Qaxda arpa sahələrində orta məhsuldarlıq 31,9 sentner təşkil edir biçin davam edir

16.06.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qax, 16 iyun, AZƏRTAC

Qax rayonunun təsərrüfatlarında arpa biçininə başlanılıb. Rayonun Almalı, Zəyəm, Tasmalı, Güllük və digər kəndlərindəki təsərrüfatlarda ilk günlərdə 371 hektar sahənin arpası biçilib, 1185 ton məhsul tədarük olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 31,9 sentner təşkil edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Ülvi Əzimov məlumat verib.

Qurum rəsmisi bildirib ki, cari mövsümdə rayonda 13 min 510 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 7 min 989 hektarını buğda, 5 min 521 hektarını dən üçün arpa sahələri təşkil edir. Biçin kampaniyasına ciddi hazırlıq işləri görülüb, taxıl anbarları, xırmanlar təmir və dezinfeksiya olunub, kombayn və digər texnikalar saz vəziyyətə gətirilib. Taxıl biçininə, ümumilikdə, 34 ədəd kombayn, həmçinin lazımi qədər şum traktoru, küləşpresləyən aqreqat, yük maşını, qoşqu və digər texnika cəlb edilib.

Müxbir – Mustafa Dadaşov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью