Qaz limiti ləğv edilir? AÇIQLAMA KONKRET

13.11.2026

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Azərbaycanda aqrar bölgələrdə kommunal tariflərin azaldılması və enerji istehlakı limitləri müəyyənləşdirilərkən iqlim fərqlərinin nəzərə alınması təklif edilib. Deputat Zahid Oruc isə çıxışında bildirib ki, Qusar, Quba, Gədəbəy, Daşkəsən, Lerik, Yardımlı, Şahbuz, Kəlbəcərdə yeddi-səkkiz aya qədər istiliyə ehtiyacı olan ailə ilə mülayim iqlimdə yaşayan ev təsərrüfatlarının enerji tələbatını eyni limitlə ölçmək sosial bərabərsizlik yaradır. Buna görə də bölgələrdə kommunal tarifləri azaltmağı təklif edib. 

Bəs Azərbaycanda qaz limiti ümumiyyətlə tamamilə ləğv edilə bilərmi?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisad elmləri doktoru, professor, Milli Məclisin dörd çağırış deputatı Rüfət Quliyevin sözlərinə görə, rayonlarda suyun, işığın, qazın limitinə müəyyən qədər güzəştli mexanizm tətbiq olunmalıdır:

“Mən özüm millət vəkili olanda da bu barədə dəfələrlə çıxış etmişəm. Məşhur Çin alimi, professoru dahi Konfutsinin sözlərini misal gətirmək istəyirəm. Belə ki, çayın kənarında insanlar yaşayırdı. Konfutsinin şagirdləri deyirlər ki, onlar üçün balıq tutaq verək ki, acından ölməsinlər. Cavabında isə deyib ki, balıq verməkdənsə, onlara tilov düzəldin və balıq tutmağı öyrədin, yəni problemi kökündən həll edin. İndi bu nöqteyi nəzərdən çıxış etmişəm ki, daha rahat, yaxşı olardı ki, sahibkarlıq fəaliyyəti üçün problemli şəraiti olan bu zonalarda sahibkarlıq fəaliyyətinə başlayanlar üçün müəyyən güzəştlər verilsin. Məsələn, işıq, qaz, su, vergidə güzəştlər olsun ki, mikro, orta, kiçik sahibkarlıq sıçrayış formasında inkişaf etsin. Həmin rayonlar üçün daha da güzəştli kreditlər olsun və insanlar sahibkarlıq fəaliyyətini artırmağa başlasınlar. Bunun nəticəsində bir çox insanlar sahibkarlıq fəaliyyətinin nəticəsində işlə təmin olunacaq, yüksək qazanc əldə edə biləcəklər. Bununla da həmin evlər, təsərrüfatlar üçün olan limiti qarşılaya biləcəklər”.

R.Quliyev qeyd edib ki, həmişə belə regionlarla mərkəzi regionların arasında istər-istəməz fərq mövcuddur: “Böyük şəhərlərdə eləcə də Bakı, Sumqayıt, Gəncə, Mingəçevirdə sahibkarlıq fəaliyyəti müəyyən qədər asandır, insanların alıcılıq qabiliyyəti var, şərait də sahibkarlıq üçün uyğundur. Amma qaz, işıq, su, vergi limitlərində güzəştlər tətbiq edilməlidir. Belə üsullarla canlandırma, sıçrayışlı inkişaf, işlə təmin etmək və təbii ki, rayonlarda alıcılıq qabiliyyətini artırmaq lazımdır. Bu açar kimi bu problemi həll edə bilər. Ona görə evlərdə bu limitlər azalsa, daha rahat olsa, bu, sadəcə insanların həyat tərzinə bir tərəfdən təsir göstərəcək. Amma biz onlara şərait yaratsaq, daha çox qazansalar, maliyyə vəziyyəti daha yüksək olarsa, rahatlıqla bu xərcləri qarşılayacaqlar və ödəyəcəklər. Ümumiyyətlə strateji fikirlərimiz var, ancaq pandemiya imkan vermədi. Düşüncəmiz mikro, kiçik və orta sahibkarlığın ümumdaxili məhsulda payını 50 faizdən yuxarı qaldırmaq idi. Bu nəhəng bir rəqəmdir. Bu günlər ən inkişaf etmiş ölkələrdə o cümlədən Yaponiya, Avropa, ABŞ-da kiçik, orta sahibkarlığın payı ümumdaxili məhsulda 60-65 faizi keçib. İspaniyada 70 faizdir. Bu, onu göstərir ki, həm sosial məsələ – işsizlik həll olunur, həm də insanların maddi durumu daha da yaxşılaşır. Dövlət üçün də vergini yığmaq daha rahat olur. Amerikalı iqtisadçı Artur Lafferin “Laffer əyrisi” adlı nəzəriyyəsi var. Orada göstərilib ki, nə qədər vergi ödəyicisi çox olarsa, bir o qədər də daha çox büdcəyə vəsait yığılacaq. Yüzlərlə belə nəzəriyyələr var. Praktikadan keçənlər də var. Fikir verin, bu nəzəriyyələrin, fikirlərin əsas məğzi iqtisadiyyatı inkişaf etdirmək, daha çox şaxələndirmək, yüksəlişə təkan verməkdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью