Qaz limitləri ilə bağlı VACİB TƏKLİF

23.10.2026

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin iclasında “Aqrar sahə haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Moderator.az-ın məlumatına görə, komitə sədri Zahid Oruc iclasda çıxış edərək mühüm məsələlərə toxunub.

Deputat deyib ki, “Aqrar sahə haqqında” yeni qanun layihəsi ölkəmizdə məşğul əhalinin 35,4 faizinin, yəni 1 milyon 782 min nəfərinin çalışdığı kənd təsərrüfatının ÜDM-də cəmi 5,9 faizlik payının artırılmasına və Qələbəmizdən sonra münbit torpaqların dövriyyəyə qaytarılmasına xidmət edən hüquqi sənəddir:

“Layinənin adını beynəlxalq müqayisədə qiymətləndirdikdə, Almaniyada “Landwirtschaftsgesetz”, Böyük Britaniyada “Agriculture Act” şəklində qəbul olunub. Qazaxıstan kənd təsərrüfatının inkişafını yerli ərazilərin sosial-iqtisadi inkişafı ilə eyni qanunda birləşdirib. Onda nə üçün respublikamızda aqrar təsərrüfata kəndin özündən ayrı baxırıq?

Prezident İlham Əliyev 25 may 2026-cı ildə kənd təsərrüfatına həsr edilən müşavirədə istehsal dinamikasının zəifliyi, aqrar sahədə durğunluq və şəhərlərdən kəndlərə qayıdışı yeni dövlət siyasəti kimi müəyyənləşdirdi.

Məlumdur ki, ölkəmiz buğdaya tələbatının 55 faizini, bitki yağlarında 52, kərə yağında isə cəmi 62 faizini özü təmin edir. Azərbaycanın ümumi torpaq fondu 8,64 milyon hektardır. Bunun 4,8 milyon hektara yaxını kənd təsərrüfatına yararlıdır, əkin sahələri isə 1,8 milyon hektar səviyyəsindədir. Davamlı dövlət dəstəyinə, əlverişli coğrafiyaya, zəngin aqrar ənənələrə baxmayaraq, torpağımızın real istehsal gücündən tam istifadə edə bilmirik.

Suallara cavab ötən əsrin 70-ci illərindədir. Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərliyə başlayanda kənd təsərrüfatında aşağı məhsuldarlıq, böyük təşkilati və infrastruktur problemləri mövcud idi. Qısa vaxtda elmi seleksiya, suvarma sistemlərinin genişləndirilməsi, texnikanın yenilənməsi, yerli emal sənayesi, ixtisaslaşma və kəndlərdə məşğulluq vahid dövlət siyasətinə çevrildi. On minlərlə Əmək qəhrəmanı, keçici Qırmızı bayraqlar və ağ qızıl ifadəsi məhz o dövrdə yarandı. 1969–1982-ci illərdə kənd təsərrüfatı istehsalının ümumi həcmi 2,7 dəfə artmışdı. Ulu Öndər 1993-cü ildə ölkəmizi xilas edəndən və prezident seçiləndən cəmi 4 ay sonra 4 mart tarixində ağır şəraitdə respublika müşavirəsini keçirmişdi, keçmiş sovet məkanında ilk dəfə məhz Azərbaycanda torpaq islahatlarını həyata keçirmişdi”.

Zahid Oruc əlavə edib ki, indi kənd təsərrüfatının əsas problemi kiçik sahələrdə mexanikləşdirmə xərclərinin artması, irriqasiya sistemlərinin qurulmasının çətinliyi və fermerlərin suvarma suyuna əlçatanlığı, texnika və aqronom xidmətlərindən səmərəli istifadə imkanlarının zəifliyidir:

“Fermerlər məhsullarını təkbaşına bazara çıxarmaqda çətinlik çəkir, böyük ticarət şəbəkələri qaydaları diktə edir. Təklif edirik ki, subsidiya və dövlət dəstəyi mexanizmlərinin nəticəliliyi hektardan alınan məhsul, təsərrüfatın gəliri, yaradılan iş yeri, su sərfi və idxal asılılığının azalması kimi göstəricilərlə birgə qiymətləndirilsin.

Mövcud qanunvericiliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla bir sıra əsas vergilərdən azaddırlar. Lakin sərhəd, dağlıq və iqtisadi cəhətdən zəif inkişaf edən kəndlərdə yerli xammaldan istifadə edən yeni kiçik emal müəssisələri üçün konkret məşğulluq və investisiya öhdəlikləri ilə bağlı sıfır vergi rejiminin tətbiqi faydalı olar.

Qanun kəndə dönüşü təmin etməlidir. Ölkəmizdə 4 244 kənd var. Lakin bölgələrdə əhali azaldıqca məktəblərdə şagird və müəllim sayı da aşağı düşür, tibb məntəqəsinin saxlanılması zərurəti də azalır, poçt və bank xidməti “qeyri-rentabelli” sayılır. Dövlət xidmətlərinin yoxluğu inzibati vahid kimi kəndin tamamilə silinməsinə, nəticədə daxili miqrasiyaya, paytaxtda əmək və mənzil bazarına artan tələbata səbəb olur.

Üstəlik, Azərbaycanın iqlim xəritəsi eyni deyil. Bakı və Abşeronda orta illik temperaturla yüksək dağ və sərhəd rayonlarında qış mövsümü eyni uzunluqda və sərtlikdə davam etmir. Qusar, Quba, Gədəbəy, Daşkəsən, Lerik, Yardımlı, Şahbuz, Kəlbəcərdə yeddi-səkkiz aya qədər istiliyə ehtiyacı olan ailə ilə mülayim iqlimdə yaşayan ev təsərrüfatlarının enerji tələbatını eyni limitlə ölçmək sosial bərabərsizlik yaradır. Hazırkı qaz tariflərində illik istehlakın ilk 1200 kubmetri üçün 12,5 qəpik, 1200–2500 kubmetr hissəsi üçün 22 qəpik, 2500 kubmetrdən yuxarı hissəsi üçün 30 qəpik tarif tətbiq olunur. Elektrik enerjisi tarifi də ölkə üzrə eynidir, halbuki iqlim şəraiti fərqlidir. Ona görə də aqrar bölgələrdə kommunal tarifləri azaltmağı təklif edirik.

Aqrar sahədə hər dəfə idarəetmə strukturu dəyişəndə, yeni qurum yaradılanda və ya subsidiya qaydaları yenilənəndə hüquqi mexanizmlər də dəyişir”.

Komitə sədri vurğulayıb ki, dövlət siyasətinin davamlılığı nazirin və ya qurum rəhbərinin fəaliyyət müddətindən asılı olmamalıdır:

“Yekunda “Aqrar sahə haqqında” qanun layihəsinə bir neçə ildən sonra qiymət verəndə yalnız neçə subsidiya qərarının qəbul olunduğu, hansı elektron xidmətin yaradıldığı və müxtəlif tədbirin keçirildiyi ilə yanaşı, kəndçinin nə qədər qazandığını, torpaqdan nə qədər məhsul götürdüyünü, kənddə neçə yeni müəssisənin açıldığını, neçə ailənin doğma yurdunda qalmağa qərar verdiyi ilə müəyyənləşdirməliyik. Əgər 2020-ci ildə biz torpaqlarımızı azad etdiksə, indi həmin torpaqları becərməklə Qələbəmizi ərzaq suverenliyinə çevirməliyik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью