Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müəllif: Gülnar Əhmədli, Banco.az
“Qartopu üsulu” (Snowball Method) borcların idarə edilməsi üçün istifadə olunan strategiyalardan biridir. Bu metod borcları faiz dərəcəsinə deyil, məbləğinə görə kiçikdən böyüyə doğru ödəməyə əsaslanır. Əsas məqsəd borcları mərhələli şəkildə bağlamaq və hər ödənişdən sonra yaranan motivasiya hesabına prosesi davam etdirməkdir.
Banco.az xəbər verir ki, bu metodun əsas prinsipi əvvəlcə ən kiçik borcu tam ödəmək, daha sonra həmin borc üçün ayrılan vəsaiti növbəti borcun ödənişinə əlavə etməkdir. Prosesi belə həyata keçirmək olar:
Borclarınızı faiz dərəcələrindən asılı olmayaraq, ən kiçik məbləğdən ən böyüyə doğru sıralayın.
Ən kiçik borc istisna olmaqla, digər borclar üzrə minimum ödənişləri edin.
Əlinizdə qalan vəsaiti ən kiçik borcun ödənilməsinə yönəldin.
Həmin borc bağlandıqdan sonra ona ayırdığınız məbləği növbəti kiçik borcun ödənişinə əlavə edin.
Bütün borclar bağlanana qədər bu qaydanı davam etdirin.
Beləliklə, borclar azaldıqca növbəti borcun ödənilməsinə ayrılan məbləğ də artır. Qartopunun böyüməsinə bənzəyən bu proses metodun adını müəyyənləşdirir. Kiçik borcların qısa müddətdə bağlanması insana motivasiya verir və borcsuz həyata doğru irəliləməyə kömək edir.
Borc qartopu üsuluna nümunə
Tutaq ki, A, B və C olmaqla üç borcunuz var və hər ay borcların ödənilməsinə 1 000 manat ayıra bilirsiniz.
A borcu: Ümumi məbləğ 2 000 manat, minimum aylıq ödəniş 50 manat.
B borcu: Ümumi məbləğ 5 000 manat, minimum aylıq ödəniş 300 manat.
C borcu: Ümumi məbləğ 30 000 manat, minimum aylıq ödəniş 400 manat.
Bu üsula əsasən, ilk növbədə A borcunu bağlamağa çalışmalısınız. B və C borcları üzrə minimum ödənişlərə ümumilikdə 700 manat ayırdıqdan sonra qalan 300 manatı A borcuna yönəldə bilərsiniz. Beləliklə, A borcuna aylıq 350 manat ödəmiş olursunuz.
A borcu bağlandıqdan sonra həmin borca ayırdığınız vəsaiti B borcunun ödənişinə əlavə edirsiniz. Bu mərhələdə C borcunun minimum ödənişi üçün 400 manat ayırdıqdan sonra qalan 600 manatla B borcunu ödəyirsiniz. B borcu da bağlandıqdan sonra aylıq 1 000 manatın hamısını C borcuna yönəldə bilərsiniz.
Borc qartopu üsulunun üstünlükləri və çatışmazlıqları
Üstünlükləri:
Kiçik borcların tez bağlanması motivasiyanı artırır və ödəniş prosesini davam etdirməyə kömək edir.
Əvvəlcədən müəyyən edilmiş plan büdcəyə nəzarəti asanlaşdırır.
Borcların mərhələli ödənilməsi maliyyə idarəetməsi vərdişlərini inkişaf etdirir.
Çatışmazlıqları:
Borclar faiz dərəcəsinə görə deyil, məbləğinə görə sıralandığından yüksək faizli borclar uzun müddət açıq qala bilər. Bu isə ümumi faiz xərcini artıra bilər.
Bütün sərbəst vəsaitin borcların ödənilməsinə yönəldilməsi ehtiyat pulun azalmasına səbəb ola bilər. Gözlənilməz xərclər yarandıqda yenidən borclanmaq riski artır.
Borcların ödənilməsi müddəti uzana bilər. Bu isə bəzi hallarda maliyyə intizamını qorumağı çətinləşdirə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!