Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Qazax rayonunun “Təzə məhəllə” adlanan ərazisinin sakinləri 103-ə zəng etdikdə Ağstafa rayonuna yönləndirildiklərini, oradan isə yaşadıqları əraziyə xidmət göstərilmədiyi və başqa nömrəyə zəng etmələrinin istənildiyini bildiriblər. Üstəlik, təqdim olunan nömrə şəhər telefonuna aid olduğundan zəng etmək üçün balansda vəsait olmalıdır.
TƏBİB-dən "Bakupost"un sorğusuna cavab olaraq bildirildi ki,103 xidmətinə edilən zənglərin aidiyyəti rayon əvəzinə qonşu rayonun dispetçer xidmətinə yönləndirilməsi ilə bağlı paylaşım Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən araşdırılıb.
Qeyd olunan və analoji halların qarşısının alınması, eləcə də vətəndaş müraciətlərinin operativ qəbulunun təmin edilməsi məqsədilə regionlar üzrə müvafiq bölmələrin dispetçerlərinə tapşırıqlar verilib.
Tapşırığa əsasən zəng aidiyyəti olmayan rayonun 103 xidmətinə daxil olsa belə, dispetçer müraciəti qəbul etməli, zəruri məlumatları qeydə almalı və çağırışın müvafiq bölmə üzrə yönləndirilməsini təmin etməlidir.
Hər bir vətəndaş üçün əlçatan olmaq və müraciətlərə operativ reaksiya vermək bizim əsas vəzifələrimizdəndir.