Qaxda məşğulluq forumu

09.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi və Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Region Gənclərinin Məşğulluq Forumu keçirilib. Toplantının məqsədi region gənclərini müasir və gələcəyin tələblərinə cavab verən peşələrlə tanış etmək, eləcə də onların fərdi istedad və bacarıqlarını müəyyənləşdirərək inkişaf istiqamətlərini göstərməkdir.

Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri Hasil Abbasov bildirib ki, gənclərin məşğulluğunun təmin edilməsi, onların əmək bazarının tələblərinə uyğun bacarıqlar əldə etməsi və düzgün karyera seçiminə dəstək göstərilməsi agentliyin fəaliyyətinin əsas istiqamətlərindəndir. Bu məqsədlə müxtəlif layihələr həyata keçirilir, məşğulluq tədbirlərinin icrasında gənclərə üstünlük verilir.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev isə vurğulayıb ki, region gənclərinin məşğulluğunun artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. O qeyd edib ki, gənclərin düzgün peşə seçimi etmələri, öz potensiallarını reallaşdırmaları üçün bu kimi platformalar mühüm əhəmiyyət daşıyır.

Forum çərçivəsində gənclər üçün əmək yarmarkası təşkil olunub, müasir peşələrlə bağlı tanıtım stendləri qurulub, eləcə də region gənclərinin uğur hekayələrini əks etdirən sərgi təqdim edilib. Qonaqlar stendləri gəzərək vakansiyalarla tanış olublar, işəgötürənlər tərəfindən iş yerlərinə dair məlumatlar verilib. Əmək yarmarkasında 24 işəgötürən iştirak edib və 130-dan çox vakansiya təqdim edilib.

Forum “Gələcəyin iş yerləri və müasir peşələr: Dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi ilə davam etdirilib. Paneldə Hasil Abbasov “Əmək və məşğulluq siyasəti və gənclərin əmək bazarına keçidi”, Elvin Paşayev “Qaxda insan kapitalının inkişafı və regional məşğulluq imkanları”, Azərbaycan Dövlət İqtisad Universiteti Zaqatala filialının direktoru Raqif Qasımov “Bacarıq əsaslı kadr hazırlığı”, “Ulu Agro” MMC-nin direktoru Vüqar Xəlilov “Əmək bazarında işəgötürən perspektivi” mövzularında çıxış ediblər.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью