Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qazaxıstan 2030-cu ilə qədər mineral gübrə istehsalını illik 4 milyon tona çatdırmağı planlaşdırır. Bu, 2025-ci ildəki istehsal həcmi ilə müqayisədə təxminən 5 dəfə artım deməkdir.
Marja.az xəbər verir ki, bu barədə Qazaxıstanın sənaye və tikinti naziri Yersayın Nağaspayev parlamentdə hökumətin fəaliyyətinin müzakirə olunduğu iclasda bildirib.
Nazirin sözlərinə görə, istehsalın artırılmasında əsas məqsəd ölkənin mineral gübrəyə olan daxili tələbatını tamamilə yerli istehsal hesabına ödəməkdir.
“2030-cu ilə qədər istehsal həcminin 4 milyon tona çatdırılması planlaşdırılır. Bununla da daxili bazarın tələbatını tamamilə yerli məhsullarla təmin etmək mümkün olacaq”, – deyə nazir bildirib.
Nağaspayev qeyd edib ki, istehsalın genişləndirilməsi məqsədilə yeni gübrə növlərinin istehsalına başlanılması nəzərdə tutulur. Bu çərçivədə xüsusilə karbamid (sidik cövhəri) və kalium xlorid istehsalına diqqət yetiriləcək.
Nazirin təqdim etdiyi məlumatlara əsasən, hazırda Qazaxıstanın daxili bazarında mineral gübrəyə olan tələbatın yalnız yarısı yerli istehsal hesabına qarşılanır.
Qeyd edək ki, 2025-ci ildə Qazaxıstanda 810 min ton mineral gübrə istehsal edilib. Hökumətin 2030-cu il üçün müəyyənləşdirdiyi hədəf bu göstəricinin təxminən 4,94 dəfə artırılmasını nəzərdə tutur.