Qaxda regional müşavirə keçirildi

23.06.2026

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Aqrar sahənin inkişafına dair yeni Dövlət Proqramı ilə bağlı bölgələrdə məlumatlandırma sessiyaları davam etdirilir. İyunun 23-də Şəki-Zaqatala iqtisadi rayonunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı Qaxda regional müşavirə keçirilib.

Lent.az APA-ya istinadla bildirir ki, tədbir Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il 25 may tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.

Müşavirədə aidiyyəti dövlət qurumlarının nümayəndələri, Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonlarından olan fermer və sahibkarlar iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, qlobal çağırışlar və dəyişən iqtisadi şərait kənd təsərrüfatında yeni yanaşmaların tətbiqini zəruri edir. O qeyd edib ki, Azərbaycan Prezidentinin təsdiq etdiyi 2026–2030-cu illər üzrə Dövlət Proqramı aqrar sahənin potensialından daha səmərəli istifadəyə və dayanıqlı inkişafın təmininə xidmət edir. Şahmar Mövsümov vurğulayıb ki, qarşıdakı illərdə əsas diqqət məhsuldarlığın artırılmasına, müasir texnologiyaların tətbiqinə, su və torpaq resurslarının səmərəli idarə olunmasına yönələcək. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının emalı və bazara çıxış imkanlarının genişləndirilməsi fermerlərin gəlirlərinin artmasına əlavə stimul verəcək. O bildirib ki, dövlət tərəfindən yaradılmış imkanlardan səmərəli istifadə və sahibkarların təşəbbüskarlığı bu hədəflərə çatmaqda mühüm rol oynayır. Proqramın uğurlu icrasının aqrar sektorun rəqabət qabiliyyətini artırmaqla yanaşı, regionların sosial-iqtisadi inkişafına və ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcəyi qeyd olunub.

Daha sonra kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev aqrar sahənin inkişafı istiqamətində qarşıda duran əsas prioritetlər və Dövlət Proqramında nəzərdə tutulan hədəflər barədə ətraflı məlumat verib.

O bildirib ki, proqram aqrar sahədə innovativ yanaşmaların genişləndirilməsi, emal sənayesinin inkişafı, əlavə dəyər zəncirinin gücləndirilməsi və fermerlərin iqtisadi imkanlarının artırılmasına xidmət edir. Nazir müavini vurğulayıb ki, qarşıya qoyulan hədəflərə nail olmaq üçün dövlət dəstəyi mexanizmləri daha da təkmilləşdiriləcək, innovativ yanaşmalar və rəqəmsal həllərin tətbiqi genişləndiriləcək. Zaur Əliyev Dövlət Proqramının uğurlu icrasının ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, regionların sosial-iqtisadi inkişafına və aqrar sektorun yeni inkişaf mərhələsinə keçidinə mühüm töhfə verəcəyini qeyd edib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov bildirib ki, Dövlət Proqramının hədəflərinə nail olunmasında su ehtiyatlarının səmərəli idarə olunması mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, Şəki-Zaqatala iqtisadi rayonunda həyata keçirilən layihələr regionun su təminatının yaxşılaşdırılmasına, məhsuldarlığın artırılmasına və yeni əkin sahələrinin dövriyyəyə cəlb edilməsinə şərait yaradacaq. Eyni zamanda, iqlim dəyişiklikləri fonunda müasir suvarma texnologiyalarının tətbiqi, su itkilərinin azaldılması və infrastrukturun yenilənməsinin vacibliyi vurğulanıb. Agentlik tərəfindən suvarma şəbəkələrinin, hidrotexniki qurğuların və subartezian quyularının vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirildiyi bildirilib.

Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov aqrar sahədə həyata keçirilən məqsədyönlü siyasətin regionların sosial-iqtisadi inkişafına mühüm təkan verdiyini vurğulayıb. O qeyd edib ki, Dövlət Proqramı Şəki rayonunda kənd təsərrüfatının daha müasir əsaslarla inkişafı üçün geniş perspektivlər açır. Bildirilib ki, Əlicançay və Əyriçay su anbarları kimi strateji layihələrin icrası suvarma imkanlarını genişləndirərək taxılçılıq və digər sahələrdə məhsuldarlığın əhəmiyyətli dərəcədə artmasına şərait yaradacaq. Elxan Usubov qeyd edib ki, rayonda aqrar sahəyə yatırılan investisiyalar, fəaliyyət göstərən emal müəssisələri və sahibkarlıq təşəbbüsləri məşğulluğun artırılmasına və iqtisadi fəallığın güclənməsinə xidmət edir.

Müşavirədə iştirak edən fermerlər və sahibkarlar aqrar sahədə həyata keçirdikləri fəaliyyətlər, layihələr və gələcək planlar barədə məlumat veriblər. Çıxışlarda dövlətin aqrar sahəyə göstərdiyi diqqət və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür ifadə olunub. Qeyd edilib ki, tətbiq olunan dəstək mexanizmləri və infrastruktur layihələri bölgələrdə yeni imkanlar yaradaraq təsərrüfatların inkişafına, məhsuldarlığın və gəlirlərin artmasına şərait formalaşdırıb. Bildirilib ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlər aqrar istehsalın daha səmərəli təşkili, emal sənayesinin inkişafı və ixrac potensialının genişlənməsinə mühüm töhfə verəcək.

Müşavirənin yekununda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, Dövlət Proqramının uğurlu icrası üçün bütün aidiyyəti qurumlar operativ fəaliyyətə keçməli və rayonlar üzrə prioritet istiqamətlər dəqiqləşdirilməlidir. Yerli icra hakimiyyəti orqanlarının üzərinə də böyük məsuliyyətin düşdüyünü deyən Şahmar Mövsümov əlavə edib ki, hər bir rayon üzrə sosial-iqtisadi inkişaf planlarının Dövlət Proqramında müəyyən edilmiş hədəf və prioritetlərə uyğun hazırlanması və icrasının təmin edilməsi zəruridir. Qeyd olunub ki, Dövlət Proqramının icrasında dövlət və özəl sektorun koordinasiyalı fəaliyyəti, xüsusilə sahibkar və fermerlərin fəallığı həlledici əhəmiyyət daşıyır. Şahmar Mövsümov vurğulayıb ki, Dövlət Proqramından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi müəyyən edilmiş hədəflərə nail olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью