futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Zirə” Azərbaycan Kubokunda finala yüksəldi. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv yarımfinalda “Turan Tovuz”u üstələdi. İlk oyunda 2:0 hesablı qələbə qazanan “qartallar” cavab matçında qapısını toxunulmaz saxladı və qolsuz heç-heçə adını finala yazdırdı.
Tərəflər arasındakı birinci dueldə yaşanan hakim səhvi hər iki matçı kölgədə saxladı. Oyundan çox hakim qərarlarının müzakirə olunduğu dueldən sonra da idarəçilik məsələsi gündəmdə qaldı. Birinci matçda “Turan Tovuz”un lehinə verilməli olan penaltilər bəlkə də, turun həlledici məqamı idi. Ən azından tovuzlular bu iddiadadır.
Cavab matçında “Turan Tovuz”un hücumda daha effektiv oynayacağı gözlənilsə də, sərgilənən oyun sanki tovuzluların məğlubiyyətlə barışdığını hiss etdirdi. Ciddi epizodlara girə bilməyən “Turan Tovuz” matçın son hissəsində daha çox təzyiq göstərsə də, real təhlükə yarada bilmədi. Burada “Zirə” müdafiə xəttinin də etibarlı oyunu xüsusi vurğulanmalıdır.
Hər bir halda, ilk oyunda verilən qərarlar yarımfinaldakı bu duelləri, meydandakı mübarizəni kölgədə qoydu.
Tarixində üçüncü dəfə finala adlayan “Zirə”nin rəqibi “Sabah” – “Qarabağ” cütünün qalibi olacaq. Qəsəbə təmsilçisi üçün hər iki rəqib arzuolunmazdır. “Qarabağ” finallarda kifayət qədər təcrübəli, “Sabah” isə son çempiondur.
Komandalar arasındakı ilk matçda qollu bərabərlik qeydə alınıb – 2:2. Cavab matçı bu gün, saat 20:00-da start götürəcək.
Şahin Cəfərov