Qazaxıstanda Astana adını daşıyan 26 nəfər var

06.07.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Astana, 6 iyul, AZƏRTAC

Bu gün Paytaxt Gününü qeyd edən Qazaxıstanda, ölkənin əsas şəhəri haqqında maraqlı statistik və demoqrafik məlumatlar dərc edilib.

AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, bu il iyunun 1-nə olan məlumata görə, Astananın əhalisi 1674699 nəfərə çatıb, respublikada isə 26 qazaxıstanlı Astana adını daşıyır.

Statistikaya görə, paytaxt sakinlərinin orta yaşı cəmi 30,9 il təşkil edir, gözlənilən ömür uzunluğu isə 78,8 ildir. Şəhərdə 18 yaşdan kiçik 545 min uşaq yaşayır. Astana, həmçinin Qazaxıstanın ən böyük biznes mərkəzlərindən biri kimi statusunu təsdiqləyir: burada 274 mindən çox kiçik və orta sahibkarlıq subyekti qeydiyyatdan keçib, 18500 şirkəti olan tikinti sənayesi isə bütün ölkədə liderlik edir.

Astananın mədəni və turizm infrastrukturuna 31 teatr, 5 muzey, 35 kitabxana və 24 park daxildir. Şəhərdə altı beşulduzlu otel var və onlar təkcə bu ilin birinci rübündə təxminən 68 min xarici qonağı qəbul edib. Paytaxt Günü ənənəvi olaraq iyulun 6-da qeyd edilir və genişmiqyaslı bayram tədbirləri ilə müşayiət olunur.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью