Qazaxıstan və Çin Çimkənd neft emalı zavodunun istehsal gücünü artırmaq niyyətindədir

03.02.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Astana, 3 fevral, AZƏRTAC

Qazaxıstan Respublikası Energetika Nazirliyinin nümayəndə heyəti Çinin Çinqdao şəhərində Çimkənd Neft Emalı Zavodunun gücünün ildə 12 milyon tona qədər artırılması layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına həsr olunmuş strateji görüşdə iştirak edib.

AZƏRTAC Qazaxıstan Respublikası Energetika Nazirliyinə istinadla xəbər verir ki, tərəflər layihənin əsas parametrlərini təsdiqləyiblər. Şərqi Çin Dizayn İnstitutu təsdiq edilmiş texniki şərtlərə uyğun olaraq işə başlamağa hazır olduğunu təsdiqləyib.

Danışıqların əsas nəticəsi yeni gücün mövcud qurğularla tam inteqrasiyası ilə “6+6” sxemi (hər biri 6 milyon ton olan iki texnoloji xətt) əsasında neft emalı zavodunun genişlənmə konfiqurasiyasının təsdiqlənməsi olub.

Görüşdən sonra layihənin aktiv texniki inkişaf mərhələsinə keçidini qeyd edən protokollar imzalanıb.

Ümumilikdə, Qazaxıstan üç neft emalı zavodunun genişləndirilməsi çərçivəsində neft emalı gücünü ildə 18 milyon tondan 39 milyon tona qədər artırmağı planlaşdırır.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью