Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dekabrın 5-i və 6-sı Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda ikinci beynəlxalq konfransı keçiriləcək.
APA xəbər verir ki, konfransdan əvvəl tədbir, burada müzakirə olunacaq mövzular barədə medianın suallarının cavablandırılması məqsədilə Qərbi Azərbaycan İcmasında mətbuat konfransı keçirilib.
Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərov icmanın fəaliyyət prinsiplərindən bəhs edərək bildirib ki, konfransın təşkili Qərbi Azərbaycana qayıdış məsələsini dünya ictimaiyyətinin nəzərinə çatdırmaq baxımından çox əhəmiyyətlidir: “İki yüz il boyunca müxtəlif vaxtlarda soydaşlarımız etnik təmizləmələrə, soyqırımlara, deportasiyalara məruz qalıblar.
Son deportasiya isə 1987-1991-ci illərdə ermənilər tərəfindən həyata keçirilib.
Min illər boyu Qərbi Azərbaycanda məskunlaşan soydaşlarımız ata-baba yurdlarından qovulublar.
Çox sevinirik ki, Qarabağ zəfərindən sonra tarixi torpaqlarımız uğrunda mübarizə aparmaq ön plana çəkildi.
İlk dəfə olaraq Qərbi Azərbaycan məsələsini dünyaya çıxara bildik.