, – deyə terapevt əlavə edib.

Beləliklə, kənd və rayonlarda tibbi xidmətlərin əlçatanlığının artırılması üçün ixtisaslı kadrların bölgələrə cəlb edilməsi, həkimlərə daha yüksək əməkhaqqı və əlavə sosial təminatların verilməsi, yol və nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, eləcə də təcili tibbi yardım imkanlarının gücləndirilməsi əsas istiqamətlər kimi önə çıxır.

Aynurə İsmayıl
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью