Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Misli Premyer Liqasında 3 tur geridə qalıb.
Yoluna məğlubiyyətsiz davam edən “Zirə” turnir cədvəlində 9 xalla liderdir. Rəşad Sadıqovun yetirmələri sonuncu turda “Neftçi”ni məğlub etməklə (1:0) zirvədə şəriksiz qaldı.
Avrokuboklara erkən vida edən “qartallar” heyətdə də bir sıra “təmizlik” işləri görüb. Ötən mövsümün aparıcı oyunçularından Brahim Konate, Anatoli Nuriyev, Junior Martins kimi futbolçuları yola salan “Zirə”nin əsas diqqətini yerli çempionata verəcəyi əvvəldən ehtimal edilirdi.
Baş məşqçi Rəşad Sadıqov hələ mövsüm başlamazdən əvvəl bu barədə fikirlərini bölüşmüş, transferlərin liqa üçün nəzərdə tutulduğunu bildirmişdi. Konfrans Liqasının II təsnifat mərhələsində Estoniya təmsilçisi “Payde”yə uduzduqdan sonra komanda ilə bağlı tənqidlər səslənsə də, “qartallar” ruhdan düşmədi. Liqaya uğurlu start verən “Zirə” intizamlı, təmkinli və mübariz kollektiv olduğunu göstərdi.
“Neftçi” bu mövsüm çempionatda ən çox qol şansı yaradan kollektivdir. Ancaq “Zirə” “ağ-qaralar”a demək olar ki, cəmi bir qol fürsəti verdi. Xüsusilə müdafiədəki intizamı ilə seçilən “qartallar” ilk hissədə vurduğu qoldan sonra da ağıllı oynadı, geri çəkilmədi. Ön xəttdə rəqibi təzyiq altında saxlayan qəsəbəlilər “Neftçi”ni səhvlərə məcbur etdi və sonda layiq olduğu qələbəni qazandı.
“Zirə” üçün növbəti ciddi sınaq qarşıdakı turda gözlənilir. Son çempion “Sabah”ın qonağı olacaq “qartallar”ın bu görüşdən əliboş qayıtmaması təəccüb doğurmayacaq. “Sabah”ın sentyabrın 10-da Çempionlar Liqasında “Mançester Yunayted”lə səfər matçı var. Baş məşqçi Valdas Dambrauskas liqa görüşlərində hələlik ehtiyat qüvvəyə şans verir. Bu, Sadıqovun “drujinası” üçün üstünlük ola bilər.
Şahin Cəfərov