Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Qazaxıstanın Daxili İşlər Nazirliyi (DİN) transmilli mütəşəkkil cinayətkar qruplaşmanın üzvlərini saxlayıb.
XQ xəbər verir ki, bu barədə Qazaxıstan mediası ölkə DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Departamentinin nümayəndəsi Kuandık Alpısa istinadən məlumat yayıb. Bildirilib ki, cinayətkar şəbəkənin ifşası İstanbulda Qazaxıstan vətəndaşının odlu silahla qətlə yetirilməsi hadisəsindən sonra başlayıb. Qazaxıstan, Gürcüstan və Türkiyə hüquq-mühafizə orqanlarının birgə əməkdaşlığı nəticəsində qətlin icraçısı olan iki nəfər saxlanılıb. İstintaq zamanı qətlin motivi, eləcə də beynəlxalq axtarışda olan təşkilatçı və sifarişçilər müəyyən edilib. Əldə olunan məlumatlar transmilli qruplaşmanın Qazaxıstan ərazisində törətdiyi digər ağır cinayətlərin də üstünün açılmasına imkan verib.
Bu çərçivədə Almatıda 2025-ci ilin avqust ayında bir şəhər sakininə qarşı sui-qəsd cəhdi törədən killerlərdən biri ələ keçirilib və həmin fakt üzrə cinayət işi artıq məhkəməyə göndərilib. DİN rəsmisinin sözlərinə görə, Gürcüstan və Türkiyə polisləri ilə birgə keçirilən mərhələli xüsusi əməliyyat nəticəsində Almatı şəhərində silah tətbiq etməklə bir neçə quldurluq hücumunda iştirak edən kriminal strukturun digər üzvləri də saxlanılaraq istintaqa cəlb olunublar.