Icma.az, Konkret.az saytına istinadən bildirir.
Kommunal xidmətlər üzrə borcların artdığı bir dövrdə vətəndaşları düşündürən əsas suallardan biri də bu öhdəliklərin gələcəkdə bir-biri ilə “bağlanıb-bağlanmayacağıdır”. İşıq borcu olan abonentin qazının kəsilməsi və ya su ödənişində gecikməyə görə digər xidmətlərin məhdudlaşdırılması kimi hallar real ola bilərmi?
Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, hazırkı qanunvericilik buna imkan vermir və belə bir yanaşma hüquqa ziddir.
Ekspertin sözlərinə görə, Azərbaycanda kommunal xidmətlər – elektrik enerjisi, qaz və su təchizatı ayrı-ayrı qurumlar tərəfindən həyata keçirilir:
“Baxmayaraq ki, bu şirkətlər dövlət sektorunda fəaliyyət göstərir, hər biri müstəqil qurumdur. Onların balansı bir-birindən ayrıdır və hər biri yalnız öz xidmətinə görə məsuliyyət daşıyır. Buna görə də bir quruma olan borca görə digərinin xidməti dayandırması doğru deyil və Konstitusiya hüquqlarına ziddir. Əgər vətəndaş qaz xidmətinə görə ödəniş edibsə, onun işıq və ya su borcuna görə qazın kəsilməsi birmənalı şəkildə qanunsuzdur.”
İqtisadçı bəzi yeni inşa edilmiş yaşayış massivlərində və MTK-lar tərəfindən belə halların müşahidə olunduğunu da qeyd edib:
“Təəssüf ki, bəzən MTK-lar kommunal borcu olan sakinlərə qarşı qeyri-qanuni metodlardan istifadə edərək su, qaz və işığı eyni vaxtda dayandırırlar. Amma bu hallar dövlət sektoruna – “Azəriqaz”, “Azərişıq”, “Azərsu” kimi qurumların fəaliyyətinə aid deyil.”
Onun sözlərinə görə, bu kimi hallar hüquqi mübahisə predmeti ola bilər və vətəndaşlar məhkəməyə müraciət edərək öz hüquqlarını bərpa edə bilərlər:
“Hər bir qurum – qaz üzrə “Azəriqaz”, elektrik enerjisi üzrə müvafiq təchizatçı, su üzrə isə “Azərsu” yalnız öz sahəsinə görə cavabdehdir. Birinin borcu digərinə əsas ola bilməz.”
Beləliklə, mövcud qanunvericiliyə əsasən kommunal borcların bir-birinə “bağlanması” və bir xidmət üzrə borca görə digər xidmətin məhdudlaşdırılması mümkün deyil və hüquqa zidd hesab olunur.
Aynurə İsmayıl
KONKRET.az